Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq müzakirə olunub
Bizi izləyin

Nida.az

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Türkmənistan tərəfindən həmsədri Sapardurdı Toyliyev ilə görüşündə ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

H.Zeynalov iki qardaş ölkə arasında əlaqələrin inkişafı məqsədilə səylərini əsirgəməyəcəyini bildirib.

S.Toyliyev Azərbaycanda gedən inkişaf proseslərini yaxından izlədiklərini diqqətə çatdıraraq son zamanlar ölkəmizdə mühüm beynəlxalq tədbirlərin keçirildiyini, bunun da Azərbaycanın nüfuzundan xəbər verdiyini söyləyib. Bu xüsusda, 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunları, hazırda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər tədbirlər xüsusi vurğulanıb. O, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Türkmənistanın təhsil nazirinin iştirak etdiyini bildirib.

Bu yaxında böyük türkmən şairi Məhtimqulu Fəraqinin nadir əlyazmasının Azərbaycanda tapıldığını vurğulayan diplomat bu əlyazmanın türkmən mütəxəssisləri ilə birlikdə və AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin elmi redaktəsi ilə Azərbaycan, türkmən və ərəb dillərində nəfis şəkildə nəşr olunduğunu bildirib. Bunun ortaq mədəni və tarixi köklərə malik Azərbaycan və türkmən xalqları arasında əlaqələrin inkişafının təzahürü olduğunu qeyd edib.

S.Toylıyev kitabın bu günlərdə keçiriləcək təqdimatında Türkmənistan Elmlər Akademiyasından yüksək səviyyəli nümayəndə heyətinin iştirak edəcəyini deyib.

Görüşdə Azərbaycan və Türkmənistanın dövlət başçılarının səmimi münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına gözəl zəmin yaradan amillərdən biri olduğu qeyd edilib.

Söhbət zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması, eləcə də birgə layihələrin icrası istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunub, Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm