Ermənistan nə üçün təxribatlara əl atır? – Politoloqlar
Bizi izləyin

Nida.az

Ermənistan nə üçün təxribatlara əl atır? – Politoloqlar

Azərbaycan Ordusu Ermənistanın cəbhə xəttində təxribatının qarşısını alıb. Nəticədə düşmən tərəfinin 100-dən çox hərbiçisi, 6 tankı və onlarla hərbi texnikası məhv edilib. Azərbaycan Ordusu Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Yayılan informasiyalar düşmən tərəfinin qorxu içində olduğunu göstərir.

Milli Məclis sədrinin müavini Bahar Muradova Publika.az-a açıqlamasında bildirib ki, cəbhədə baş verənlər Ermənistanın təxribatıdır: “Ermənistanın bu təxribatları heç də təsadüfi deyil. Onlar məqsədyönlü şəkildə təxribatlara əl ataraq, diqqəti ölkə daxilindəki sosial partlayışdan yayındırmaq istəyir”.

B. Muradova əlavə edib ki, son günlər Azərbaycanın artan gücü, beynəlxalq səviyyədə ərazi bütövlüyümüzün bərpası istiqamətində aparılan işğalçı ölkəni qıcıqlandırır: “Bu təxribatların məqsədi də budur. Bütün beynəlxalq ictimaiyyət bilməlidir ki, baş verənlər görə bütün məsuliyyəti Ermənistan daşıyır”.

Politoloq Fikrət Sadıqov bildirib ki, Ermənistan həmişə təxribatla məşğul olub: “Bu, birinci dəfə deyil, yəqin ki, sonuncu da olmayacaq. Lakin bu dəfə təxribatın miqyası daha böyükdür”.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir: “Dövlət başçısı ABŞ-da ən yüksək səviyyəli rəsmilərlə görüşdü. Belə bir vaxtda ermənilərin təxribata əl atması təsadüfi deyil. Çünki Azərbaycan öz nüfuzunu artırır, ABŞ-la bir çox məsələlərdə razılığa gəlir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün önəmli proseslərdir. Buna görə də Ermənistan və onu dəstəkləyən qüvvələr cəbhədə təxribata əl ataraq, Azərbaycanı yolundan döndərmək istəyirlər”.

Politoloq qeyd edib ki, Ermənistanın təxribata əl atdığı vaxt da diqqətdən yayınmır.

“Bütün dünya ölkələrinin diqqəti Vaşinqtonda keçirilən sammitdə olduğu bir vaxtda Ermənistanın təxribata əl atması təsadüfi deyil. Onlar dünyanın diqqətinin başqa yerdə olduğu bir vaxtda Azərbaycanı zəiflətmək istədilər. Amma Azərbaycan Ordusunun cavabı daha dəhşətli oldu və düşmən yerində oturduldu”, - deyə politoloq qeyd edib.

Politoloq Natiq Miri də hesab edir ki, bu təxribat təsadüfi deyil: “Xüsusilə Prezident İlham Əliyevin ABŞ səfəri zamanı ermənilərin bu cəhdi hər şeyin planlı şəkildə baş verdiyini göstərir. Amma görünür, Ermənistan və onun havadarları Azərbaycan Ordusunun gücünü hesablaya bilməyiblər. Məhz buna görə də təxribatdan dərhal sonra atəşi dayandırmaq üçün az qala yalvaran açıqlamalar verdilər”.

N. Miri qeyd edib ki, baş verənlərdə əsas günahkar Ermənistandır.

“Dünya ictimaiyyəti də buna laqeyd qalmamalı, təxribatçı Ermənistanı işğal siyasətindən çəkindirməlidir”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm