Vaşinqtonda Bakının ayaq səsləri - TƏHLİL
Bizi izləyin

Nida.az

Vaşinqtonda Bakının ayaq səsləri - TƏHLİL

Vaşinqton Bakını anlamağa başlayıb. Nüvə Təhlükəsizlik Sammitində iştirak üçün ABŞ-a səfər edən Prezident İlham Əliyevlə görüşü zamanı dövlət katibi Con Kerrinin Azərbaycanın mürəkkəb regionda yerləşdiyini xüsusi vurğulaması belə düşünməyə əsas verir.

Amerika “təzyiq dilini” kənara qoyur. Hansı ki, son dövrlər iki paytaxt arasında yaranan “soyuqluğun” əsas səbəbini bununla izah etmək olardı.

Azərbaycan 24 illik müstəqillik dövründə öz balanslı və müstəqil siyasəti ilə seçilən az ölkələrdəndir. Müstəqil siyasətə sadiqlik dövlət rəhbərliyinin milli maraqları üstün tutmasından irəli gəlirsə, balans siyasətini regionun müxtəlifliyi tələb edir. İran və Rusiya kimi regional güclərə tamamilə arxa çevirmək ən azı Gürcüstan və Ukrayna ssenarisini qəbul etmək deməkdir. Bunun əksinə hərəkət etmək – yönünü tamamilə bir gücə tərəf çevirmək isə Ermənistanın taleyi ilə barışmaqdan başqa bir şey deyil.

Əslində Azərbaycan 1993-cü ilə qədər bunu yaşamışdı. Amma Heydər Əliyevin dövründən başlayaraq, rəsmi Bakı bütün tərəflərlə məsafəli siyasət aparır, yalnız öz milli maraqlarının tələb etdiyi addımları atırdı. Və eyni siyasət İlham Əliyev tərəfindən də aparılır.

Amma Vaşinqtonun ritorikasında Azərbaycanın müstəqil siyasətinin qəbul edilməməsi kimi tonlar daha qabarıq görünürdü. Bakının Qərbə açıq ölkə olması, terrorçuluğa qarşı mübarizədə ABŞ-la eyni səf tutması, həmçinin, Azərbaycan-ABŞ arasındakı iqtisadi əlaqələr bu ritorikanın haradan qaynaqlandığı haqda açıq suallar yaradırdı. Vaşinqton həqiqətənmi ölkəmizin yerləşdiyi mürəkkəb coğrafiyaya rəğmən, rəsmi Bakının Qərb dəyərlərinə doğru açıq siyasətini görmür, yaxud görmək istəmir?

Sonrakı proseslər və baş verənlərin analizi iki ölkə münasibətlərinin “buz bağlamasında” maraqlı qüvvələrin olduğunu ortaya çıxarır.

Erməni lobbisi: bəziləri, xüsusilə Avropanın kölgəsinə sığınmağı hər şeydən üstün tutanlar bunu Bakının yaratdığı mif adlandırır. Halbuki, mərhum politoloq Vəfa Quluzadənin təbirincə desək, Konqresin binasından Amerika Erməni Milli Komitəsinin binasına “yeraltı dəhliz” getdiyi gerçəkdir. Yaxud “907-ci düzəliş”in edilməsinin arxasındakı əsl səbəb də bir sıra konqresmenlərin məhz ermənisevərliyindən irəli gəlirdi.

Bu faktor Konqresinin Helsinki Komissiyasının həmsədri Kristofer Smitin “Azərbaycanda Demokratiya Aktı-2015” layihəsində də özünü göstərirdi. Bu təşəbbüsün Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində güzəştli sülhə məcbur etmək olduğunu unutmamalıyıq. (http://publika.az/p/119315).

Dağlıq Qarabağ münaqişəsində Ermənistanın mövqeyini müdafiə etmək üçün erməni lobbisinə bağlı konqresmenlərin Prezident İlham Əliyevin Vaşinqtona səfəri günündə Obamaya ünvanladıqları müraciət isə Bakı-Vaşinqton körpülərini yandıranların başqa qüvvələr olduğunu daha aydın şəkildə göstərdi. (http://publika.az/p/130608).

Amma Prezident İlham Əliyevin Vaşinqton səfəri ilə erməni lobbisini məğlub etdiyini deyə bilərik. Ağ Ev də Azərbaycanın bu regionda əhəmiyyətini anladığını açıq şəkildə etiraf edərək, Birləşmiş Ştatların hansısa dairələrin maraqlarına deyil, dövlətin çıxarlarına uyğun siyasət apardığı mesajını verdi.

- “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda verən bir layihədir. Avropanın uzunmüddətli strateji maraqlarının təmin edilməsində bu layihə xüsusi paya sahibdir.

- Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar. Bakı Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, Azərbaycan hərbçiləri NATO hərbçiləri ilə birlikdə bu ölkədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verir.

- ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəyir. Həmçinin, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Azərbaycan Prezidentinin Vaşinqton səfəri zamanı ABŞ-ın açıq şəkildə bəyan etdiyi mövqe belədir. Dövlət katibi Con Kerrinin Prezident İlham Əliyevlə birgə keçirdiyi brifinq zamanı söylədiyi fikirlər də bunu təsdiq etdi.

***

Azərbaycanın ABŞ üçün niyə əhəmiyyətlidir?

a) Vaşinqtonun Cənubi Qafqaz regionuna dair öz siyasi maraqlarının olduğu ortadadır. Xüsusilə bu istiqamətdə Rusiya ilə aparılan uzunmüddətli mübarizə indi daha konkret xətlərlə görünür. Ağ Ev artıq anlayır ki, regiona sirayət etməyin yeganə yolu bu bölgənin hakim gücü ilə əməkdaşlıqdan keçir. Ermənistana bel bağlamaq ağılsızlıqdır. Gürcüstanın avrointeqrasiya siyasəti isə birbaşa Azərbaycandan asılıdır. Çünki Azərbaycan Gürcüstana iqtisadi dəstəyini geri çəksə, Tiflis avtomatik olaraq Rusiya ilə hesablaşmağa məcbur olacaq. Deməli, Cənubi Qafqazın açarı Azərbaycandır. Rəsmi Bakının istəyi isə çox deyil: daxili işlərə qarışmamaq, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq, diktə dilinin işə salınmaması, balanslı və müstəqil siyasətini davam etdirmək. Bu, hər bir suveren dövlətin haqqıdır.

b) Bakı ABŞ üçün prioritet elan etdiyi Avropanın enerji təhlükəsizliyi baxımından da xüsusi əhəmiyyətə malikdir. Hazırda “Cənub Qaz Dəhlizi” layihəsi üzərində iş gedir və önümüzdəki illərdə bu layihə tamamlanacaq. Beləliklə, Avropa Rusiya qazından asılılığını tamamilə aradan qaldıra biləcək. Hansı ki, Brüssel hər ilin qış fəslində Moskvanın qarşısında aciz qalırdı. “Cənub Qaz Dəhlizi”nin davamlı olması gələcəkdə Türkmənistan qazını Avropaya çıxaracaq Transxəzər layihəsinin həyata vəsiqə almasına imkan verəcək. Bununla yanaşı, artıq “azad ölkə” olan İran qazının da məhz “Cənub Qaz Dəhlizi” vasitəsilə daşınması ehtimalları yüksəkdir. Göründüyü kimi, ABŞ rəhbərliyi altında aparılan “Avropanın enerji xilası” planlarında da əsas açar yenə Azərbaycandır.

c) Azərbaycan 2001-ci il 11 sentyabr hadisəsindən sonra terrora qarşı mübarizədə ABŞ-la eyni səfdə dayanan ilk ölkələrdən oldu. Hazırda Bakı-Vaşinqton mübarizəsi yenə eyni hədəfə doğru davam edir. Əfqanıstana tranzit üçün də Azərbaycan əhəmiyyətli ölkədir. Yəni Azərbaycanın terrora qarşı mübarizədə spesifik təcrübəsi var və bu təcrübə xüsusilə qlobal terrorun genişləndiyi bir vaxtda Vaşinqtona lazımlıdır.

ABŞ nə üçün Azərbaycan üçün əhəmiyyətlidir?

a) Rəsmi Bakı indiyə qədər ölkəni istər Gürcüstan, istərsə Ukrayna ssenarisindən, yəni kataklizimlərdən məhz balanslı siyasətinə görə qoruya bilib. Azərbaycan kontekstindən baxdıqda ABŞ bu balans siyasətinin digər əsas elementidir. Artıq sınaqdan çıxmış bu siyasətin davamı üçün ABŞ-la əməkdaşlıq vacibdir.

b) “XXI əsrin müqaviləsi” hesab olunan “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşməsi və davamlı olmasında Amerikanın rolu danılmazdır. Xüsusilə Azərbaycanın liderliyi ilə aparılan bu layihəyə süni əngəllərin yaradılması fonunda belə əməkdaşlığa ehtiyac var. İndiyə qədər bir sıra Şərqi Avropa ölkəsinin Rusiya ilə anlaşmaya gedərək, Azərbaycan qazının yolunu kəsməsi addımları məhz ABŞ-ın müdaxiləsi ilə aradan qalxdı. Misal üçün, Yunanıstan, yaxud Makedoniya variantı bunu göstərdi.
Bu baxımdan, Azərbaycanın siyasi və iqtisadi kapitalı olan bu layihənin gerçəkləşməsi ABŞ-a lazım olduğu qədər, Bakıya da lazımlıdır.

c) Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ həm beynəlxalq güc, həm də Minsk qrupunun həmsədr dövləti olaraq vacib ölkədir. Azərbaycan-ABŞ yaxınlaşması bu münaqişənin beynəlxalq hüquqa əsaslanan ədalətli həllinə ümidlər yaradır. Təbii ki, yaxın gələcəkdə bunu gözləmək sadəlövhlük olardı. Amma ən azından erməni lobbisinin Azərbaycana qarşı təxribat addımları əvvəlki qədər güclü olmayacaq. Digər tərəfdən, Cənubi Qafqazda möhkəmlənmək istəyən Vaşinqton regionun açar ölkəsinin dəstəyini qazanmaq üçün onun maraqlarını təmin edə bilər. Azərbaycan üçün isə ən prioritet məsələ məhz ərazi bütövlüyünün bərpasıdır.
Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı ABŞ-ın açıq şəkildə ərazi bütövlüyümüzlə bağlı bəyanatı artıq ilk konturları görünür.

***

Nəticələr

Prezident İlham Əliyevin Vaşinqton səfərinin nəticələri yəqin ki yaxın perspektivdə daha açıq şəkildə görünəcək. Amma bunun ilkin nəticələri də artıq bəllidir.

Bu ilin 10 mart tarixində erməni lobbisinin fəaliyyəti nəticəsində ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası qondarma “DQR”-i tanıyan qətnamə qəbul etmişdi. Prezident İlham Əliyevin Vaşinqton səfərində isə Havay ştatının Nümayəndələr Palatası həmin qətnaməni ləğv edərək, Azərbaycandan üzr istədi. (http://publika.az/p/130826). Bu, faktiki olaraq, Azərbaycan liderinin Birləşmiş Ştatlara səfəri və apardığı müzakirələrin ilk müsbət nəticəsidir.

O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan Prezidenti ilə yanaşı Ermənistan prezidenti Serj Sarkisyan da ABŞ-da səfərdə idi. Lakin Prezident İlham Əliyevdən fərqli olaraq onu prezident Obama daxil olmaqla, ABŞ-ın yüksək səviyyəli rəsmiləri qəbul etmədi. O cümlədən, dövlət katibi Con Kerri Prezident İlham Əliyevlə görüşərək, Dağlıq Qarabağ məsələsini müzakirə etdi. Bu müzakirələrə Sarkisyanın dəvət olunmaması da diqqətdən yayınmır. Əslində bu da ABŞ-Azərbaycan əməkdaşlığının ilk yüksəlişi hesab olunmalıdır.

Asif Nərimanlı





Oxumağa davam et
Reklam
Reklam

Gündəm