TANAP, Transxəzər... Xəzərdə siyasi tarazlıq yerindən oynayır
Bizi izləyin

Nida.az

TANAP, Transxəzər... Xəzərdə siyasi tarazlıq yerindən oynayır

“Xəzər bölgəsi” olaraq qəbul edilən su hövzəsinə hələlik konkret ad qoyulmayıb. Xəzərin göl, yoxsa dəniz adlandırılması ilə bağlı müzakirələr davam edir. Xəzərin dəniz, yoxsa göl adlandırılması bu bölgədəki ölkələrin enerji paylarını da dəyişdirəcək”.


Publika.az xəbər verir ki, bu barədə Türkiyənin SETA Vəqfi tərəfindən hazırlanan “Status məsələsi fonunda Xəzərdə enerji bölgüsü” analizində deyilir.


“Xəzərin statusunun müəyyən edilməsi enerji ehtiyatlarının yerini dəyişə bilər”


Təhlildə bildirilir ki, Xəzər hövzəsindəki ölkələr – Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya aşkarlanmış təbii qaz ehtiyatını bölüşdürür: “Bu ehtiyatın dörddə bir hissəsi Rusiyaya aiddir. Rusiyanı 2,9 trilyon ehtiyatla Qazaxıstan, 1,4 trilyon ehtiyatla Azərbaycan təqib edir. Burada Azərbaycanın Xəzər hövzəsində ən qısa sahil xəttinə sahib olmasına baxmayaraq, ehtiyat baxımından 3-cü sırada yer alması diqqət çəkir. Lakin Xəzər hövzəsinə “beşlik” formatında baxanda, hər bir ölkənin su hövzəsində böyük təsir imkanlarına sahib olmaq istəyi görünür. Xəzərin statusu ilə bağlı yaranmış problem də həm buradan, həm də qlobal enerji bazarlarına çıxış imkanından qaynaqlanır. Dolayısı ilə Xəzərin statusunun müəyyən edilməsi bölgədə enerji ehtiyatlarının yerini dəyişə bilər”.


“TANAP Türkiyənin Xəzərdəki mövcudluğudur”


Təhlildə bildirilir ki, Xəzər ətrafı 5 ölkə ilə yanaşı, bölgənin enerjisini Avropaya daşıyacaq Türkiyə də status məsələsi ilə yaxından maraqlanır: “Türkiyənin Xəzər enerjisində varlığı ilk olaraq TANAP-la gerçəkləşdi. Azərbaycanın Xəzər hövzəsindəki təbii qazını Türkiyəyə, buradan da Avropaya daşıyacaq TANAP layihəsi sürətlə irəliləyir. TANAP bir növ Türkiyənin Xəzərdəki mövcudluğudur. TANAP-ın ardınca Xəzərdən çıxarılan enerji başqa layihələrlə daşınsa da, yenə də Türkiyə marşrut olaraq dominantlığını qoruyacaq. İndiki situasiyada Xəzər bölgəsinin önəmi Avropa Birliyi ölkələri üçün də artır. Hazırda Xəzərdən yalnız Azərbaycanın təbii qazının Avropaya çıxarılması gündəmdədir. Yəni Türkiyənin Xəzər bölgəsinə çıxışı yalnız Azərbaycan üzərindəndir. Xəzər enerjisinin çıxarılması həm Türkiyə, həm də Avropa Birliyinin enerji təhlükəsizliyində Rusiyaya qarşı ciddi bir alternativdir”.

“Transxəzər layihəsi gerçəkləşəcəksə...”


Məqalədə qeyd olunur ki, Xəzər hövzəsindəki digər ölkələr təbii qaz potensialını artırmaq istəyir.

“Su hövzəsində təbii qaz ehtiyatlarına görə dördüncü yerdə olan Türkmənistan da enerji gücünü daha sərfəli formada istifadə etmək istəyir. Aşqabadın enerji həmləsi Türkiyəni yaxından maraqlandırır. Türkiyənin keçmişdə həyata keçirmək istədiyi, lakin hələlik baş tutmayan Transxəzər layihəsi gerçəkləşəcəksə, bu Xəzər bölgəsində siyasi tarazlığı yerindən oynadacaq. Bu layihə ilə ildə 30 milyard kubmetr türkmən qazını Avropaya çıxarmaq mümkündür. Digər tərəfdən, bu layihə həyata keçərsə, Türkmənistan qazının ən böyük alıcısı olan Çinin təsirləri azalacaq, həmçinin, Aşqabadın enerji məsələsində Rusiya və İran arasında qalması da aradan qalxacaq. Məhz buna görə də enerji xəritəsini dəyişdirmək gücündə olan Xəzər bölgəsi əhəmiyyətlidir”, - deyə təhlildə diqqətə çatdırılır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm