Ermənistan “son qalasını” da itirir: Qarabağın azad olunmasında yeni şans
Bizi izləyin

Nida.az

Ermənistan “son qalasını” da itirir: Qarabağın azad olunmasında yeni şans

Azərbaycan Ordusunun işğal olunmuş ərazilərdə keçirdiyi uğurlu əməliyyatlardan sonra Ermənistan özünə dayaq hesab etdiyi son gücü də itirir. Düşmən ölkə indiyə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bel bağlayır, müharibə olacağı təqdirdə arxasında böyük güc olduğu ilə qürrələnirdi. Amma təşkilatın ən böyük iki üzvünün – Belarus və Qazaxıstanın cəbhədəki son hadisələrdə Azərbaycanı dəstəkləməsi İrəvanın ümidlərini puç etdi. Belə demək mümkünsə düşmən “son qalasını” itirdi.

Aprelin 4-də, hansı ki, cəbhədə ciddi döyüşlərin getdiyi bir vaxtda Ermənistanın güvəndiyi KTMT-nin üzvü Belarus yeni hərbi doktrina qəbul etdi. Bu ölkənin müdafiə naziri Andrey Ravkov bildirdi ki, yeni hərbi doktrinanın hazırlanması dünyadakı vəziyyət və rəngli inqilablara dövlətin reaksiyasıdır. Onun sözlərinə görə, qüvvədə olan doktrina 14 il əvvəl qəbul olunub və artıq qüvvədən düşüb.

Bu hərbi doktrinada Azərbaycan üçün ən diqqət çəkən məqam Belarus ordusunun ölkə sərhədlərindən kənarda baş verən istənilən döyüşlərdə iştirak etməsinə qoyulan qadağadır. Bu, KTMT-də bağlanan bütün müqavilələrə, razılaşmalara rəğmən Belarusun Dağlıq Qarabağ müharibəsində Ermənistana dəstək verməyəcəyi mənasına gəlir. Təbii ki, rəsmi Minskin yeni hərbi doktrina qəbul etməsində ehtimal olunan təhlükələrə qarşı hazırlaşmaq məqsədi dayanır. Amma bu doktrinanın məhz aprelin 4-də - Dağlıq Qarabağda ciddi döyüşlərin getdiyi bir vaxtda qəbul olunması və ora “xaricdə döyüşmək qadağasının” daxil edilməsi Minskin Azərbaycan faktorunu da nəzərə aldığını deməyə əsas verir.

Görünür, rəsmi Bakı ilə ən yüksək səviyyədə xoş əlaqələrə malik olan Belarus Respublikası öz əsgərini Ermənistanın haqsız müharibəsində labüd ölümə göndərmək niyyətində deyil. Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri haqda açıqlaması da bunu deməyə əsas verir.

Eyni münasibəti KTMT-nin digər üzvü Qazaxıstan da sərgilədi. Rəsmi Astana aprelin 2-dən 5-nə qədər davam edən döyüşlərdə Azərbaycanı dəstəklədi. Əslində indiyə qədər Astana Ermənistanı işğal etdiyi əraziləri azad etməyə çağırılar etmişdi. 2014-cü ilin 29 may tarixində Avrasiya İqtisadi İttifaqının təsisinə həsr olunan Astana sammitində baş verənlər hazırki proseslər fonunda yenidən yada düşür. Belə ki, Prezident İlham Əliyev sammitə ünvanlandığı məktubda Ermənistanın BMT tərəfindən tanınmış sərhədlərlə ittifaqa üzv olmasını tələb edir, Azərbaycan torpaqları olan Qarabağın bu prosesdən kənarda qalmasını istəyirdi. Azərbaycan liderinin məktubunu oxuyan Nursultan Nazarbayevin “biz Azərbaycan prezidentinin məktubunu almışıq. Məktubda Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyünün mümkün olduğu qeyd olunub. Azərbaycan hesab edir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlərlə Avrasiya İqtisadi İttifaqına qoşula bilər” deyə Sarkisyanı çətin vəziyyətə salması rəsmi Bakının işğalçı düşməni blokadaya salmaq siyasətinin uzun müddətdir apardığını deməyə əsas verir.

Və bu gün Azərbaycan həmin siyasətin bəhrəsini görür. Təsadüfi deyil ki, Avrasiya İqtisadi İttifaqının aprelin 8-də İrəvanda nəzərdə tutulan sammiti təxirə salınıb. Bu gün yayılan məlumata görə, sammit aprelin 13-də Moskvada baş tutacaq. Belə demək mümkünsə, Ermənistanın özünə müttəfiq hesab etdiyi Rusiya, Qazaxıstan, Qırğızıstan və Belarus İrəvana getməkdən imtina edir.


KTMT-da baş verənlər iki amili ön plana çıxarır.


- Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bundan sonra həyata keçirəcəyi istənilən anti-terror əməliyyatında Ermənistan başqa ölkəyə arxalana bilməyəcək. Bu, rəsmi Bakıya ərazi bütövlüyümüzün bərpa etmək üçün yeni şans verir.

- Təşkilatın ümumiyyətlə dağılmaq ehtimalı gündəmdədir. Çünki Minsk öz ordusunun xarici əməliyyatlarda iştirakına qadağa qoyması faktiki olaraq KTMT-nin nizamnaməsinin qüvvədən düşməsi deməkdir. Təşkilatın nizamnaməsinə görə, hansısa üzv ölkənin təhlükəsizliyinə yaranan problemə bütün üzvlər reaksiya verməlidir. Təşkilat daxilində yaranmış bu çatın özü də Ermənistanı təklənmiş vəziyyətə salır və Azərbaycanı işğal olunmuş torpaqları azad etmək imkanını genişləndirir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm