İlham Əliyev Səyahət sənədi haqqında fərman imzalayıb
Bizi izləyin

Nida.az

İlham Əliyev Səyahət sənədi haqqında fərman imzalayıb

Səyahət sənədi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb.

Səyahət sənədi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Səyahət sənədinin təsviri” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Səyahət sənədinin spesifikasiyası” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Səyahət sənədinin nümunəsi” təsdiq edilsin (3 nömrəli əlavə).
4. Müəyyən edilsin ki:
4.1. səyahət sənədi Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan və sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir;
4.2. səyahət sənədi bu Fərmanın 4.1-ci bəndində göstərilən şəxslərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda, habelə həmin şəxslər üçün mənşə ölkələrindən sərhədkeçmə sənədləri əldə etmək mümkün olmadığı hallarda verilir;
4.3. səyahət sənədi bu Fərmanın 4.1-ci bəndində göstərilən şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədini vizasız keçərək ölkə hüdudlarından kənara çıxması üçün əsasdır.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. iki ay müddətində səyahət sənədi blanklarının hazırlanmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.2. iki ay müddətində səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. səyahət sənədinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.5. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Səyahət sənədinin təsviri

1 nömrəli əlavə

1. Səyahət sənədi (bundan sonra - sənəd) A4 formatındadır. Sənəd Avropa İttifaqı Şurasının 1994-cü il 30 noyabr tarixli Tövsiyəsi ilə təsdiq edilmiş Avropa İttifaqının standart səyahət sənədinə uyğundur.

2. Sənədin sağ hissəsində sənəd sahibinin fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır.
3. Sənədin:
3.1. yuxarı orta hissəsində alt-alta “AZƏRBAYCAN RESPUBLİKASI/REPUBLİC OF AZERBAİJAN” sözləri yazılır, həmin sözlərdən aşağıda Azərbaycan Respublikasının Dövlət gerbinin rəngli təsviri verilir, gerbin təsvirindən aşağıda alt-alta “SƏYAHƏT SƏNƏDİ/TRAVEL DOCUMENT” sözləri yazılır;
3.2. sağ yuxarı hissəsində sənədin nömrəsi yazılır;
3.3. sol yuxarı hissəsində yuxarıdan aşağıya doğru aşağıdakılar göstərilir:
3.3.1. “Hansı ölkəyə/Travel to”;
3.3.2. “Adı/First name”,“Soyadı/Surname”;
3.3.3. “Doğum tarixi/Date of birth”;
3.3.4. “Doğulduğu yer/ Place of birth”;
3.3.5. “Cinsi/Sex”, “Boyu/Height”, “Gözlərinin rəngi/Eye colour”;
3.3.6. “Xüsusi əlamətləri/Distinguishing marks”;
3.3.7. “Vətəndaşlığı/Nationality”;
3.3.8. “Ölkəsindəki yaşayış ünvanı (məlumdursa)/Address in home country (if known)”;
3.4. sol aşağı hissəsində möhür üçün yer nəzərdə tutulur. Ondan sağda yuxarıdan aşağıya doğru aşağıdakılar göstərilir:
3.4.1. “Sənədi verən orqanın adı/İssuing authority”;
3.4.2. “Sənədin verilmə tarixi/ Date of issue;
3.4.3. “Etibarlıdır/Validity period”;
3.4.4. “İmza/Signature”;
3.5. möhür yerindən aşağıda alt-alta “Əlavə qeydlər/Remarks/Observations” və “Bir səfər üçün nəzərdə tutulub./ Valid for one journey only.” sözləri yazılır.

Səyahət sənədinin spesifikasiyası

2 nömrəli əlavə

1. Səyahət sənədi (bundan sonra - sənəd) bir səhifədən ibarətdir. Kağızının tərkibi 100 faiz sellülozdan olan sənəd çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap edilir. Kağız və istifadə olunan boya sənədin lazer printerində çap edilməsi üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.
2. Sənədin səthi hamardır. Kağızın tərkibində görünən fluoressent liflər vardır. Sənədin istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında gilyoş, mikroçap və qabarıq çap üsullarından istifadə olunur.
3. Sənədin şəxsi məlumatlara aid hissəsi “göy qurşağı” çap üsulu ilə təsvir olunur. “AZƏRBAYCAN RESPUBLİKASI/REPUBLİC OF AZERBAİJAN” və “SƏYAHƏT SƏNƏDİ/ TRAVEL DOCUMENT” sözlərinin yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. Sənədin üzərində onun nömrəsi maqnetik mürəkkəblə çap edilir. Sənədin bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər sənədin üzərində proporsional şəkildə yerləşdirilir.
4. Sənəd üçün istifadə olunmuş kağız və boya ən azı 10 (on) il öz keyfiyyətini və xüsusiyyətlərini saxlamalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm