İlk mərhələ tamamlandı, ikincisi başlanır: Qarabağa azadlıq gətirəcək proses
Bizi izləyin

Nida.az

İlk mərhələ tamamlandı, ikincisi başlanır: Qarabağa azadlıq gətirəcək proses

Cəbhə xəttində dörd gün ərzində baş verən döyüşlərdə Azərbaycan Ordusu işğalçı Ermənistana sarsıdıcı zərbə endirdi. Aprelin 5-də atəşin dayandırılması ilə bağlı razılaşma əldə olunan qədər ordumuz düşmən işğalında olan bəzi əraziləri və bir neçə strateji yüksəkliyi azad etdi. Ermənistanın 300-dən artıq canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edildi. Ordumuz ələ keçirdiyi hərbi-strateji yüksəkliklərdə artıq möhkəmlənib.

Bu döyüşlər Azərbaycana hərbi-strateji və siyasi üstünlüklər qazandırdı.

Hərbi-strateji üstünlüklər

İşğaldan azad olunan yüksəkliklər təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrini erməni hərbi birləşmələrinin hədəfində olmaqdan xilas etdi. Bundan sonra həmin bölgədəki dinc əhalinin təhlükəsiz şəraitdə yaşayışı təmin olunacaq. Bu üstünlük təmas xəttində mövcud situasiyanı bizim xeyrimizə dəyişdi. Bundan sonra Azərbaycan hərbiçiləri işğal altında olan torpaqlarımızdakı erməni mövqelərinə ciddi təhdid altında saxlayacaq. Yayılan məlumatlara görə, həmin ərazilərdə yerləşdirilmiş ermənilər artıq kəndləri boşaldaraq, evlərini tərk edirlər.

Misal üçün, Ermənistanın “armenreport” saytının aprelin 5-də hazırladığı materialda işğal olunmuş ərazilərdə yerləşdirilən ermənilərin İrəvana qaçdığını yazır. Saytın jurnalisti Slavik Qabrilyan bildirir ki, insanların və hərbiçilərin gözündə qorxu var: “Onlar bunu gizlətməyə çalışsalar da, bu aydın şəkildə görünür. Ağdərə sakinləri nə edəcəklərini bilmirlər. Kəndlərdə insanların hamısı ya Xankəndinə, ya da İrəvana qaçıb. Hətta bəzilərinin Rusiyanın Krasnador vilayətinə getdiyi də deyilir”.

Rusiyanın “Kommersant” nəşrinin bu gün yaydığı xəbərdə isə Azərbaycan Ordusunun ələ keçirdiyi strateji yüksəkliklərin ətrafındakı kəndlərdə yaşayan ermənilərdən cəmi 50 nəfərinin qaldığı deyilir.

Talış kənd administrasiyasının başçısı Vilen Petrosyan nəşrə bildirib ki, döyüşlərin başlanmasına qədər kənddə 570 insan yaşayırdı: “İndi onların təxminən 50 nəfəri qalır. Onlar da yaxın günlərdə gedəcək”.

Qeyd edək ki, Rusiya mediası döyüşlər başlayandan sonra Dağlıq Qarabağa yerləşdirilmiş ermənilərdən ən azı 3 min nəfərinin evlərini tərk etdiyi haqda yazıb.

Qondarma “DQR”-in “müdafiə naziri” Levon Mnatsakanyanın Ermənistan müdafiə naziri Seyran Ohanyana yazdığı məxfi məktubda isə hər şey açıq şəkildə etiraf olunur.

02 aprel 2016-cı il tarixindən başlayaraq təmas xəttində intensivləşən atışma səbəbindən Əsgəran, Ağdarə və Xocəvənd rayonlarının əhalisi yaşayış yerlərini tərk edərək Ermənistan istiqamətində hərəkət edir.

Əhalinin yaşayış məntəqələrini tərk etmələrinin qarşısını almaq məqsədi ilə Əsgəran şəhərinin çıxışında postlar quraşdırılıb. Rayonu tərk edən əhali həmin postlarda saxlanılaraq yaşayış yerlərinə qaytarılır. Həmçinin, hərbi qulluqçular arasında fərarilik halları qeydə alınıb”, - deyə məktubda qeyd olunur.

Bu faktlar qısa müddətli döyüşlərdə Azərbaycan Ordusunun əldə etdiyi uğuru aydın şəkildə sübut edir.

Hesab etmək olar ki, bundan sonra Ermənistan hərbi birləşmələri daim qorxu içində qalacaq. Hərbi təcrübə göstərir ki, qorxu içində olan ordularda fərarilik və intihar halları geniş şəkildə yayılır. Nəticədə həmin ordu məğlub olur. Artıq Azərbaycan Ordusu düşmən ordusunun məğlubiyyətinin əsasını qoyub.

Bu qalibiyyətin daxili və xarici amil baxımından da əhəmiyyəti böyükdür.

Dörd günlük döyüşlərdən sonra Azərbaycan insanı özünü Qarabağ döyüşündə məğlub tərəf olmadığını gördü. Cəmiyyətdəki əhval-ruhiyyə də bunu deməyə əsas verir. Bu, cəmiyyətdə Azərbaycan Silahlı Qüvvələrinə inamı daha da artırdı.

Digər tərəfdən, xarici aləmdə də Azərbaycan Ordusunun istənilən vaxt onun qarşısına qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarında olduğu nümayiş olundu.

Siyasi üstünlüklər

Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatı ATƏT-in Minsk qrupuna da ciddi mesaj oldu. Minsk qrupunun 20 ildən artıq davam edən vasitəçilik missiyası heç bir nəticə verməyib. Son dövrlər həmsədrlərin münaqişənin “dondurulmuş” vəziyyətdə qalmasına yönəlik addımları müşahidə olunurdu. Bu isə Ermənistana işğal etdiyi Azərbaycan ərazilərində status-kvonu davam etdirmək şəraiti yaradırdı. Bundan sonra vəziyyət əvvəlki kimi olmayacaq. Artıq beynəlxalq vasitəçilər Azərbaycana danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı müraciətlər edir, Ermənistana konstruktiv dialoq aparmaq tələbi irəli sürülür. Gözləntilərə görə, danışıqlar prosesində Azərbaycanın əli güclənəcək və münaqişəyə dair yeni təkliflər irəli sürüləcək. Bu təkliflərin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində olacağı şübhəsizdir.

Azərbaycan bu döyüşlərlə müharibə qabiliyyətinin yüksək olduğunu sübut etməklə yanaşı, həm də onu göstərdi ki, torpaqların azad olunması üçün artıq səbir etmək niyyətində deyil. Bu baxımdan, danışıqların növbəti raundunda beynəlxalq və regional güclər Ermənistandan işğal etdiyi əraziləri boşaltmağı tələb edə bilərlər. (http://publika.az/p/131385).

ATƏT-in Minsk qrupu müharibə variantının real olduğunu görərək, mövcud status-kvonun davam edə bilməyəcəyini anladı. Hazırki vəziyyətdə Azərbaycan qalib, Ermənistan isə məğlubdur.

***

Aprelin 5-də atəşin dayandırılması ilə bağlı razılaşma torpaqlarımızın bir an öncə azad olunmasını arzulayan cəmiyyət tərəfindən müəyyən narazılıqla qarşılandı. Təsadüfi deyil ki, səngərdə döyüşlərin getdiyi bir vaxtda mövqeyindən, yaxud düşüncəsindən asılı olmayaraq, bütün cəmiyyət bir yumruq kimi birləşmişdi. Bu baxımdan, cəmiyyətdəki müharibə çağırışlarını, hərbi ritorikanı anlamaq mümkündür. Amma mövcud dünya reallığında ehtiyatlılıq əsas məsələdir. Hazırki situasiya göstərir ki, Azərbaycan atəşi bir şərtlə, münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunması və danışıqlar xatirinə müzakirələrin aparılmaması şərti ilə dayandırıb. Deməli, daha az itki verməklə ərazi bütövlüyümüzün sülh yolu ilə həllinə zəmin yaradılıb.

Ordumuzun Ermənistan üzərində üstün mövqedə olduğunu nəzərə alaraq, müharibənin davam etdirilməsini istəyənlərin mövqeyi də başadüşüləndir. Lakin müharibənin davam etməsinin hansı əks-effektlər törədə biləcəyi də nəzərə alınmalıdır.

- Azərbaycana qarşı beynəlxalq ictimai rəy dəyişərdi. Ölkəmiz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin qınaq hədəfinə çevrilə bilərdi. Azərbaycana qarşı sanksiyalar tətbiq olunardı və məcburetmə tədbirləri həyata keçirilərdi.

- Azərbaycan beynəlxalq arenada təklənərdi. Ermənistan isə beynəlxalq miqyasda haqlı ölkə imici qazanacaq və əlavə kömək qazanardı.

Mövcud situasiya Azərbaycan qarşı tərəfin səhv edərək başlatdığı lokal müharibədə ilkin məqsədinə nail oldu. Müəyyən ərazilər düşməndən təmizləndi. Ermənistana işğal etdiyi ərazilərdə möhkəmlənə bilməyəcəyi real olaraq çatdırıldı. Beynəlxalq ictimaiyyət münaqişənin “donmuş” olmadığını anladı və diqqəti bura cəmləndi. Bu manevrlə 20 ildir yerində sayan danışıqlar prosesini “yuxudan oyandırdı”. (http://publika.az/p/131626).

Artıq birinci mərhələ uğurla başa çatdı. İndi ikinci mərhələ - danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi başlayır.

Hazırda beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artıb, ölkəmizin mövqeyi möhkəmlənib. Azərbaycan Prezidentinə xaricdən olan müraciətlər, dəstək bəyanatları bunu bir daha təsdiq edir. Bu vəziyyətdə Azərbaycan danışıqlar prosesinə də üstün tərəf kimi gedir və bunun məntiqi nəticəsi də tam realdır. Bu vəziyyət prosesin ikinci mərhələsinin uğurla reallaşdırılmasına kömək edəcək. Azərbaycan cəmiyyəti də bu prosesdə dövlətin yanında olmalı və bütün mümkün bütün mümkün vasitələrdən istifadə edərək, ermənilərə qarşı informasiya müharibəsi gücləndirilməlidir.

Asif Nərimanlı

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm