Diaspor lideri: “Krımda yaşayan azərbaycanlılar da Rusiya pasportu alır”
Bizi izləyin

Nida.az

Diaspor lideri: “Krımda yaşayan azərbaycanlılar da Rusiya pasportu alır”

Diaspor lideri: “Krımda yaşayan azərbaycanlılar da Rusiya pasportu alır”

Rusiyanın işğal etdiyi Ukrayna torpağı Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov martın 28-də “Media forum” saytının suallarını cavablandırıb.

- Krımda yaşayan azərbaycanlılar Rusiya vətəndaşlığına keçirlərmi və pasport alanlar varmı?

- Rusiya pasportlarının verilməsi yeni başlayıb və almaq istəyənlər həddən artıq çoxdur, böyük növbələr var. İnsanlar gecədən pasport verilən məntəqələrin qarşısında növbə tuturlar. Elə adamlar var ki, gecə də evə getmirlər, səhərə qədər gözləyirlər.

Azərbaycanlılardan da Rusiya vətəndaşlığına keçənlər və pasport alanlar var. İstəyən bunu edir. Çünki Krımın Rusiyanın tərkibinə keçməsi reallıqdır. İnsanlar reallıqla yaşamalı, pul qazanmalı, ailələrini dolandırmalı, problemlərini həll etməlidirlər. Rusiya pasportu almamaq azərbaycanlılara problemlər yarada bilər. Ona görə də kiməsə “Rusiya pasportu alma” demək olmaz. Bu, insanların şəxsi işdir.

- Neçə nəfər azərbaycanlının Rusiya pasportu almağı haqda məlumatınız varmı?

- Elə bir statistika yoxdur. Yəqin ki, o qədər də çox deyil. Çünki azərbaycanlılar o qədər də tələsmirlər. Hələ üç ay vaxtımız var.

- Son günlər Azərbaycan diasporunun toplantısı olubmu? İndiki vəziyyətdə necə addım atmaqla bağlı yekdil qərarınız varmı?

- Martın 16-da Krımda keçirilən referendumdan əvvəl toplantımız olmuşdu, məsələləri müzakirə etmişdik. İndi durum dəyişib, birgə hərəkət etmək mümkün deyil, məsələlərə fərdi yanaşılır. Kim necə istəyir, o cür də hərəkət edir.

- Siz neçə ildir Krımda yaşayırsınız?

- 30 ildən artıqdır Krımda yaşayıram və Ukrayna vətəndaşıyam.

- Rusiya vətəndaşlığını qəbul edəcəksinizmi?

- Hələlik bir qərara gəlməmişəm. Çünki vəziyyət tam aydın deyil və hər gün dəyişikliklər olur. İki gün əvvəl Avropa Birliyi bəyan edib ki, Krımda yaşayanlar birlik ölkələrinə getmək üçün vizanı yalnız Ukraynadan ala bilərlər, Rusiyadan alınan vizalar etibarlı sayılmayacaq. Ukraynanın baş naziri Arseni Yartsenyuk isə bildirib ki, Krımda yaşayan və ikili vətəndaşlığı olan şəxslərə heç bir viza verilməyəcək, onlar Ukrayna vətəndaşlarına verilən hüquq və imtiyazlardan istifadə edə bilməyəcəklər. Bütün bunlara görə hesab edirəm ki, bir qədər gözləmək lazımdır. Görək bu suallara necə aydınlıq gətiriləcək. Bundan sonra hər hansı qərar qəbul etmək olar. Vəziyyəti nəzərə alıb Rusiya vətəndaşlığına keçib-keçməmək haqda hələlik qərar qəbul etməmişəm.

- Ya Rusiya vətəndaşlığını qəbul etmək, ya da Krımı tərk etmək seçimi qarşısında qalsanız necə edəcəksiniz?

- Reallığı qəbul etmək lazım olacaq. Başqa yol yoxdur.

- Siz Krımda diaspor rəhbərisiniz. Azərbaycanlılar Rusiya vətəndaşlığına keçib-keçməmək məsələsində məsləhət almaq üçün sizə müraciət edirlərmi? Əgər belə insanlar varsa, onlara nə məsləhət görürsünüz?

