Avropa Parlamentində erməni ordusunun Qarabağdan çıxarılması tələb edilib
Bizi izləyin

Nida.az

Avropa Parlamentində erməni ordusunun Qarabağdan çıxarılması tələb edilib

Avropa Parlamentində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa üzrə Liberallar və Demokratlar Alyansı siyasi qrupunun üzvləri İvo Vayql (Sloveniya) ve Hannu Takkulanın (Finlandiya) təşəbbüsü ilə “Dağlıq Qarabağda çəkişmələrin eskalasiyası: Aİ üçün narahatlığa səbəb?” mövzusunda dinləmələr keçirilib. Tədbirdə həmçinin AP-nin digər üzvləri Norika Nikolai (Rumıniya), İveta Qriqule (Latviya) və Anneli Yaatenmaki (Finlandiya) iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İ.Vayql Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyini vurğulayıb, eləcə də Azərbaycanın Ağdam rayonunda yerləşən köçkün şəhərciyinə səfərini yada salıb. O, Aİ-nin bu məsələyə ən yüksək siyasi səviyyədə daha böyük diqqət ayırmasının zəruriliyini vurğulayıb.

Münaqişənin hələ də öz həllini tapmamasını qeyd edən H.Takkula erməni təcavüzünün nəticələrinə diqqət çəkib, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Norika Nikolai BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin işğal altında olan Azərbaycan torpaqlarının azad olunmasını tələb etdiyini vurğulayıb və münaqişənin həlli prosesinin beynəlxalq hüquqa əsaslanmalı olduğunu önə çəkib.

Aİ-nin aparıcı tədqiqat qurumu sayılan Avropa Siyasət Mərkəzinin nümayəndəsi (European Policy Centre) münaqişənin həlli üçün Qərbin hərəkətə keçməli olduğunu, Ermənistanın bilərəkdən münaqişənin həllini uzatdığını bildirib.

Ekspert kimi dəvət olunmuş digər tədqiqatçı Denis Samut Şərq tərəfdaşlığı ölkələrində cərəyan edən münaqişələrlə bağlı Qərbi ayıq-sayıq olmağa çağırıb.

AZƏRTAC-ın Almaniya və Belçikada üzrə xüsusi müxbiri Vüqar Seyidov çıxışında son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrdən, erməni qoşunlarının Azərbaycan ordusunun mövqelərinə qarşı həyata keçirdiyi təxribat xarakterli həmlələrdən, təmas xətti boyunca dinc yaşayış məntəqələrinin intensiv atəşə məruz qalmasından danışıb, sakinlər arasında ölən və yaralananların olduğunu deyib. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müasir dövrü əhatə edən tarixi və bununla bağlı ölkəmizin mövqeyi barədə tədbir iştirakçılarına məlumat verilib.

Dinləmələr zamanı Ermənistan tərəfini təmsil edən bir sıra şəxslərin tədbirin gedişatına təsir etmək cəhdlərinə baxmayaraq, onlar buna nail ola bilməyiblər, iştirakçıların səsləndirdikləri fikirlərdə işğal faktı öz əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm