
Brüsseldə Xocalı soyqırımının 24-cü ildönümü
münasibətilə aksiya keçirilib.
Publika.az xəbər verir ki, sabiq millət vəkili
Baba Tağıyevin təşkilatçılığı ilə keçirilən aksiyada ermənilərin
azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər pislənilib.
“26 fevral - Xocalı soyqırımı”, “Serj Sarkisyan, Robert
Koçaryan, Boko Saakyan, Xocalıda törətdiklərinizə görə cavab
verməlisiniz”, “Qarabağda qətliam” şüarları ilə keçirilən aksiyada
çıxış edən B.Tağıyev bildirib ki, Xocalı soyqırımı bəşəriyyət
tarixində qara ləkədir.
“Xocalı soyqırımı XX əsrin ən qanlı və dəhşətli faciələrindən
biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 63-ü
uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə
yetirildi. Dünya tarixi üçün qara ləkə olan bu soyqırımı bu gün
Ermənistana rəhbərlik etmiş şəxslər, həmçinin, bu ölkənin hazırkı
prezidenti Serj Sarkisyan törədib. Onlar cavab verməlidir”, - deyə
B. Tağıyev aksiyada elan edib.
Daha sonra Brüssel sakinlərinə Xocalı soyqırımı, həmçinin,
Ermənistanın işğalçı siyasəti və Azərbaycanın işğal olunmuş Dağlıq
Qarabağ və digər rayonlarında törədilən vandalizm haqda
məlumatların çap olunduğu bukletlər paylanılıb.
Asif