- Bəli, var. Xeyli soydaşımız müraciət edir, deyirlər ki, Rusiya pasportu alaq-almayaq. Bununla bağlı məsləhətləşirik. Çünki insanlar narahatdır. Heç kim bilmir ki, bu işlərin sonu necə olacaq. Bütün günü informasiyaları izləyirik. Hətta dövlət rəsmiləri, tanınmış ekspertlər də bilmirlər ki, proseslərin sonu necə olacaq. Sabah hər şey dəyişə bilər.

Məndən soruşanlara, məsləhət istəyənlərə özümə məsləhət bildiyimi tövsiyə edirəm. Bütün yaxınlarıma, soydaşlarımıza deyirəm ki, bir qədər gözləmək lazımdır. Çünki vəziyyət, yanaşma hər an dəyişir. Bundan başqa Ukrayna Rusiya vətəndaşlığı alan insanlara qarşı sanksiya tətbiq edə bilər. Yaxud ola bilər ki, Krımda yaşayanlarda həm də Ukrayna pasportu qalsın. Belə problemlər var və onlara aydınlıq gətirilməlidir.

Amma bir məsələ aydındır ki, biz azərbaycanlıların Krımdakı durumu dəyişməyə gücü, imkanı yoxdur. Seçim qarşısında qalmağımız fakt olsa da, əlimizdən gələn ancaq bir qədər gözləməkdir. Düzdür, Rusiya pasportu almamaq da mümkündür. Belə olan halda Rusiya ərazisində müvəqqəti qalmağa və işləməyə imkan verən sənəd almalıyıq. Onda isə bir sıra hüquqlardan məhrum olursan. Bu da ciddi problemdir.

- Rusiya Krımı işğal edəndən sonra azərbaycanlılara təzyiq olurmu?

- Tam sakitlikdir, hələlik heç bir problem yoxdur. Bizə heç kim təzyiq etmir.

- Azərbaycan vətəndaşı olan soydaşlarımız bundan sonra Krımda hansı formada qala biləcəklər? Onlar da Rusiya pasportu almalıdırlar?

- Azərbaycan vətəndaşı olan və burada daimi qeydiyyatda olmadan yaşayan azərbaycanlılar üçün hər hansı problem yoxdur. Onların Rusiya vətəndaşlığına keçməsi və pasport alması mümkün deyil. Bunu istəsələr də edə bilməzlər. Çünki Rusiyanın verdiyi qərarda Krımda daimi qeydiyyatda olaraq yaşayanlara pasport verilməsi nəzərdə tutulub.

Azərbaycan vətəndaşları Krımda müvəqqəti sənədlə yaşayırlar. Bundan sonra necə olacağı hələlik dəqiq bilinmir.

- Krımda vəziyyət dəyişəndən sonra azərbaycanlıların oranı kütləvi formada tərk etməsi halları varmı?

- Hər il mart ayında Novruz bayramı ərəfəsində çoxlu sayda azərbaycanlı Krımı tərk edir, bayramı qeyd etmək üçün Azərbaycana gedir. Bu il də elə olub, soydaşlarımızın xeyli hissəsi Azərbaycandadır. Amma bunun Krımdakı durumun dəyişməsi ilə bağlılığı yoxdur. Soydaşlarımız yenidən Krıma qayıdırlar.

- Diasporla İş üzrə Dövlət Komitəsi Krımda yaşayan azərbaycanlıların durumu ilə maraqlanırmı?

- Bakıdan, Diasporla İş üzrə Dövlət Komitəsindən heç bir səs-səmir yoxdur. Heç kim bizimlə maraqlanmır. Yalnız Azərbaycanın Ukraynadakı səfiri ilə bir neçə dəfə əlaqəmiz olub, telefonla danışmışıq. Vəssalam.

- Səfir Rusiya pasportu almaq məsələsində sizə nə məsləhət gördü?

- Hər hansı məsləhəti olmadı. Çünki səfir Krımdakı durumla bağlı geniş informasiyaya malik deyil. Məsələni Krımda yaşayan azərbaycanlıların öhdəsinə buraxdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm