Rusiya İrəvanı niyə silahlandırır? - Moskvanın Ankara PLANI
Bizi izləyin

Nida.az

Rusiya İrəvanı niyə silahlandırır? - Moskvanın Ankara PLANI

Azərbaycan Rusiyaya nota verdi. Hazırki geosiyasi situasiyada bu diqqət çəkən məqamdır. Əgər müttəfiqimiz Türkiyə Rusiya ilə burun-buruna mübarizə aparırsa, Bakının Moskvaya nota verməsi siyasi proseslərin hara getdiyinə dair müxtəlif fikirlərə yol açır. Amma Azərbaycan bu məsələdə haqlıdır. Söhbət Rusiyanın Ermənistana verdiyi silahların işğal olunmuş ərazilərdə istifadə edilmə ehtimalına etirazdır.

“Ermənistanın Azərbaycan ərazilərini işğalının davam etməsi və işğal edilmiş ərazilərdə öz hərbi mövcudluğunu möhkəmləndirməsi şəraitində Ermənistana xüsusilə hücum xarakterli silah və hərbi texnikanın verilməsi münaqişənin həllinə xidmət etmir, əksinə Azərbaycan ərazilərinin işğalının davam etməsinə və gərginliyin artmasına rəvac verir”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Rusiya Ermənistana 200 milyon kredit anlaşması çərçivəsində “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “İgla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odpüskürənləri, “9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanları, Draqunov snayper tüfəngi, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri verir.

Rusiyanın Ermənistanı silahlandırması ilk dəfə deyil. Lakin ötən il İrəvanda başlanan etiraz aksiyalarından sonra Moskvanın “sakitləşdirici addım” kimi Ermənistanla imzaladığı 200 milyon kredit müqaviləsinin niyə məhz indi həyata keçirildiyi açıq suallar yaradır.

- Türkiyə-Rusiya gərginliyi fonunda Ankara Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün əlindən gələni edəcəyini bəyan etdi. Hətta bunun üçün Qarabağda anti-terror əməliyyatlarının keçirilməsi məsələsi önə sürülür.

- Rusiya buna cavab olaraq Ermənistanda silahlandırmanı gücləndirdi. Daha sonra Türkiyə-Ermənistan sərhədinə hərbi texnika topladığı haqda xəbərlər yayıldı.

- Hazırda Dağlıq Qarabağda gərginliyin hər an müharibəyə çevrilə biləcəyi şəraiti hökm sürür.

Bu baxımdan, Rusiyanın ötən il imzaladığı müqaviləni indi gerçəkləşdirməsi bunu hazırki siyasi situasiya ilə əlaqələndirməyə imkan verir.

Keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin direktor müavini Arzu Nağıyev Publika.az-a açıqlamasında bunu Rusiyanın Türkiyəyə qarşı güc nümayişi olaraq qiymətləndirir: “Düşünürəm ki, Rusiyanın bu addımı daha çox taktiki bir manevr xarakteri daşıyır və onun regionda nüfuz davası aparmaq istəyindən irəli gələn hərəkətdir. Rusiya-Türkiyə münaqişəsinin belə bir gərgin vaxtında bu addımın atılması isə sadəcə olaraq güc nümayişinin əlamətidir”.

Onun sözlərinə görə, Rusiyanın bu addımı həm də özünün forpostu olan Ermənistana, daha doğrusu Sarkisyana dəstək nümayiş etdirməsindən də irəli gəlir.

“Birmənalı şəkildə aydındır ki, iqtisadi cəhətdən tənəzzülə uğrayan Rusiya bu gün Ermənistana 200 milyon dollar kredit vermək iqtidarında deyil. Heç Ermənistan da bu krediti 2018-ci ildə qaytara bilməz. Məlumdur ki, Ermənistan iqtisadiyyatının 90 faizinə Rusiya nəzarət edir. Belə çıxır ki, əsas məqsəd Rusiyanın Ermənistandakı 102 saylı motoatıcı briqadasının və “İrabuni” aeroportu yaxınlığındakı qırıcı təyyarələrinə müxtəlif hissələr gətirməklə silahlarının artırılması və ya leqallaşdırılmasıdır. Təbii ki, silahlar Rusiyadan alınmalıdırsa, bu artıq məqsədi tam aydınlaşdıdır”, - deyə ekspert diqqətə çatdırıb.

A. Nağıyev silahların hansı yolla Ermənistana gətirilməsinin də vacib məsələ olduğunu bildirib: “Gürcüstan öz ərazisindən buna icazə verməyəcək. İlkin marşrut Rusiya-Qazaxıstan-İran-Ermənistan yolu seçilib. Məhz bu və digər məsələlərlə bağlı Rusiya Müdafiə naziri Sergey Şoyqu İranda oldu. Tam əminliklə demək olar ki, bu silahlar tək Ermənistan üçün deyil, Rusiyanın özü üçün nəzərdə tutulur. Azərbaycanın nota verməsi isə bu silahların bir müddət sonra Dağlıq Qarabağ ərazisində peyda olacağına əminliyindən və təbii ki, münaqişənin həllinə mənfi təsir göstərəcəyindən irəli gəlir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm