Əcnəbi alimlər Xocalı soyqırımından danışdı – FOTOLAR
Bizi izləyin

Nida.az

Əcnəbi alimlər Xocalı soyqırımından danışdı – FOTOLAR

Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyənin Anadolu Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Universiteti tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş "Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə" mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Universitetinin (AU) rektoru Fərid Əhmədov, Türkiyənin Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov, Anadolu Universitetinin tarixçi alimi Mehmet Topal, Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, millət vəkili Aydın Mirzəzadə, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai birliyinin sədri Məmmədəli Babaşlı, Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Türkiyənin Azərbaycandakı Səfirliyinin üçüncü katibi Öznur Tübençokrak, KİV nümayəndələri və tələbələr iştirak ediblər.

İlk olaraq qonaqlar universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzüblər.

Tədbirdə türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımlardan və erməni işğalçılarının məkrli planlarından söhbət açılıb.

Sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

AU-nun rektoru Fərid Əhmədov bildirib ki, soyqırımı cinayət olduğundan bu cinayətin məhkəmədə sübuta yetirilməsi çox vacibdir: "Bunu nəzərə alaraq tarixdə, yəni ötən əsrin əvvəllərində baş vermiş qətliamların praktiki nöqteyi-nəzərindən soyqırımı kimi tövsif olunması çox çətindir. Çünki insanlar artıq dünyasını dəyişib və həmin zamanda olan şahidlər artıq yoxdur. Bəzi faktları araşdırıb üzə çıxarmaq bir qədər çətinliklər yarada bilər".

Türkiyənin Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov ermənilərin tarix boyu türklərə qarşı apardığı düşmənçilik və soyqırımı siyasətindən bəhs edərək qeyd edib ki, torpaqlarına təcavüz olunduqdan sonra da Azərbaycan bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin BMT və ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirir.

A.Hətəmov bildirib ki, Türkiyə Dağlıq Qarabağ məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib.

Azər Hətəmov Anadolu Universitetinin Türkiyə ərazisində yerləşməsinə baxmayaraq, Universitetin Azərbaycandan da distant formada təhsil alan minlərlə tələbəsinin olduğunu qeyd edərək, konfransda müzakirə edilən mövzu ilə əlaqədar elmi məqalələrin Anadolu Dövlət Universitetinin Azərbaycandakı tələbə gənclərinə də təqdim olunacağını bildirib.

Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev deyib ki, biz bəzən soyqırımının genosid kimi sübut edilməsində deqlizmə yol veririk: "Məsələn, qətliamla soyqırımı arasında kəskin sərhəd qoyulur. Əslində hüquqi cəhətdən bunların arasında fərq olsa da, yəni qətliam hər hansı bir şəhərin, kəndin milli mənsubiyyətinə görə deyil, ancaq qalibiyyət xatirinə qırılmasını özündə ehtiva edirsə, genosid və soyqırımı terminləri konkret bir topluma milliyyətinə, dininə, etnik təmsilçiliyinə görə törədilmiş kütləvi qırğın aid edilir. Baxmayaraq ki, bizim Azərbaycan Respublikasının Cinayət Məcəlləsində soyqırımı anlayışı var”.

Millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, soyqırımı dedikdə ancaq bir xalqın və yaxud da bir dövrdə olan soyqırımı nəzərdə tutulmur: "Tarixən bu böyük dünyaya qarşı törədilən soyqırımları öyrənməliyik və yaxud bununla bağlı bir sistem yaratmalıyıq. Hesab edirəm ki, siz bu konfransla artıq bunun əsasını qoymusunuz. Artıq bu sistemləşdirilməli və konkret bir tarixi dövr götürülməlidir. Burada ümumi cəhətləri axtarmağı bacarmalıyıq. Əlbəttə ki, bu istiqamətdə Azərbaycan elmi öz sözünü deyir".

Türkiyəli tarixçi alimi Mehmet Topal öz çıxışında 1915-ci il hadisələrinin əsl gerçəkləri haqqında arxiv sənədlərinə əsaslanaraq bildirib ki, həmin vaxt heç bir soyqırımı olmayıb: “Əsl qətliam 20-ci yüzillikdə bütün dünya ictimaiyyətinin gözləri qarşısında baş verən Xocalı soyqırımıdır”.

Mehmet Topal Türkiyədə bu istiqamətdə son vaxtlar arxivlərdə geniş araşdımalar aparıldığını, bütün sənədlərdə ermənilərin iddialarının tam tərsi, yəni əslində türk xalqlarına qarşı edilmiş soyqırımlar olduğunun isbatlandığını bildirib.

GEAD İB-nin sədri Məmmədəli Babaşlı təmsil olunduğu qurumun soyqırımla bağlı gördüyü işlərdən danışıb: "Dövlətimizin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Biz də ictimai birlik olaraq bu sahədə üzərimizə düşən işi layiqincə yerinə yetirməyə hazırıq".

Tədbirdə bildirilib ki, bu məsələlərin araşdırılması istiqamətində bugünədək bir çox işlər görülməsinə baxmayaraq, bunu tam qənaətbəxş hesab etmək olmaz. Bundan sonra bu istiqamətdə daha çox işlərin görülməsinin vacibliyi vurğulanıb.

Daha sonra AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi Vaqif Abışov, Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının professoru Anar İsgəndərov mövzu ətrafında fikirlərini bölüşüblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm