Şəxsi həyatın toxunulmazlığına görə yeni cəzalar
Bizi izləyin

Nida.az

Şəxsi həyatın toxunulmazlığına görə yeni cəzalar

Azərbaycan qanunvericiliyində şəxsi həyatın toxunulmazlığının pozulmasına görə cəzalandırmaya səbəb olan halların sayı artırılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirə olunub.

Yeni layihəyə əsasən, şəxsi məlumatların məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə əldə edilməsi də şəxsi həyatın toxunulmazlığını pozan hal kimi dəyərləndiriləcək.

Məqsəd şəxsi həyatın müdaxilədən qorunmasını təmin etməkdir. Hazırkı Cinayət Məcəlləsinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılmasına görə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalar tətbiq edilir.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni layihədə təklif edilir ki, eyni əməllər həm vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, həm də məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədilməsi cəzalandırmaya səbəb olacaq. Bu hallara görə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırmanın olması təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm