Qafar Əliyev: “Ulu öndər Qarabağın azad olunmasının özülünü qurub”
Bizi izləyin

Nida.az

Qafar Əliyev: “Ulu öndər Qarabağın azad olunmasının özülünü qurub”

“Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın banisi, xilaskarı və qurucusudur”.

Bu barədə Publika.az-a açıqlamasında Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev deyib.


Azərbaycanın banisi

Q.Əliyev bildirib ki, onun müəllifi olduğu “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu” kitabında ümummilli liderin Azərbaycan üçün gördüyü işlər, atdığı addımlar xarakterizə olunub: “Kitabda ilk olaraq ulu öndər Heydər Əliyevi Azərbaycanın banisi olaraq xarakterizə etmişəm. Bilirik ki, Azərbaycanda ilk demokratik respublika 1918-ci ildə Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və digərləri tərəfindən yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan Qırmızı Ordu tərəfindən işğal edildi. Bunun nəticəsində Azərbaycanda yaradılan Sosialist Respublikası 70 il ərzində davam etdi. SSRİ süqut edəndən sonra isə Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Zaqafqaziya Seymini də əlavə etsək, bu respublika say baxımından dördüncü idi. Bu müasir Azərbaycan Respublikasıdır və yeni tipli demokratik dövlətin banisi, xilaskarı, qurucusu ümummilli lider Heydər Əliyevdir. SSRİ-dən sonra yeni ideya-siyasi prinsipləri, yeni konstitusiyanı, idarəçilik metodlarını irəli sürən, bunu praktiki olaraq həyata keçirən Heydər Əliyev olub”.

Xilaskar

Q. Əliyev qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanın xilaskarı olaraq da tarixə düşüb.

“Azərbaycan müstəqilliyinə ümummilli liderin siyasi hakimiyyətə qayıdışından iki il öncə sahib olmuşdu. Amma mən Heydər Əliyevi Azərbaycanın xilaskarı olaraq xarakterizə edirəm. Çünki 1992-1993-cü illərdə Azərbaycanda bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən, erməni işğalı yaşanırdı. Bütün bunların qarşısını alınması isə yalnız ümummilli lider Heydər Əliyevin xidməti, dövlətçilik təcrübəsi nəticəsində mümkün olub. Sözün həqiqi mənasında Azərbaycan bir neçə hissəyə parçalanır, dövlət müstəqilliyi əldən gedirdi. Yalnız ümummilli lider Heydər Əliyev sayəsində Azərbaycan bu bəlalardan xilas ola bildi”, - deyə o bildirib.

Müasir Azərbaycanın qurucusu

PA rəsmisi diqqətə çatdırıb ki, ümummilli lider həm də müasir Azərbaycanın qurucusudur: “Ulu öndər qurucu prezident olaraq Azərbaycanda islahatlar apardı, aqrar, özəlləşdirmə siyasəti yürütdü, neft strategiyasını tətbiq etdi. Beləliklə ölkənin sosial-iqtisadi inkişafının nəzəri, praktiki istiqamətlərini müəyyən etdi. Azərbaycanın dinamik inkişafının bünövrəsini yaratdığı, neft siyasətini müəyyənləşdirdiyi və radikal islahatlar apardığı üçün Heydər Əliyev bu ölkənin qurucusu olaraq tarixə düşüb. Bu gün ümummilli liderin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, quruculuq prosesi inkişaf edir”.

Q.Əliyev bildirib ki, onun müəllifi olduğu 550 səhifəlik kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycanı xilas etmək üçün atdığı addımlar geniş şəkildə öz əksini tapıb: “Onun Naxçıvana gəlişi, xilasetmə prosesinin oradan başlanması, Naxçıvandakı ictimai-siyasi proseslər, Yeni Azərbaycan Partiyasının yaranması, ümummilli liderin hakimiyyətə qayıdışı, vətəndaş müharibəsinin qarşısının alınması, həyata keçirdiyi daxili və xarici siyasət kimi məsələlər bu kitabda detalları ilə açıqlanır. Sonda isə bu siyasi kursun davamı, bugünkü inkişaf, aparılan quruculuq prosesi də o kitabda əksini tapıb. Əsas tezis odur ki, ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın banisi, xilaskarı və qurucusudur”.

PA rəsmisi sözügedən kitabın bir neçə dildə nəşr edildiyini deyib: “Kitab 2006-cı ildə Azərbaycan dilində işıq üzü görüb. Daha sonra rus, qırğız, tacik, ingilis dillərində çap olunub. Hazırda fransız dilində çapa hazırlanır. Kitabın bundan sonra da müxtəlif dillərdə işıq üzü görməsi planlaşdırılır. Onun müxtəlif dillərə tərcümə edilməsində məqsəd xaricdə yaşayan azərbaycanlıların maarifləndirilməsidir. Artıq bu nəşr xaricdəki soydaşlarımızın stolüstü kitabına çevrilib və təbliğat işlərində əsas mənbədir”.

“Bu, Azərbaycanın qələbəsi ilə nəticələnəcək”

Azərbaycanın əsas probleminin ərazi bütövlüyünün olduğunu deyən Q.Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz çərçivəsində həllinin elmi, nəzəri və siyasi prinsiplərini müəyyən edib, özülünü qurub: “Bu özül hazırda möhkəmləndirilir, torpaqlarımızın azad olunması istiqamətində uğurlu fəaliyyət göstərilir. Bu fəaliyyətin sonu Azərbaycanın qələbəsi ilə nəticələnəcək. Bütün bunların hamısı onu deməyə əsas verir ki, Heydər Əliyev ideyaları həmişəyaşardır, heç vaxt köhnəlməyib, qalib gəlir və gələcək”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm