“Ermənistanın bu istəyinə “hə” desək, Qarabağı…”
Bizi izləyin

Nida.az

“Ermənistanın bu istəyinə “hə” desək, Qarabağı…”

“Bu ilin aprel ayının 2-dən 5-dək ermənilər cəbhə xəttində aldığı sarsıdıcı zərbədən sonra hələ də özlərinə gələ bilmirlər”.

Bunu Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı dilə gətirib.

Deputat deyib ki, hazırda Ermənistan iqtidarı və cəmiyyəti, həmçinin, işğalçı ölkəni dəstəkləyən dövlətlər çaşqın vəziyyətindədir.

F.Ağamalının sözlərinə görə, Dağlıq Qarabağda yerləşdirilən ermənilər və separatçı rejim də vahimə içərisindədir: “Ona görə də Dağlıq Qarabağda yaşayan ermənilər kütləvi şəkildə bu əraziləri tərk edirlər. Faktiki olaraq hərbi, psixoloji və diplomatik uğur Azərbaycanın yanındadır. Azərbaycanın sərgilədiyi qətiyyətli mövqeyi bu münaqişənin həll olunması məsələsini ciddi şəkildə gündəliyə gətirir. Bütün bunlar Azərbaycan Prezidentinin açıq və birmənalı formada verdiyi bəyanatlarında da öz əksini tapıb. Belə olan təqdirdə isə ermənilər çalışacaq ki, ən müxtəlif təxribatlara əl atsınlar, Azərbaycana qarşı böhtanlardan istifadə etsinlər, yenə “göz yaşları” töksünlər və sairə. Biz bütün bunları Ermənistan tərəfindən gözləyirik. Çünki bu erməni xislətidir, onlar bunsuz yaşa bilməzlər, əks halda bu cür etnik xüsusiyyətlərini itirə bilərlər. Təbii ki, Azərbaycan bütün bu təxribat cəhdlərinə tam hazırdır. Çünki ermənilərin necə hərəkət edəcəyini artıq Azərbaycan xalqı gözəl bilir. Təbii ki, ermənilərin riyakarlıqdan doğan hər cür təxribat cəhdlərinin qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınacaq. Buna heç kəsin qəti şübhəsi olmasın”.

F.Ağamalı bildirib ki, ATƏT-in Minsk qrupunun hazırladığı və uzun illərdən bəri müzakirə mövzusuna çevrilən “Madrid prinsipləri” adlandırılan həll variantında da separatçı rejim tərəfindən idarə olunan “Dağlıq Qarabağ Respublikası” tərəf kimi yer almayıb: “Son dövrlərdə verilən bəyanatların hər birində də artıq Ermənistan tərəf kimi özünü göstərir. Bütün bunları konkret faktlarla sübut etmək olar. Yəni, Azərbaycanın işğal edilən ərazilərində Ermənistan vətəndaşlarının hərbiçi kimi iştirak etməsi, törətdikləri təxribatlar nəticəsində ölmələri və meyitlərinin Ermənistana daşınması, hətta buna görə erməni qadınların Serj Sarkisyan hakimiyyətinə etirazları bir daha sübut edir ki, Ermənistan bir tərəfdir, Dağlıq Qarabağ münaqişəsini yaradan və Azərbaycana qarşı işğalçılıq siyasətini hələ də davam etdirən Ermənistandır. Biz hər zaman Minsk qrupu həmsədrlərinin təklif etdiyi bu formata təkidli olmalıyıq. Ona görə də “Dağlıq Qarabağ Respublikası” heç bir halda sülh sazişinin bağlanılmasında və Ermənistan Silahlı Qüvvələrinin işğal olunan Azərbaycan torpaqlarından çıxmasında tərəf kimi iştirak edə bilməz. Ola bilsin ki, gələcəkdə Azərbaycan və erməni icmasının birgə yaşayışına razılıq verilər. Bu zaman isə Azərbaycan dövləti hər bir vətəndaşı kimi, ermənilərə də eyni münasibət göstərər, ermənilər də Azərbaycan dövlətinin qayğısını görərlər. Münaqişənin sülh yolu ilə həllində çıxış yolu budur. Bunun ayrı yolu yoxdur və ola da bilməz”.

F.Ağamalı Rusiyanın Dağlıq Qarabağa sülhməramlı qüvvələr yerləşdirəcəyi barədə yayılan məlumatlara da münasibət bildirib: “Buna heç cür yol vermək olmaz. Əgər Rusiya tərəfinin sülhməramlı qüvvələri Dağlıq Qarabağa girsə, o zaman işğal edilən ərazilərimizin Azərbaycana geri qayıtma şansları heçə enər. Bununla da Azərbaycan həmin torpaqların geri qaytarılması üçün çox çətin vəziyyətə düşər. Ən azı Rusiyanın Cənubi Osetiya və Abxaziya problemləri zamanı hansı addımı atması heç kəsin yadından çıxmayıb. Çünki vaxtilə Cənubi Osetiya və Abxaziyada sülhməramlı qüvvələrini yerləşdirən Rusiya bir neçə ildən sonra bu əraziləri Gürcüstandan zorla alaraq, müstəqilliklərini tanıdı və öz nəzarətinə keçirdi. Ona görə də əgər gələcəkdə bu məsələ gündəmə gələrsə, Azərbaycan tərəfi həmin təklifə birmənalı olaraq müsbət cavab verməməlidir. Gələcəkdə Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi aktual olarsa, burada təkcə Rusiya qüvvələri deyil, eyni zamanda ATƏT və ya BMT bayrağı altında Türkiyə, Almaniya və digər dövlətlərin də sülhməramlı qüvvələri müvəqqəti olaraq hımin ərazilərdə yerləşdirilə bilər. Bir daha təkrar edirəm ki, bu uzunmüddətli missiya olmamalıdır. Əks halda təkcə Rusiyanın Dağlıq Qarabağda sülhməramlı qüvvələr göndərməsinə razılıq versək, o zaman birmənalı olaraq biz Dağlıq Qarabağla vidalaşmalı olacağıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm