Argentinanın müdafiə naziri Qarabağ münaqişəsindən DANIŞDI – FOTOLAR
Bizi izləyin

Nida.az

Argentinanın müdafiə naziri Qarabağ münaqişəsindən DANIŞDI – FOTOLAR

Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov aprelin 19-da Argentinanın müdafiə naziri Xulio Martinezlə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə müdafiə nazirinin strategiya və hərbi məsələlər üzrə müavini Anxel Pablo Tello və locistika və fövqəladə hallarda əlaqələndirmə üzrə müavini Valter Sebayos da iştirak ediblər. Görüş zamanı Azərbaycan və Argentina arasında siyasi əlaqələr və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

R.Aslanov həmsöhbətinə Azərbaycan haqqında məlumat verib, onun tarixi, yerləşdiyi region, iqtisadi inkişafı və digər ölkələrlə münasibətləri haqqında danışıb. Habelə Argentina və Azərbaycan arasındakı münasibətlərin hazırkı durumu və bu münasibətlərin daha da gücləndirilməsi imkanları haqqında söhbət açıb.

R.Aslanov iki ölkənin müdafiə nazirlikləri arasında, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın da mühümlüyünə toxunub, bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Argentinalı nazir ölkəsinin bütün ölkələrlə yaxşı münasibətlərin qurulmasına çalışdığını, bu baxımdan Azərbaycanla əlaqələrin gücləndirilməsinin Argentina üçün də önəm daşıdığını vurğulayıb.

Daha sonra R.Aslanov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, münaqişənin həlli yolları istiqamətində aparılan danışıqlar və bu danışıqlarda Ermənistan tərəfinin tutduğu mövqe barədə qarşı tərəfə ətraflı məlumat verib, beynəlxalq təşkilatların münaqişə ilə bağlı Azərbaycan tərəfinin mövqeyini dəstəkləyən sənədləri haqqında danışıb.

Habelə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş gərginliyin əsas səbəb və nəticələrini nazirə ətraflı izah edib, Ermənistan tərəfinin təcavüz siyasətindən əl çəkmədiyini, ötən ildən etibarən Ermənistanın "deterrence" hərbi doktrinasına keçdiyini, işğal olunmuş ərazilərimizə yaxın kəndlərdə yaşayan mülki Azərbaycan əhalisinin davamlı olaraq Ermənistan hərbi qüvvələrinin atəşlərinə məruz qaldığını, son günlər bu atəşlərin daha da intensiv şəkil aldığını, Azərbaycan qoşunlarının mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan tərəfinin hücumlarının qarşısını almaq üçün müvafiq tədbirlər gördüyünü bildirib.

Azərbaycan tərəfinin davamlı sülh və atəşkəs çağırışları etdiyini söyləyən R.Aslanov, buna baxmayaraq Ermənistan tərəfinin atəşi dayandırmadığını, əksinə, mülki əhalini daha çox hədəfə aldığını da qeyd edib.

R.Aslanov Ermənistanın regiondakı durumuna toxunuraq, münaqişə nəticəsində Ermənistanın regiondakı bütün önəmli enerji və nəqliyyat layihələrindən təcrid olunduğunu, Ermənistanın hazırda çətin sosial-iqtisadi vəziyyətdə olduğunu bildirib.

X.Martinez Argentinanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirərək, Ermənistan-Azərbaycan münaqişəsinin də sülh yolu ilə öz həllini tapacağına ümid etdiyini vurğulayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm