Ukraynalı pilot: “Xocalıda gördüklərimi məhkəmədə danışmağa hazıram" - FOTO
Bizi izləyin

Nida.az

Ukraynalı pilot: “Xocalıda gördüklərimi məhkəmədə danışmağa hazıram" - FOTO

Xocalı qətliamının ilk şahidi, jurnalistləri helikopterlə vəhşiliyin törədildiyi yerə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin iştirakı ilə Bakıda mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəvəti ilə Azərbaycana gələn L.Markoviç mətbuat konfransında çıxış edərək bildirib ki, 1989-92-ci illərdə Gəncədə SSRİ qoşunları tərkibində hərbi xidmətdə olub: “Gəncə aeroportu Dağlıq Qarabağa yaxın aeroport idi. Mən helikopter komandiri idim. 1991-ci ilin dekabrında dinc əhalini Dağlıq Qarabağ ərazisindən müharibə olmayan ərazilərə daşıyırdım. 1992-ci ilin fevralın 27-də Gəncəyə qayıdanda Xocalının şərqində 2 km məsafədə dağın ətəyində qar üzərində rəngli paltarlı dinc əhali gördüm. 500 metr məsafəyə endim və gördüm ki, ermənilər yaralı olan insanları güllələyirlər. Ermənilər Azərbaycan vertolyotunu görəndə atəş açmağa başladılar. Gəncəyə gəlib hadisə barədə Azərbaycan rəhbərliyinə məruzə etdim. O zamankı prezident Ayaz Mütəllibovun köməkçisi Gəncəyə gəlib dedi ki, siz hadisə baş verən ərazini tanıyırsınız, jurnalistləri həmin yerə çəkiliş üçün aparın. Həmin əraziyə apardığım jurnalistlər arasında Çingiz Mustafayev də var idi. O zaman Çingizə çox böyük inam vardı. İnanırdılar ki, o, doğru məlumat ötürəcək. Çəkiliş üçün cəmi 5 dəqiqə vaxt var idi. Biz havada 5 dəqiqə uçuş etməli idik. Çünki ermənilər bizi görürdülər və atəş aça bilərdilər. Həmin çəkiliş sayəsində dünya ictimaiyyəti bu qətliam haqda məlumat əldə etdi. Jurnalistlər ümumilikdə 10-15 dəqiqə çəkiliş apara bildi. Jurnalistləri aşağı endirdik. Helikopter hazır vəziyyətdə dayanmışdı ki, ermənilər gələndə dərhal həmin ərazini tərk edək. Heyət aşağı enəndə bir neçə dəqiqə şok yaşadı. Jurnalistlər 2-3 dəqiqə ərzində çəkiliş edə bilmədilər. Çünki insan əsəbləri olanlara tab gətirmirdi. Meyitlər bir-birindən 200 metr aralı düşmüşdü. Göydən aydın görünürdü, ancaq jurnalistlər üçün onları çəkmək çətin idi. Hətta ekipajda olan bir polis kapitanı meyitlər içərisində öz oğlunu tapdı. Başı dağılmış uşağını qucağına alıb helikopterə gətirdi. Həmin an biz göyə qalxmağa başlayırdıq. Öz övladını helikopterə qoydu, əlləri boşaldı. Deyəsən, ağlını itirmişdi”.

Pilot onu da qeyd edib ki, o, Xocalı soyqırımı haqda beynəlxalq məhkəmə olarsa, şahid qismində çıxış edəcək: "Mən olanları, Xocalıda gördüklərimi danışmağa hazıram".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm