AKP: “Üzərimizə düşən əsas vəzifə Qarabağı azad etməkdir”
Bizi izləyin

Nida.az

AKP: “Üzərimizə düşən əsas vəzifə Qarabağı azad etməkdir”

“Son günlər təmas xəttində məskunlaşan Azərbaycanın mülki əhalisinə hücum edən erməni hərbiçiləri bunun əvəzini ağır ödəyəcək”.

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinə (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçı deyib.

Onun sözlərinə görə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə artıq çox az vaxt qalıb. AKP-çi deputat deyib ki, Türkiyə Azərbaycana hər cür dəstəyi verir və bu, sonsuz olaraq davam edəcək: “Azərbaycanın Qarabağ itkisi bizim itkimiz, şəhidləri bizim də şəhidlərimizdir. Eyni zamanda bizim şəhidlərimiz də Azərbaycan şəhidləridir. Son günlər Azərbaycanın şəhid verməsinə görə ürəyimiz ağrıyır. Ancaq dünyanın heç bir dövründə zülm daimi və əbədi olmayıb və olmayacaq. Mən fürsətdən istifadə edib Azərbaycandan olan şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaxınlarına və Azərbaycan xalqına baş sağlığı verirəm. Allah azərbaycanlı şəhidlərin məkanını cənnət etsin. Türklərin məşhur deyimi var: Bayraqları bayraq edən üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!

Bu gün bizim üzərimizə düşən əsas vəzifə Qarabağı azad etmək və həmin torpaqları Vətən edən babalarımızın bizə qoyduğu mirası qorumaqdır. Allahın köməyi ilə biz buna ən yaxın zamanlarda nail olacağıq. Qarabağ bizim Vətənimizdir. Ona görə də biz zaman-zaman vətən uğrunda canlardan keçəcəyik. Qarabağ tarixən türk torpağıdır və belə də olacaq”.

M.Kabaqçı qeyd edib ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir: “Bununla bağlı BMT-nin müvafiq sənədləri mövcuddur. Ata və babalarının məzarını ziyarət etmək üçün illərdir ki, insanlar öz yurd-yuvalarına gedə bilmirlər. Ermənistan bütün dünyanın gözü qarşısında Azərbaycan torpaqlarını işğal edib. Dünya bu zülmə və haqsızlığa göz yumur.

Çox təəssüf ki, dünya birliyinin bu susqunluğu erməniləri daha da azğınlaşdırıb. Ona görə də 20 ildən çoxdur ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. Hətta, mütəmadi olaraq təmas xəttin zonasında yaşayan mülkü Azərbaycan əhalisinə də atəş açaraq, onları öldürür. Amma bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək və əhalisini qorumaq gücünə malikdir”.

TBMM-nin üzvü bəyan edib ki, hazırda Türkiyənin bütün şəhər və kənd əhalisinin ürəyi Azərbaycanladır: “Misal üçün, mən bir neçə gün idi ki, Vyanada səfərdə idim, Türkiyəyə bu gün qayıtmışam. Vyanada türklərin təşkil etdiyi tədbirdə çıxış etdim. Həmin tədbiri Avstriyada doğulan və Türkiyəni sonradan görən türklər təşkil etmişdi. Mən çıxışa hazırlaşan zaman həmin türk gənclər məndən xahiş etdi ki, qardaş ölkə Azərbaycan şəhid verib, icazə verin çıxışınızdan öncə Azərbaycan şəhidlərini yad edək. Türk gənclər mənə dedilər ki, o şəhidlər bizim şəhidlərimizdir. Yəni, demək istədiyim odur ki, Türkiyədə doğulmayan və hazırda Avstriyada yaşayan türk gənclərin belə, ürəyi Azərbaycanla bir yerdədir. Türkiyədə özünü türk hesab edən hər kəsin ürəyi, beyni Azərbaycanladır. Onların hər biri Azərbaycan şəhidlərinin ruhuna dualar oxuyur və Azərbaycan xalqına başsağlığı verirlər. Atalarımızın gözəl deyimi var ki, görünən kənd heç zaman uzaq deyil. Qarabağ Azərbaycanın, türk millətinin torpağıdır. Biz türklər tarixən heç vaxt bir qarış torpağımızdan vaz keşməmişik. İnşallah erməni zülmü də ən yaxın zamanlarda başa çatacaq. Torpaqlarımızın tez bir zamanda azad olunacağını Allahdan arzu edirəm. Azərbaycanın Ali Baş Komandanına və ordusuna Vətən uğrunda apardığı mübarizədə uğurlar arzu edirəm, bütün Azərbaycan xalqını da qələbə münasibəti ilə təbrik edirəm. İnşallah bu qələbə davamlı olsun. Allahın köməyi ilə biz erməni işğalına bərabər şəkildə son qoyacağıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm