Deputatdan Qarabağla bağlı beynəlxalq təşkilatlara çağırış
Bizi izləyin

Nida.az

Deputatdan Qarabağla bağlı beynəlxalq təşkilatlara çağırış

Son vaxtlar Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması, Azərbaycanın yaşayış məntəqələrinin gülləbaran edilməsi mütəmadi hal alıb.

Trend-in məlumatına görə, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məsələ ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.

O, açıqlamasında qeyd edib ki, bu gün özlərini insan hüquqlarının müdafiəçisi kimi göstərən beynəlxalq təşkilatlar, xüsusilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığı yenə də Azərbaycanda mülki əhalinin Ermənistan ordusu tərəfindən qətlə yetirilməsinə biganə yanaşır:
“Bütün bunlar onu göstərir ki, Azərbaycan insanının hüquqlarının Ermənistan tərəfindən kobud şəkildə pozulması həmin qurumları maraqlandırmır. Yenə də Azərbaycana qərəzli yanaşma var. Əslində isə bu yanaşma həmin təşkilatların işdə deyil, sözdə və öz maraqlarına uyğun olaraq guya, insan hüquqlarını qoruduqlarının göstəricisidir”.

Deputat əminliklə deyib ki, Ermənistanın bu təcavüzkar əməlindən Azərbaycan üzüağ çıxacaq: “Azərbaycan Prezidentinin iradəsi, Azərbaycan Ordusunun gücü, Azərbaycan xalqının Prezident, Ali Baş Komandanla, Azərbaycan Ordusu ilə bir yerdə olması bizi bu çətinlikdən çıxaracaq. Öz gücümüzlə, özümüzə güvənməklə torpaqlarımızı erməni işğalından azad edəcəyik”.

Komitə sədri media vasitəsilə insan haqlarını hər zaman önə çəkən beynəlxalq təşkilatlara çağırış edib: “Ermənistan Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirir. Ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məskunlaşmış məcburi köçkün Cəlal Rəhimov ölüb, oğlu Orxan Rəhimov isə ayaqlarını itirib. Onların da yaşamaq hüququ var. Mən beynəlxalq təşkilatları Ermənistanın bu işğalçılıq siyasətinə qiymət verməyə, sanksiyalar tətbiq etməyə çağırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm