Nida.az
Vaşinqtonda Qarabağ təxribatı: Nüvə sammitində Bakını nə gözləyir?
Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda
keçirilən nüvə təhlükəsizlik konfransında iştirakı öncəsi ABŞ-dakı
erməni lobbisi və ona bağlı konqresmenlər Qarabağ təxribatına əl
atıblar.
Publika.az xarici mediaya istinadən xəbər verir
ki, Konqresin bəzi üzvləri prezident Barak Obamaya müraciət edərək,
Dağlıq Qarabağla bağlı Roys-Engel ideyasını qəbul etməsi üçün onun
Azərbaycan Prezidenti ilə danışıq aparmasına çağırış
ediblər.
“Biz Ermənistanın və DQR-in (Qarabağda yaradılan qondarma rejim
nəzərdə tutulur – red.) dünya sülhünə dəstəyini salamlayırıq və
ümid edirik ki, Azərbaycan öz etirazlarını təkrar gözdən keçirəcək.
Sizi nüvə təhlükəsizlik sammiti çərçivəsində Qarabağ münaqişəsi
üzrə administrasiyanız tərəfindən bəyənilən Roys-Engel ideyasını
münaqişə tərəfləri ilə müzakirə etməyə çağırırıq”, - deyə
konqresmenlər Ed Roys və Bred Şermanın müəllifi olduğu müraciətdə
deyilir.
Məlumata görə, müraciəti Konqresin 54 üzvü imzalayıb.
Qeyd edək ki, müraciətin müəllifləri olan Ed Roys və Bred Şerman
ABŞ-da ermənipərəst mövqeləri ilə məşhurdur. Misal üçün, B. Şerman
qondarma “erməni soyqırımı”nın tanınması üçün Konqresə təqdim
olunan qanun layihəsinin müəlliflərindən biridir. Həmin qanun
layihəsinin altında E. Roysun da imzası var.
E. Roys ABŞ-da Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən
bir neçə il öncə yaradılan Ermənistana dəstək qrupunun həmsədri
olub. Respublikaçı konqresmen Roys həmçinin, uzun illər “Türkiyədə
müsadirə olunmuş xristian kilsələrinin və digər əmlakların geri
qaytarılması”na çağırışlar edərək, “erməni soyqırımı”nı tanıtmaq
cəhdləri edib. O, eyni zamanda 1992-ci ildə “Azadlığa dəstək akt”na
edilən və Azərbaycanı federal yardım alan ölkələrin siyahısından
təcrid edən 907-ci düzəlişin saxlanılmasının tərəfdarıdır. Onu da
bildirək ki, Roys Konqresdə ABŞ-da ermənilərin kompakt yaşadığı
Kaliforniya ştatını təmsil edir.
Qarabağ münaqişəsi ilə bağlı Roys-Engel ideyasının həmmüəllifi
Eliot Engel də erməni lobbisinin ən fəal nümayəndələrindəndir.
Konqresdə müzakirələr zamanı dəfələrlə qondarma “erməni soyqırımı”
ilə bağlı məsələ qaldıran Engel Roysla eyni siyasi mövqeyi bölüşür.
Ermənistan KİV-nin yaydığı məlumatlara görə, Engel 2011-ci ilin
martında Amerikanın Erməni Assambleyasında Türkiyənin İsrailə qarşı
düşmən münasibətindən danışaraq, Ankaranı üzr istəməyə çağırıb,
həmçinin, 1915-ci il hadisələrinə görə Türkiyəni ermənilərdən üzr
istəməyə razı salmağın vacibliyini diqqətə çatdırıb.
Bu şəxslərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəli sürdüyü
ideya da təbii ki, birbaşa Ermənistanın mövqeyinə xidmət edir.
Roys-Engel ideyası
Bu ideyaya görə, qoşunların təmas xəttində snayperlər geri
çəkilir, təmas xətti boyunca hücumların mənbəyini müəyyənləşdirmək
üçün müasir atəş lokatorları və səs avadanlıqları yerləşdirilir,
atəşkəs rejiminin pozulması ilə bağlı nəzarəti yaxşılaşdırmaq üçün
təmas xəttinə ATƏT-in əlavə müşahidəçiləri cəlb edilir.
Bu ideyanın qəbul edilməsi hər şeydən öncə Ermənistana sərf
edir. Rəsmi Bakı da dəfələrlə bəyan edib ki, bu ideyaların məqsədi
Ermənistanın işğalçı siyasətini davam etdirməsi üçün münbit
şəraitin yaradılması məqsədi daşıyır.
Bu ideya qəbul olunarsa...?
Atəşkəsə nəzarət mexanizmi beynəlxalq ictimaiyyətin diqqətini
Qarabağ münaqişəsindən yayındıracaq. Bu da münaqişənin
“dondurulmuş” vəziyyətdə qalması deməkdir və beləliklə, Ermənistan
işğalçı siyasətini davam etdirəcək.
Həmçinin, belə bir mexanizmin Azərbaycanın Dağlıq Qarabağöda
status-kvonun dəyişməsi üçün apardığı siyasətə ziddir.
Göründüyü kimi, erməni lobbisi Azərbaycan Prezidentinin
Vaşinqtona səfərindən istifadə edərək, Qarabağ təxribatını həyata
keçirmək istəyirlər.
Asif Nərimanlı
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?