• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

İlham Əliyev bir sıra dövlət rəsmiləri ilə görüşdü - FOTO

  • Nida.az
  • 26 Aprel 2016 17:34
  • 686 Baxış
İlham Əliyev bir sıra dövlət rəsmiləri ilə görüşdü - FOTO

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Preka ilə görüşüb.

Prezident İlham Əliyev Maltanın prezidenti Mari-Luiz Koleyro Prekaya BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gəldiyinə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu səfəri həm də ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət kimi dəyərləndirdi və ölkələrimiz arasında əlaqələrin müsbət məcrada inkişaf etdiyini söylədi.

Prezident İlham Əliyev Azərbaycan ilə Malta arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq sahələrinin mövcud olduğunu da bildirdi. Ölkəmizin bu cür mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyən dövlətimizin başçısı xanım Prezidentin Bakıya səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu vurğuladı.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Malta Prezidenti Mari-Luiz Koleyro Preka Forumun əhəmiyyəti, yüksək səviyyədə təşkili və tədbirin açılışında Prezident İlham Əliyevin məzmunlu çıxışının yaratdığı yüksək təəssüratdan danışdı. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin önəmini vurğulayan Malta Prezidenti ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq perspektivlərinə də toxundu.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparıldı.

***

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir ilə görüşüb.

Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir Fransa Prezidenti Fransua Ollandın salamlarını və Azərbaycanla bağlı xoş xatirələrini dövlətimizin başçısı İlham Əliyevə çatdırdı.

Fransa Prezidentinə salamlarına görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Fransa dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Prezident Fransua Ollandın Azərbaycana iki dəfə səfər etdiyini xatırladan dövlətimizin başçısı dedi ki, bu, özlüyündə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyinə görə Arlem Dezirə minnətdarlıq edən Prezident İlham Əliyev səfərin ikitərəfli və regional məsələləri müzakirə etmək baxımından yaxşı fürsət olduğunu bildirdi.

Səmimi qəbula görə minnətdarlıq edən Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və son proseslər ətrafında geniş fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqallo ilə görüşüb.

Nazir Xose Manuel Qarsiya Marqallo Azərbaycana əvvəlki səfərlərini xatırlatdı.

Prezident İlham Əliyev Türkiyə və İspaniyanın birgə təşəbbüsü ilə yaradılan BMT-nin Sivilizasiyalar Alyansının uğurlu fəaliyyətini qeyd etdi və İspaniyanın Alyansa verdiyi dəstəyi yüksək qiymətləndirdi. İspaniyanın xarici işlər nazirinin Bakıda keçirilən bu tədbirdə iştirakını bu dəstəyin nümunəsi kimi dəyərləndirdi.

Görüşdə mürəkkəb beynəlxalq vəziyyət və münasibətlərdə qarşıda duran vəzifələri müzakirə etmək baxımından Forumun əhəmiyyəti qeyd edildi. Bu mühüm tədbirin beynəlxalq aləmə güclü müsbət mesaj verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq əlaqələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparıldı.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR