Rəsmi Bakı Ermənistana cavab verdi
Bizi izləyin

Nida.az

Rəsmi Bakı Ermənistana cavab verdi

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in rəsmilərinin qondarma rejimin guya danışıqlar prosesinin tərəfi olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, H.Hacıyev deyib ki, beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycana qarşı güc tətbiq edərək ərazilərini işğal edən tərəf Ermənistandır. Onun sözlərinə görə, işğal edilmiş ərazilərdə qanunsuz olaraq, Ermənistan silahlı qüvvələri mövcuddur: “Münaqişə ilə əlaqədar qəbul edilmiş digər beynəlxalq sənədlərdə olduğu kimi, 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərarında da işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub. Qərarda deyilir: “Ermənistan Respublikası özünün hərbi mövcudluğu, hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub”, “onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir. Nəticə etibarilə, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər, o cümlədən Laçın rayonu üzərində effektiv nəzarəti həyata keçirir”. Ermənistan Azərbaycana qarşı törətdiyi təcavüz və işğalını ört-basdır etmək, habelə beynəlxalq ictimaiyyəti aldatmaq üçün işğal edilmiş ərazilərdə qondarma rejim yaradıb”.

XİN rəsmisi bəyan edib ki, 5 aprel tarixində atəşkəs barədə razılıq münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında əldə edilib: “İndiyə qədər də işğalçı dövlət olaraq, məsuliyyət daşıyan tərəf kimi danışıqlar prosesində Ermənistan iştirak edib və bundan sonra da belə olacaq. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları var və rəsmi Bakı həmişə bu icmalar arasında təmasların yaradılmasının tərəfdarı olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm