Federika Moqerini: Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Bizi izləyin

Nida.az

Federika Moqerini: Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Avropa İttifaqı energetika, regional təhlükəsizlik və qanunun aliliyi sahələrində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.

Bu barədə Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Federika Moqerini qeyd edib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında ümumi maraqlar var. Məqsədimiz geniş və hərtərəfli əməkdaşlığa nail olmaqdan ibarətdir.

Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində strateji tərəfdaş olduğunu deyən Avropa Komissiyasının vitse-prezidenti qeyd edib ki, Azərbaycan nəqliyyat dəhlizləri və enerji mənbələrinin şaxələndirilməsi sahəsində mühüm rol oynayır. “Energetika sahəsi Avropa İttifaqı üçün vacib məsələdir. Biz bu gün “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısını keçirdik. Bu, bizim siyasi, iqtisadi və sosial əlaqələrimizin dərinləşdirilməsinə aparan yoldur”, - deyə F.Moqerini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan ali nümayəndə Avropa İttifaqının Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdığını diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov görüşdə Avropa Komissiyasının vitse-prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumat verdiyini bildirib və Avropa İttifaqını sülhün əldə edilməsi prosesinin tezləşdirilməsinə yardım etməyə çağırıb.

Nazir Azərbaycanın Avropa İttifaqına təqdim etdiyi strateji əməkdaşlıq sazişi layihəsi, bu istiqamətdə işin başlanması üçün atılacaq addımlarla bağlı fikir mübadiləsinin aparıldığını da diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm