Türkiyədən Ermənistana XƏBƏRDARLIQ - VİDEO
Bizi izləyin

Nida.az

Türkiyədən Ermənistana XƏBƏRDARLIQ - VİDEO

İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti başa çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin bağlanış mərasimində çıxış edib.

Sonra Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və İƏT-in baş katibi İyad bin Amin Mədəni birgə mətbuat konfransı keçiriblər.

Baş katib İstanbul Sammitinin nəticələri, İslam Əməkdaşlıq Təşkilatının gələcək fəaliyyət istiqamətləri, təşkilatın qarşıya qoyduğu vəzifələrdən danışıb.

Sammitin nəticələrini yüksək qiymətləndirən Ərdoğan İƏT-in strukturunda təkmilləşdirmə işlərinin aparılmasının təşkilatın gələcək fəaliyyəti üçün önəm daşıdığını söyləyib.

Sammitdə müsəlman ölkələrinin sərhəd toxunulmazlığının bərpa olunması və qorunması, münaqişələrin həlli və qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair aparılan müzakirələr və qəbul olunan qərarlardan bəhs edən Ərdoğan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması və problemin bu vaxtadək həll edilməməsinin səbəbləri barədə məlumat verib.

İƏT-in bir daha Azərbaycanın sərhəd toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıran Prezident BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsindən, ATƏT-in Minsk qrupunun məsələnin həlli ilə bağlı yarıtmaz fəaliyyətindən söhbət açıb.

Vurğulayıb ki, İƏT ciddi səylərlə müsəlman ölkələrindəki problemlərin, silahlı münaqişələrin həllinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərməlidir.

İƏT-in XIII zirvə toplantısının yekun kommünikesində deyilir ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qəti mövqeyini bir daha təkrarlayıb, ərazilərin güc yolu ilə əldə edilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğunu təsdiqləyib və BMT TŞ-nin qətnamələrini həyata keçirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırıb.

Sənəddə münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi çərçivəsində həllinə çağırış yer alıb: “Konfrans təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılması, qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki olaraq dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərdən narahtlıq ifadə edir. Bu baxımdan konfrans üzv dövlətləri milli qanunvericiliklər əsasında tədbirlər görməyə çağırır”.

Konfrans Ermənistanın mülki insanların əziyyət çəkməsi, məscidlərə hücum edilməsi, dua edən insanların ölümü və sosial-iqtisadi infrastrukturun dağıdılması ilə nəticələnən davamlı hücumlarını qınayıb: “Konfrans Azərbaycanın bu hücumlara qarşı durmaq və öz əhalisini müdafiə etmək səylərini dəstəkləyir".

Sənəddə Ermənistana siyasi, iqtisadi və digər vasitələrlə təzyiqin davam etdirilməsinin vacib olduğu vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm