Yevda Abramov: “Ermənistan səfiri İsrailə yalvarır ki...” – AÇIQLAMA
Bizi izləyin

Nida.az

Yevda Abramov: “Ermənistan səfiri İsrailə yalvarır ki...” – AÇIQLAMA

“Xarici ölkələrdə, o cümlədən İsraildə səfirliyin açılması Azərbaycan Prezidentinin səlahiyyətinə aiddir. Biz deputatlar səfirliyin açılmasının əhəmiyyətindən danışa bilərik”.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Azərbaycanla İsrailin hərbi sahədə yüksək əməkdaşlığına rəğmən, Tel-Əvivdə səfirliyinin olmaması məsələsinə şərh verərkən deyib.

Onun fikrincə, Azərbaycan Konstitusiyası hər hansı ölkədə diplomatik korpusun açılması səlahiyyətini yalnız ölkə başçısına verir: “Səfirliyin gec açılması məsələsini müzakirə obyektinə çevirə bilmərik, buna səlahiyyətimiz çatmır.

Azərbaycanın İsraildə səfirliyi açılsa, bunun ən çox xeyri mənə dəyər. Çünki Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvüyəm, bir sıra məsələlərin həlli üçün bu dostluğun daha da dərinləşməsində səfirliyin açılması önəmlidir. Onsuz da Azərbaycanla İsrail strateji partnyor olan ölkələrdir, bir-biri ilə iqtisadi sahədə çox isti münasibətləri var. Aqrar sektor, təhsil, hərbi mübadilə, qərargah təlimləri və bir çox sahələrdə güclü əlaqələrimiz mövcuddur”.

Deputat vurğulayıb ki, İsrail hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstəyini nümayiş etdirib:

“Təmas xəttindəki son proseslər zamanı İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman bəyan etdi ki, biz Azərbaycan dövlətinin haqq işinin tərəfdarıyıq və İsrail Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Aviqdor Liberman həm keçmiş xarici işlər naziridir, həm də bu gün mənimlə tərəf müqabilidir, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir. Bir sözlə, Aviqdor Libermanın sözü elə İsrail dövlətinin sözü hesab olunur”.

Ermənistanın İsraildən Azərbaycana silah satmamaqla bağlı çağırışına gəlincə, Y.Abramov təsdiqləyib ki, Ermənistanın İsraildəki səfiri gizli şəkildə yerli kanallar vasitəsilə İsrailin müvafiq qurumlarına bu məzmunda məktub yazıb:

“Ermənistan səfiri İsrailə yalvarır ki, bu silahları Azərbaycana vermə. İsrail Azərbaycanla arasındakı protokola və bağlanılan müqavilələrə əsasən silahları bizə verəcək. Bu silahların Azərbaycan əsgərinə köməyi varsa, mənə elə gəlir ki, biz onlara minnətdar olmalıyıq. Fikrimcə, İsraildən alınan silahların bizə köməyi dəyir. Bu iki ölkənin dostluğu belə də davam eləməlidir. Kim yanır yansın, kim xar olur olsun, bu dostluğu qoruyub saxlayacağıq”.

Qeyd edək ki, dünən Ermənistanın Misir və İsraildəki səfiri Armen Melkonyan Yerusəlimə gələrək Azərbaycana silah tədarükünün dayandırılması üçün danışıqlara başlayıb.

Melkonyan İsrail diplomatları ilə söhbətinin məzmunu barədə mediaya məlumat verməkdən imtina etsə də, yayılan xəbərləri də təkzib etməyib. İsrail XİN-in mətbuat xidməti bu barədə şərh verməkdən imtina edib.

Xatırladaq ki, 2012-ci ildə Azərbaycan və “Israel Aircraft Industries” (IAI) şirkəti arasında “Harop” kamikadze-dronlarının tədarükünə dair böyük müqavilə imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm