Azərbaycanlı diplomat erməni jurnalistin cavabını verdi
Bizi izləyin

Nida.az

Azərbaycanlı diplomat erməni jurnalistin cavabını verdi

Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanovun erməni əsilli jurnalist Lukas Koussikiyanın ölkəmizlə bağlı dərc olunan qərəzli yazısına cavab verib.

Publika.az xəbər verir ki, Argentinanın nüfuzlu “İnfobae” xəbər portalında "Azərbaycan reallıqları" adı altında dərc olunan məqaləsində Rəşad Aslanov qeyd edir ki, 15 fevral tarixində “İnfobae”də dərc olunmuş məqalə erməni əsilli müəllif Lukas Koussikiyanın Azərbaycana qarşı qərəzli mövqeyinin növbəti ifadəsidir. Onun sözlərinə görə, Azərbaycan xalqı 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 24-cü ildönümü ərəfəsindədir: “Bu səbəbdən beynəlxalq ictimaiyyətin diqqətini “Xocalıya ədalət!” Beynəlxalq Kampaniyası və ölkəmizə qarşı həyata keçirdikləri hərbi təcavüzdən yayındırmaq məqsədilə məqalədə “Sumqayıt hadisələri”, “Azərbaycanda insan hüquqlarının pozulması”, “ölkəmizdə iqtisadi vəziyyətin mürəkkəb olması” ilə bağlı cəfəngiyat dolu məlumatlarla təbliğat aparılır.

1988-ci ilin 26-28 fevral tarixlərində Azərbaycanın Sumqayıt şəhərində erməni əsilli Eduard Qriqoryan adlı şəxsin xüsusi fəallıqla iştirak etdiyi iğtişaşlar nəticəsində erməni və azərbaycanlılar da daxil olmaqla 26 nəfər həlak olub. Qiyam və qətl hadisələrinin təşkilində və icra olunmasında təqsirli bilinərək həbs cəzasına məhkum edilmiş şəxslərdən biri olan həmin E.Qriqoryan hadisələrin 26 qurbanından 6-sını şəxsən özü qətlə yetirib. Daha sonra o, cəzasını çəkmək üçün Ermənistana göndərilib və orada azadlığa buraxılıb”.

Rəşad Aslanov yazır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal olunub, 1 milyondan çox azərbaycanlı etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından qovulub: “Heç kimə sirr deyil ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər Azərbaycan şəhəri Xocalını hər tərəfdən artilleriya atəşinə məruz qoyaraq dağıtdılar və xüsusi qəddarlıqla dinc əhaliyə qarşı qırğın törətdilər. Bir gecənin içində 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq və 70 yaşlı insan xüsusi qəddarlıqla qətlə yetirildi. 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi hələ də naməlum qalıb. Faciə zamanı 487 nəfər Xocalı sakini ağır yaralandı, 6 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.

Ermənistan rəhbərliyinin Xocalıda baş vermiş və münaqişə dövründə həyata keçirdiyi qanlı cinayətlər çoxsaylı müstəqil mənbə və hadisə şahidləri tərəfindən sənədləşdirilib.

“Black Garden: Armenia and Azerbaijan Through Peace and War” kitabında Tomas de Vaal Ermənistanın hazırki prezidenti, Xocalı qətliamının səbəblərini etiraf edən Serj Sarkisyandan sitat gətirir: “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmağa qadir olmayan insanlardır. Biz bu stereotipi dağıtmağa nail olduq. Və bu da baş verdi”.

Meksika, Pakistan, Türkiyə, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Panama, Peru, Kolumbiya, Serbiya, İordaniya, Honduras, Sudan, Qvatemala, Paraqvay və ABŞ-ın 16 ştatının qanunverici orqanları tərəfindən Xocalıda törədilmiş soyqırımı və insanlıq əleyhinə digər cinayətləri pisləyən qətnamələr qəbul olunub.

Erməni hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874, 884 saylı qətnamələri, BMT Baş Assambleyasının 2008-ci il 62/243 saylı qətnaməsi, ATƏT, AŞ Parlament Assambleyası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənəd və qətnamələr Ermənistan tərəfindən icra edilməməkdədir. Torpaqlarının 20 ildən artıq bir müddətdə Ermənistanın hərbi işğalında olmasına baxmayaraq, Azərbaycan hələ də münaqişənin sülh yolu həlli istiqamətində səylərini davam etdirir”.

Azərbaycanlı diplomatın yazdığına görə, çoxsaylı mülki vətəndaşların və siyasətçilərin qətli ilə uzun illərdir ki, hakimiyyəti qəsb edib və ölkəni müflis səviyyəsinə çatdırmış Ermənistanın hərbi-oliqarxik repressiv diktatura rejimi öz ölkəsində ağır vəziyyətdən diqqəti yayındırmaq üçün təcavüz siyasətindən əl çəkmir: “Yoxsulluq və iqtisadi problemlər səbəbindən hər il daha çox insan azad və rahat həyat axtarışında Ermənistanı tərk edir.

Azərbaycanda isə müəllifin söylədiklərinin tam əksi olan reallıq mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə son 10 ildə Azərbaycan iqtisadiyyatı 300 faiz artıb, ölkəmizin ticarət tərəfdaşlarının sayı 150-yə çatıb, ticarət və iqtisadi tərəfdaşlıq barədə 60-dan çox ikitərəfli müqavilə imzalanıb, ölkənin xarici ticarəti 4.3 dəfə artıb. İşsizlik səviyyəsi 2001-ci ildəki 50 faiz ilə müqayisədə 2015-ci ildə 5 faiz olub. 2015-ci ildə qeyri-neft sektorunda 8.4 faiz iqtisadi artım qeydə alınıb. Dünyada baş verən iqtisadi və maliyyə böhranı fonunda Azərbaycan iqtisadiyyatı öz artım tendensiyasını qorumaqdadır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm