Misir Mərdanov təhsildəki problemlərdən danışdı
Bizi izləyin

Nida.az

Misir Mərdanov təhsildəki problemlərdən danışdı

Qafqaz Universitetində riyaziyyat və informatika fənlərinin tədrisi forumu keçirilib.

Publika.az xəbər verir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institututlarının, Qafqaz Universitetinin, Bakı Dövlət Universitetinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə təşkil olunub.

Forumda əksəriyyəti Bakı, Abşeron və Sumqayıt məktəblərindən olmaqla, 337 nəfər riyaziyyat və informatika müəllimi iştirak edib. İştirakçılara forumda iştirakçı sertifikatı verilib.

Universitetin rektoru, professor Ahmet Saniç bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsi bu tədris ilindən ixtisaslar üzrə forumlar təşkil edir, xarici ölkələrdən mütəxəssislər dəvət olunur.

Tədbirdə çıxış edən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov bildirib ki, Qafqaz Universitetinin təşəbbüsü ilə təşkil olunan tədbir çox əhəmiyyətlidir: “Mütəxəssislərin hazırlanmasında riyaziyyat və informatikanın rolu danılmazdır. Bu baxımdan fənlərin tədrisi çox vacibdir. Riyaziyyat və informatikanın tədrisi, mövzuların mahiyyətinin öyrədilməsinə üstünlük verilməlidir”.

Forumun işinə uğur arzulayan Mərdanov çıxışında qeyd edib ki, riyaziyyat bütün dövrlərdə lazımlıdırsa, indiki dövrdə informatikasız keçinmək mümkünsüzdür: “İnanıram ki, Qafqaz Universitetinin təşəbbüsü ilə keçirilən bu forum tədrisin inkişafına dəstək olacaq və iştirak edən hər kəs dəyərli məlumat əldə edəcək. Təbii ki, milli dəyərlərimizi qorumaqla qabaqcıl ölkələrin təcrübələrindən istifadə etməliyik. Hesab edirəm ki, tədrisin keyfiyyətli olması üçün başlıca amil kimi, biz müəllimlər səbrli olmalı və şagirdlərə özümüzü sevdirməliyik”.

Müzakirələrlə davam edən Forumun ikinci hissəsində orta məktəb müəllimlərinin qarşılaşdıqları problemlərlə bağlı suallar cavablandırılıb və tövsiyələr verilib.

Forumun işindən razı qaldıqlarını bildirən iştirakçılar forumda əldə etdikləri yeni biliklərin tədrisin keyfiyyətində mühüm rolu olacağını vurğulayıblar.

Qeyd edək ki, 2016-cı ildə bu 3-cü forumdur ki, təşkil olunur. Gələcəkdə belə forumlarda daha konkret məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm