Deputatdan sərt sözlər: “Ermənistan Əli Kərimliyə istinad edir”
Bizi izləyin

Nida.az

Deputatdan sərt sözlər: “Ermənistan Əli Kərimliyə istinad edir”

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gənclərin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evinin qarşısında keçirdiyi aksiyaya münasibət bildirib.

Deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, sözügedən aksiyalar bilavasitə vətənpərvər gənclərin öz təşəbbüsü ilə keçirilib.

Onun sözlərinə görə, burada başqa məna axtarmaq doğru deyil: “Ermənistan mətbuatında Əli Kərimliyə istinadən fikirlər dərc olunur. Bu adam həmişə Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su töküb, bu gün də öz missiyasını davam etdirir. Azərbaycanın bütün vətənpərvər gəncləri bəyan edir ki, onlar Dağlıq Qarabağ ətrafında gedən proseslərlə əlaqədar xalq Ali Baş Komandan ilə bir yerdədir, Ali Baş Komandanın irəli sürdüyü istənilən təşəbbüsün ətrafında sıx birləşiblər. Ancaq son hadisələr zamanı hər kəs bir daha gördü ki, AXCP sədri xalqımızın birliyinə, dövlətçilik amalı uğurundakı vəhdətinə kölgə salmağa cəhd edir. Əli Kərimli nəyə görə Azərbaycan xalqının birliyinə kölgə salmaq istəyir? Azərbaycanın birliyini pozmağa cəhd düşmənə işləmək deyilmi?”

S.Novruzov Ə.Kərimliyə yaxın olan və xaricdə anti-Azərbaycan qüvvələri tərəfindən çalışdırılan “Azərbaycan saatı” verilişinin fəaliyyətinə də toxunub: “Görün nə qədər çirkin, nə qədər şərəfsiz, böhtan xarakterli fikirlər səsləndirilir! Azərbaycan silahlı qüvvələrinin cəbhədəki şücaətini gah Rusiyanın təxribatı adlandırırdılar, gah da Ermənistan mövqeyindən çıxış edirlər. İnsanlarda olan vətənpərvərlik ruhunu, ordumuzun döyüş qabiliyyətini, müasir silahlandırmanı kənara qoyub erməni lobbisinin sifarişini yerinə yetirirlər. Şəhid qanı üzərində siyasət yürüdürlər. Övladlarını xaricdə gizlədənlər bir neçə nəfərin vasitəsilə bulanıq suda balıq tutmağa çalışırlar.

Əli Kərimlinin müdafiə edənlər vaxtilə Şuşanı, Xocalını, Qarabağın digər bir sıra ərazilərini ermənilərə satanlardır. Vətənpərvər gənclərin Əli Kərimlinin evi önündə keçirdikləri kütləvi etiraz aksiyalarından sonra AXCP sədri onun özündən fərqlənməyən bir neçə tərəfdarını evində toplayıb. Lakin onun evinə toplaşanların hər birinin dövlətçilik maraqlarını satmaqda adları hallanır. Əli Kərimlinin evinə toplaşanlar, onu AXCP mətbuatında müdafiə edənlər də vaxtilə Şuşanı, Xocalını, Qarabağın digər bir sıra ərazilərini ermənilərə satanlardır. İndi onlar yenidən erməniyə işləmək üçün fürsət əldə ediblər. Bu fürsəti onlara Əli Kərimli verib. Əlbəttə ki, düşmən bu ünsürlərə verdiyi tapşırıqları müqabilində nə isə verəcək. Ona görə də belələrini hətta ölkənin həssas dönəmlərində olsa belə, Vətən, dövlət, xalq kimi əhəmiyyətli faktorlar qətiyyən maraqlandırmır. Xəyanətkarları, satqınları birləşdirən məqam da məhz budur. Ona görə də bir daha təkrar edirəm, Əli Kərimlini müdafiə edənlər Şuşanı satanlar, Xocalı faciəsinin törədilməsində əlləri olanlardır”.

YAP-çı deputat Arif Yunusun qardaşı Ramis Yunusu da erməni dəyirmanına su tökməkdə günahlandırıb: “Erməni mənşəyinə görə buradan qaçan, hazırda ABŞ-da məskunlaşan, mütəmadi olaraq Ermənistana yardım göstərən Arif Yunusun qardaşı Ramis Yunus Azərbaycan xalqına qarşı ikrahını bildirdiyinə görə, səfir titulundan məhrum olunan bir şəxs kimi bu insanı müdafiə edir. Yəni təkcə mövcud mənzərəyə nəzər yetirəndə bəlli olur ki, Əli Kərimli hansı dinə-məzhəbə, hansı dövlətə xidmət edir.

Azərbaycanda hər kəsin sərbəst toplaşmaq hüququ var. Ancaq AXCP-nin hansısa aksiya keçirməyə sosial bazası, elektoratı yoxdur. Bu, sadəcə ictimai-siyasi sabitliyi pozmağa hesablanıb. Sual olunur ki, nəyə əsasən dövlət strukturunun qarşısında aksiya keçirirsən? Təbii ki, sərbəst toplaşmaq haqqında qanun var və qanunun tələbinə uyğun olaraq istənilən təşkilat belə aksiyalar keçirə bilər. Amma onun bir əsası olmalıdır. Əvvəlcədən fikrini bəyan etməlidir ki, nəyə əsasən aksiya keçirirəm. Lakin göründüyü kimi, biz növbəti dəfə Əli Kərimlinin arqumentsizliyinin şahidi olmaqdayıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm