“Sonsuz Dəhliz” filmi Böyük Britaniya Parlamentində - FOTOLAR
Bizi izləyin

Nida.az

“Sonsuz Dəhliz” filmi Böyük Britaniya Parlamentində - FOTOLAR

Böyük Britaniya Parlamentinin “Boothroyd Portcullis House” adlı binasında kinematoqrafiya sahəsində dünyanın nüfuzlu mükafatlarına layiq görülmüş ABŞ və Litvanın birgə istehsalı olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) müstəqil sənədli filmin premyerası keçirilib.

Publika.az xəbər verir ki, Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun (APPG) sədri, millət vəkili Bob Bləkmən, qrupun üzvü Baronessa O’Kateynin və Lord Hovardın iştirakı ilə keçirilən tədbir 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunub. Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Xocalıya Ədalət !” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib.

Böyük Britaniya parlamentinin 110 üzvü, media mənsubları, xeyriyyəçilər, Azərbaycan diasporasının fəalları, Azərbaycanın dostları və kinosevərlər qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu tədbiri təşkil etdiyimiz üçün qürur hissi duyuruq. Bu kampaniya çərçivəsində “Sonsuz Dəhliz” filminin təqdimatı və 100-dən artıq ölkədə Xocalıya həsr edilmiş xatirə tədbirləri keçirilib. L.Zetterin sözlərinə görə, Xocalı Dağlıq Qarabağ münaqişəsini simvolizə edir. Ona görə ki, Xocalıda qadın, uşaq və qocaların mütəşəkkil qırğını baş verib: “Xocalı hadisələri yaddaşlarda yaşayır. Filmin ötən il keçirilən nümayişi zamanı mən, Xocalı sakini Valeh Hüseynovla görüşmək şərəfinə nail oldum. Onun keçdiyi yol, həyat yoldaşının güllələnməsi haqqında verdiyi ağrılı ifadələri filmdə səsləndirilmişdir. Ona qəddarcasına işgəncə verilmiş, lakin, bu günə qədər sağ qala bilmişdir”.

Münaqişənin həlli prosesinə toxunan Lionel Zetter tədbir iştirakçılarına məlumat verib ki, hazırda Dağlıq Qarabağ və Azərbaycanın yeddi rayonu hələ də Ermənistanın işğalı altında qalmaqda davam edir: “Bu da BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin birbaşa pozuntusu deməkdir. Bu status-kvo nə Azərbaycan, nə də dünyanın hər hansı bir ölkəsi üçün qəbuledilən deyil. Ümid edirəm ki, bugünkü film nümayişi həmin müdhiş gecədə faciəvi şəkildə həlak olanların bir xatirə abidəsi olacaq və siz sağ qalmış azərbaycanlıların dərdinə şərik çıxacaqsınız”.

Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkmən “Sonsuz Dəhliz” filmində ürək yandıran görüntülər var və bunlar danılmazdır. Qırğının baş verdiyinə şübhə yoxdur” - deyə tədbir iştirakçılarına xitabən deyib. B.Bləkmanın sözlərinə görə, ən böyük faciə ondadır ki, öz doğma torpaqlarında dinc yaşamaq istəyənlərə qarşı törədilmiş müharibə və insanlığa qarşı cinayətlərə görə heç kəs məsuliyyətə cəlb edilməyib: “Bu həftə mən, parlamentdə Xocalı qurbanlarını anmaq və müzakirələr keçirmək üçün müvafiq təklifllə çıxış edəcəyəm. Hər dəfə Azərbaycana səfər edəndə bir sual meydana gəlir – Ermənistanın işğalçılıq siyasətinə qarşı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir tərəqqiyə nail olunmayıb. Görəsən nəyə görə dünyanın bu hissəsi unudulub ? Fikrimcə, bu filmi mümkün qədər çox insan – xüsusilə siyasətçilər görməlidir. Mən parlament üzvlərinin faciə haqqında məlumatlandırılmasını təmin etmək üçün əlimdən gələni edəcəyəm”, - deyə, millət vəkili vurğulayıb.

“Sonsuz Dəhliz” dəhliz filminin rejissoru Aleksandras Brokas təəssüflə bildirib ki, hər dəfə dünyanın müxtəlif şəhərlərində bu filmə baxarkən orada göstərilən insanların təqribən 50 faizinin vəfatı etməsi haqqında aldığım xəbərlər məni çox kədərləndirir. Travma nəticəsində danışmaq qabiliyyətini itirmiş gənc Günay filmin çəkilişlərindən iki həftə sonra vəfat edib. Ən vacib aspekt ondadır ki, filmdə çəkilmiş insanlar indi bilirlər ki, onlar öz ağrı və kədərləri ilə tənha deyillər. Biz günahsız insanların nələrə məruz qaldıqlarını göstərmək məqsədini qarşıya qoymuşduq.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə münaqişə haqqında ətraflı məlumat almaq istəyənlər üçün əhəmiyyətli ekran əsəri olduğunu bildirib.

Sonra “Sonsuz dəhliz” filmi nümayiş etdirilib. Nümayişdən sonra filmin prodüseri Aleksandras Brokas iştirakçıların suallarını cavablandırıb.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra, “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin“Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm