İcma rəhbəri: “Ermənilər rus qoşununun hesabına baş qaldırdılar”
Bizi izləyin

Nida.az

İcma rəhbəri: “Ermənilər rus qoşununun hesabına baş qaldırdılar”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Rusiyanın Ermənistana 200 milyon dollar dəyərində silah-sursat verməsi faktına münasibət bildirib.

İcma rəhbəri Publika.az-ın sualına cavabında deyib ki, Rusiyanın bu addımı doğru deyil: “Rusiyanın bu addımına münasibətim çox pisdir. Bununla Rusiya Ermənistanla müttəfiq olduğunu bir daha bəyan edir. Onsuz da hər birimiz Rusiyanın Ermənistanla yaxın müttəfiq olduğunu yaxşı bilirik. 1992-ci ildə də ermənilər Xocalıda bu dəhşətli soyqırımı məhz rus ordusunun 366-cı alayının yaxından dəstəyi, zabit və əsgərlərinin, silah və döyüş texnikalarının iştirakı ilə törədiblər. Bu fakt təkcə bizə deyil, bütün dünyaya bəllidir. Bütün dünya bilir ki, ermənilər Xocalıda rus qoşunlarının yaxından dəstəyi ilə soyqırımı aktını törədiblər. Yoxsa, tək ermənidə cəsarət hardaydı ki, bu qədər dəhşətli soyqırımı törətsin. O vaxtı Azərbaycan əhalisinin sayı 7 milyon idi və ermənilər bizimlə normal yaşayırdı. Ermənilər hər zaman bizimlə razılaşırdı. Yəni, o vaxta qədər ermənilərin qoçuluq cəsarəti yox idi. Ermənilər sonradan, rus qoşununun hesabına baş qaldırdılar”.

B.Səfərov qeyd edib ki, Rusiya Ermənistana silah yardımını hələ də davam etdirir: “Bu gün ermənilərə silahı da ruslar verir. Bu, birinci hal deyil. Bir neçə gün əvvəl də Rusiya Ermənistana təmənnasız silah verib. Bunu da təkcə Azərbaycan deyil, bütün dünya ictimaiyyəti pisləyir. Rusiya bunu təkcə Azərbaycana qarşı etmir, Ukrayna və Gürcüstana qarşı da edir. Dünya birliyi də nədənsə bu cür ədalətsizliyə və ikili standartlara hələ də göz yumur. Özlərinə sərf edən zamansa demokratiyadan danışırlar. Dünya birliyinin ikili standartlı yanaşmasından təkcə Azərbaycan deyil, ərəb ölkələri və qardaş Türkiyə də əziyyət çəkir”.

Bayram Səfərov vurğulayıb ki, dünya birliyinin ikili standartlarla yanaşması davam etdikcə, Azərbaycanın onlardan gözlədiyi ədalətli dəstək özünü doğrultmur: “Hesab edirəm ki, bizə Ali Baş Komandan, cənab İlham Əliyevdən və Azərbaycan əsgərindən savayı heç kəs kömək olmayacaq. Bu gün Ermənistanın ordusu və silahı varsa, Azərbaycan Silahlı Qüvvələri ondan qat-qat güclüdür. Bu gün Azərbaycan ordusu çox ölkələrin ordusundan həm güclü, həm də müasirdir. Hələ ki, cənab prezidentimiz sülh istəyir, biz də prezidentimizin əmrinə tabeyik. Azərbaycan xalqı öz prezidentini dəstəkləyir və onun əmrini gözləyir. İnşallah, İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət bizi doğma torpaqlarımıza geri qaytaracaq. Möhtərəm prezidentimiz də hər zaman qeyd edir ki, Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndidə və digər işğal olunan rayonlarımızda dalğalanacaq. Azərbaycan xalqı həmin günü gözləyir. Prezidentimiz əmr edən zaman həm əsgər, həm də fəhləyik. Biz mütləq öz doğma torpaqlarımıza qayıdacağıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm