“Dəniz allahı” Azərbaycana qarşı: “qaz müharibələri” yenidən qayıdır
Bizi izləyin

Nida.az

“Dəniz allahı” Azərbaycana qarşı: “qaz müharibələri” yenidən qayıdır

Ötən həftə beynəlxalq hakerlər şəbəkəsi olan “Anonimous”un Azərbaycan qazını Avropaya nəql edəcək Transadriatik Qaz Kəməri (TAP) layihəsinə etiraz olaraq İtaliyanın Apuliya bölgəsinin dövlət hakimiyyəti orqanının saytına hücum etməsi “qaz müharibələrinin” geridə qalmadığını göstərdi.

Rusiyanın Suriyaya müdaxiləsi ilə beynəlxalq siyasətin gündəmində müəyyən dəyişikliklər baş vermiş, medianın “qaz müharibələri” adlandırdığı Avropa qaz bazarı uğrundakı mübarizə ikinci plana keçmişdi. Lakin bu hücum müharibənin müxtəlif formalarda davam etdiyini sübut edir. Xüsusilə İtaliyada Azərbaycan qazının Avropaya çıxarılmasına qarşı bu tip cəhdlər birinci dəfə deyil. Etirazçılar TAP layihəsinin“ətraf mühitə zərər vuracağını” iddia edərək, Apuliya bölgəsində kəmərin tikintisini istəmirlər.

“Bizim hökumətimizin dənizi öz tankerləri və gəmiləri ilə çirkləndirdiyi yetər” deyə “Anonimous” haker qrupunun bəyanatında bildirilir.

Qeyd edək ki, bundan əvvəl TAP layihəsinə qarşı İtaliyada “5 Star” adlı siyasi qrupun etiraz aksiyaları olmuşdu.

Lakin burada diqqət çəkən kəmərin keçəcəyi marşrutu təsdiqləyən və tikintini aparacaq podratçı şirkətləri seçən İtaliya hökumətinin geri çəkilməsidir.

Publika.az xəbər verir ki, İtaliyanın “IL Foglio” nəşri hökumətin “Poseydon” layihəsinə meyil etdiyini yazıb.

“Poseydon” qaz kəməri Rusiya qazının Qara dənizin dibi ilə Yunanıstana, oradan da İtaliyaya çıxarır. İtaliyaya gətirilən təbii qaz buradan ehtiyacı olan Avropa ölkələrinə paylanılır. Halbuki bu, imtina edilən “Cənub axını” layihəsinin başqa formada reallaşmasıdır. Belə görünür ki, İtaliya hökuməti bu layihədə iştirak etmək niyyətini gizlətmir. Bu isə TAP layihəsinə birbaşa təhlükədir. Roma hökumətinin strategiyası anlaşılmaz görünür. Vaxtilə İtaliya TAP-ın inkişafına imkan yaradırdı. İndi isə “Poseydon” layihəsi üzrə yeni razılaşmanın imzalanması və Rusiya qazının çıxışına yaşıl işıq yandırmaq Vaşinqtonda ciddi narazılığa səbəb ola bilər. Amma İtaliya hökuməti bu addımı ilə “Qazprom”un oyununda yer aldığını göstərir”, - deyə nəşr qeyd edib.

Məlumatlara görə, “Poseydon”la bağlı razılaşmaya Yunanıstan da qoşulub. Halbuki rəsmi Afina Avropanın Rusiya qazından imtina siyasətinə qarşı çıxaraq, Moskva ilə danışıqlara getmiş və bunun ağrılı nəticəsi ilə üzləşmişdi. Yunanıstanda başlanan iqtisadi defolt problemi solçu Çipras hökumətinə ciddi zərbə vurdu. Bundan sonra Afina Rusiya qazı ilə bağlı siyasətini dayandırdı. Görünür, iqtisadi çətinliyi geridə qoyan Çipras hökuməti yenidən əvvəlki ampluasına qayıdıb. Bu, faktiki olaraq, Azərbaycan qazının Avropaya çıxışının qarşısını almaq siyasətidir və rəsmi Bakının xoşuna gəlməyən addımdır. Amma Brüssel və Vaşinqton da bu məsələdə Bakı ilə eyni mövqedən çıxış edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm