Adıgözəl Məmmədov: “Türkiyə ilə Rusiyanı ABŞ üz-üzə qoydu” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Adıgözəl Məmmədov: “Türkiyə ilə Rusiyanı ABŞ üz-üzə qoydu” – MÜSAHİBƏ

Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov Publika.az-a müsahibəsində regionda cərəyan edən son hadisələri şərh edib.


- Hazırda regionda güc balansını xeyrinə dəyişmək üçün üç ölkə - Rusiya, Türkiyə və İran ciddi şəkildə iş aparır. Azərbaycan bu üç gücün arasında seçim edəcək, yoxsa?


- Azərbaycan elə bir coğrafiyada yerləşib ki, istər-istəməz regionda həm Rusiya, həm Türkiyə, həm də İran reallığını qəbul edir. Həyata keçirilən siyasətdə də bu reallıq nəzərə alınaraq yürüdülür. Amma bu da bir həqiqətdir ki, istənilən güclər Azərbaycan reallığı ilə də hesablaşırlar. Bu əslində dövlətimizin həyata keçirtdiyi siyasətin uğurudur. Buna görə də, biz mərhum prezidentimiz rəhmətlik Heydər Əliyevə və onun davamçısı İlham Əliyevə təşəkkür etməliyik.


- Slavyan-Türk birliyini dəstəkləyənlərdən olan bir politoloq kimi Rusiya-Azərbaycan münasibətlərinin slavyan və türk dünyasına necə təsir edəcəyini düşünürsünüz?


- Mən həmişə Slavyan-Türk birliyinin tərəfdarı olmuşam. Hətta bu birliyin ideoloji konsepsiyası haqda kitab da yazmışam. Bu kitabımı Moskva Dövlət Universitetində təqdimatın etmişəm. İlk əvvəllər bu istiqamətdə çıxışlar etdikdə ruslar mənim fikirlərimə çox ehtiyatla yanaşırdılar. Çünki əsrlər boyu Lazarevin (Lazaryan) tarixşünaslıq məktəbi rus-türk düşmənçiliyini təbliğ edib. Belə bir fobiyalar içində fikirlərimə təftişli yanaşırdılar. Sonra Rusiyada etnik separatçılar bu nəzəriyyəmi obrazlı desək topa tutdular. Daha sonra “Osmanlının çöküşünə Rusiyadan baxış” kitabımı yazdım və bu kitabda sübut etdim ki, heç də bu dövlətlər həmişə bir birləri ilə savaşmayıblar. Əksinə, tarixin müəyyən məqamlarında hətta Avropa güclərinə qarşı bərabər mübarizə aparıblar. Bu, müəyyən yumşalmaya səbəb oldu. Sonrakı mərhələdə isə Rusiya prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun əməkdaşlarının iştirakı ilə Slavyan-Türk birliyi haqda tədqiqat əsərim işıq üzü gördü. Və bu kitab Kremlin xarici siyasətini formalaşdıran bir çox ciddi ekspertlərin yüksək rəyini aldı. Beləcə də bizim də, bu istiqamətdə müəyyən fəaliyyətimizin olduğunu demək olar.


- ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib ki, biz Türkiyənin Suriya ərazisinə endirilən topçu zərbələrinin dayandırılmasını istəyirik. PYD-yə də Hələb ətrafında gərginlik yarada biləcək fəaliyyətlərdən uzaq durmasını istədik. Nə baş verir?


- Hələ 3-4 ay əvvəl deyirdim ki, hazırkı Rusiya-Türkiyə münasibətləri hər iki tərəfə xeyir etmədiyi kimi, ən çox Türkiyəyə ziyan vuracaq. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi regionda marağı olan digər oyunçulara sərf edəcək. İki dövlətin münasibətlərinin gərginləşməsi bizim coğrafiyada təsir göstərəcək.

Rusiya-Türkiyə qarşıdurması baş verməyənə qədər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Putinə xitabən deyirdi ki, bizi Şanxay əməkdaşlıq təşkilatına qəbul edin. Əgər bizi Şanxay əməkdaşlıq təşkilatına qəbul etsəniz, biz ümumiyyətlə Avropanı yaddan çıxardacağıq. Bundan əvvəl isə Türkiyənin rəsmi dairələri bildirirdi ki, bizi Gömrük Birliyinə qəbul edin. NATO üzvü olan Türkiyənin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmaması onu göstərirdi ki, Türkiyə NATO konsepsiyasından kənara çıxır, daha doğrusu milli maraqlarından çıxış edirdi.

ABŞ-ın maraqlarına qarşı dura biləcək oyunçu Rusiya idi. Türkiyə ilə Rusiyanın birləşməsi, Türkiyənin Şanxay əməkdaşlıq təşkilatına qoşulması okeanın o biri tərəfi üçün vahimə siqnalı idi. Bunun baş verməməsi üçün hər cür addım atacaqdılar.

ABŞ bu gün Türkiyəyə deyir ki, PYD reallığını qəbul edin. Burada qalib tərəf ABŞ-dır. ABŞ oyunu qurdu, son nəticədə də istədiyini almağa doğru gedir. Türkiyəni çox ciddi təhlükə gözləyir. PYD-ni vurmamaq o deməkdir ki, artıq kürd zolağının Aralıq dənizinə çıxışı təmin edilir.

Nəzərə almaq lazımdır ki, bu gün Türkiyədə çox ciddi şəkildə dövlətin içinə soxulmuş Mərkəzi Kəşfiyyat İdarəsinin Pensilvaniya instrumenti vasitəsi ilə idarə olunan bir qrup insanlarla mübarizə aparılır. Bu qrupun içində Pensilvaniya ilə əlaqəli insanların olduğu da iddia olunur. Bunun doğru olub-olmadığına təhqiqatçılar yaxın günlərdə cavab verəcəklər.


- Dünyada hazırkı situasiya yeni müharibənin başlaması deməkdir?


- Onsuz da yeni soyuq savaş başlayıb. Zəif dövlətlərin yeraltı və yerüstü sərvətlərinin ələ keşirilməsi məqsədi ilə aldadıcı siyasətlər həyata keçirilir. Rusiya nə üçün aktivləşdi? Rusiya siyasi rəhbərliyi başa düşdü ki, Rusiya iqtisadiyyatının böyük hissəsi xarici investorların qoyduğu kapitaldan asılıdır. Bu kapitallar da Rusiyada siyasi cərəyanlar formalaşdırırdı. Rusiya siyasi ənənəsi olan dövlətdir. Putinin siyasi hakimiyyətə gəlişindən sonrakı addımlarına baxsaq, müşahidə edəcəyik ki, o, Rusiyanın siyasi elitasından Rusiya iqtisadiyyatında kök salmış oliqarxları uzaqlaşdırdı. Bu, birinci addım idi. Bu oliqarxlar da hansı ölkələrlə əlaqələri varsa, o ölkələrə qaçdılar. Bildiyimiz kimi, Rusiyanın hərbi-sənaye kompleksi arxasında böyük bir intellektual potensial daşıyır. Bu intellektual potensialın axını başlamışdı.

Yeri gəlmişkən, bir haşiyə çıxım: Rusiya hərbi gücünün ən məşhur nümunələrindən sayılan S-300 və S-400 layihə rəhbərlərindən olan həmyerlimiz, tarixçi Sara Aşurbəylinin nəvəsi də o vaxtlar İngiltərəyə köç etdi. Bunların qarşısının alınması üçün sonradan hərbi-sənaye kompleksində yeni şirkətlər yaradılmağa başladı, çünki Rusiyanın xarici iqtisadiyyatdan əldə etdiyi gəlirlərin çoxunu neft məhsullarından sonra hərbi-sənaye kompleksi verirdi. Bu kontekstdə də sənayeləşmə prosessləri başladı. Və bu prosesdə yeni bir zümrə - yeni bir milli dövlətçiliyə bağlı burjuaziya formalaşdırıldı. Digər tərəfdən, Rusiya eyni zamanda öz ərazisində baş qaldıran separatizmə qarşı ciddi mübarizəyə başladı. Xarici xüsusi xidmət orqanları ilə əlaqəli qüvvələri neytrallaşdırdı. Bütün bunların nəticəsində artıq Rusiya 2008-ci ildə birmərkəzli dünya idarəetməsinə qarşı çıxdı və geosiyasi manevrlər etməyə başladı. BRİCS təşkilatını formalaşdırmağa başladı. ABŞ dollarının ekspansiyasından narazı olan dövlətləri - Braziliya, Çin, İran, Hindistan, CAR, Argentinanı - ətrafına yığdı. Amerikan ekspansiyasına qarşı yeni bir güc formalaşdırmağa başladı. Eyni zamanda da öz coğrafiyasında bir təftişə başladı. Bu təftişlərdən biri Xəzərin qeyri-militarizasiyası ilə bağlı danışıqlara başlanması idi. Rusiya ilə Türkiyə arasında hazırda münasibətlər nə qədər gərgin olsa da, Qara dənizlə bağlı Montre anlaşmasının şərtlərinə riayət edilir. Faktiki olaraq, dünyada gərginliklər daha da kəskinləşib və hibrid formada toqquşmalar baş verir. Bu toqquşmalardan biri də Suriyada baş verir.

Bu gün faktiki olaraq Suriyada baş verən prosesslər geopolitik ziddiyyətin hibrid toqquşmasıdır. Yəni dünya dəyişir və yeni geopolitik mərkəzlər formalaşır. Bizim əsas məqsədimiz odur ki, bu pereturbasiyanı xətərsiz atlada bilək. Atalarımızın göz bəbəyi kimi qoruyub bizə miras verdiyi Azərbaycanımızın müstəqilliyini bizdən sonrakı nəsillərə ötürək. Eyni zamanda, bu geopolitik ziddiyyətlər çərçivəsində əbədi və əzəli torpaqlarımızın geri qaytarılması istiqamətində dövlətimizin apardığı ardıcıl siyasəti əsasında mənim də irəli sürdüyüm ideoloji konsepsiyalardan da maksimum yararlanmalıyıq.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm