Danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın...
Bizi izləyin

Nida.az

Danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın...

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son günlər baş vermiş hadisələrə də toxunub.

Dövlətimizin başçısı Minsk qrupunun həmsədr dövlətlərinin bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürdüklərini, bu yaxınlarda ABŞ-a səfəri zamanı Amerikanın siyasi rəhbərliyi ilə o cümlədən Dağlıq Qarabağ münaqişəsinin geniş şəkildə müzakirə edildiyini diqqətə çatdırıb. Prezident deyib: “Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”.

Dövlətimizin başçısı qeyd edib ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik. “Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. İstəyimiz odur ki, məsələ həllini tapsın. Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Azərbaycan Prezidenti vurğulayıb ki, məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm