Qarabağda şahmat taxtası: Vaşinqton türklərin müdaxiləsini niyə istəmir?
Bizi izləyin

Nida.az

Qarabağda şahmat taxtası: Vaşinqton türklərin müdaxiləsini niyə istəmir?

“Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə dünyanın ən böyük oyunçuları dövriyyə girib. Türkiyə, ABŞ, Rusiya və Avropa Birliyinin hər birinin Qarabağ münaqişəsində öz maraqları var”.

Publika.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İvan Verixov “Xarkov informasiya agentliyində” yayımlanan məqaləsində yazıb.

Ekspert qeyd edib ki, 9 mayda Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Con Kerrinin telefon söhbətində müzakirə olunan əhəmiyyətli məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi oldu: “Azərbaycan xarici işlər naziri Almaniyaya səfər etdi. Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin Bakıya cavab səfəri planlaşdırılır”.

Beynəlxalq humanitar-siyasi tədqiqatlar institutunun eksperti Vladimir Bruter Avropa Birliyi, Rusiya və ABŞ-ın Qarabağ münaqişəsi ətrafında necə hərəkət edəcəklərini şərh edib.

Ekspert hesab edir ki, bu beynəlxalq oyunçulardan heç birinə Qarabağ münaqişəsində vəziyyətin kəskinləşməsi sərf etmir: “Türkiyənin nə düşündüyünü demək çətindir. Amma uzunmüddətli müharibə heç kimə sərf etmir. Ola bilsin ki, ABŞ hansısa qısa müddətli döyüşlərə göz yumsun. Amma hazırda ildırımsürətli hücum da gözlənilmir”.

Ekspert güman edir ki, Avropa Birliyi, Rusiya və ABŞ eyni cür hərəkət edəcək.

“Onlar Ermənistan və Azərbaycana “aktiv hücum” etməməyi təklif edəcək. Çünki bunun baş verməsi genişmiqyaslı hərbi eskalasiya deməkdir. Bunun da heç bir müsbət tərəfi yoxdur”, - deyə o bildirib.

Bruter hesab edir ki, Qərb Dağlıq Qarabağ münaqişəsi sayəsində Türkiyənin regionda sərbəst oyunçu olacağından ehtiyat edir: “Burada həqiqətən də Türkiyənin regionda güclənmək cəhdlərinin olduğu görünür. Qərb Türkiyənin onun tərəfdaşı olmasına əmin deyil. Bu baxımdan, türklərə geosiyasi lövhədə vəziyyəti dəyişdirmək imkanı vermək istəmirlər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm