Azərbaycanda seçicilərin sayı açıqlandı
Bizi izləyin

Nida.az

Azərbaycanda seçicilərin sayı açıqlandı

Mərkəzi Seçki Komissiyası (MSK) bu il üçün ən mühüm tədbiri olan daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurub.

MSK-dan Publika.az-a verilən məlumata görə, vətəndaşların konstitusion hüquqlarından olan seçmək və seçilmək hüquqlarının təmin olunması, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün seçici siyahıları əsas əhəmiyyət kəsb edən sənədlərdən biridir.

Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi ilə 2016-cı ilin əvvəllərindən may ayının sonunadək həyata keçirilən dəqiqləşdirmə prosesi nəticəsində siyahıların yüksək keyfiyyətdə və dəqiqliklə hazırlanmasına nail olunub.

Otuz mindən artıq aşağı seçki komissiyası üzvünün cəlb olunduğu bu əhatəli və irimiqyaslı proses Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin aidiyyatı orqanları, yerli icra hakimiyyətləri və bələdiyyə qurumları ilə sıx və intensiv əməkdaşlıq şəraitində reallaşdırılıb.

Siyahıların dəqiqləşdirilməsində Azərbaycan seçicilərinin də maraqlı olması və aktiv iştirakı, həmçinin Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xətti və internet səhifəsindəki on-line xidmət aparılan işin səmərəliliyini daha da artırıb.

Xüsusilə vurğulamaq lazımdır ki, dəqiqləşdirmənin effektiv həyata keçirilməsi, siyahıların müasir beynəlxalq standartlara uyğun tərtib və çap olunması üçün bütün proses boyunca informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən geniş istifadə olunub və bu məqsədlə zəruri proqram təminatları, həmçinin digər texniki imkanlar təkmilləşdirilib.

Seçki Məcəlləsinə müvafiq olaraq, seçici siyahıları hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirildikdən sonra dairə seçki komissiyalarına verilib, onlar isə aidiyyatı qurumlardan daxil olmuş məlumatlarla siyahıları yenidən təhlil etdikdən sonra Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Mərkəzi Seçki Komissiyası bütün bu proseslərə nəzarət edən orqan kimi öz növbəsində, fasiləsiz on-line rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə seçicilərin daxil olduğu məlumat bazasını toplayıb, orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı ilə bir daha dəqiqləşdirib.

2016-cı il mayın 26-da Mərkəzi Seçki Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə Komissiyanın inzibati binasında siyahıların tərtib edilməsi, çap olunması, təkmilləşdirilmiş proqram təminatları və seçici siyahılarının çevik ictimailəşdirilməsi üçün mövcud imkanlar, eləcə də siyahıların saxlanması şəraiti ilə tanışlıq olub və tədbirə qatılanlar üçün xüsusi təqdimatla prosesin bütün mərhələlərinin geniş izahı verilib. Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyasını fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyası ilə əlaqələndirən lokal şəbəkənin yaratdığı çevik, interaktiv və təhlükəsiz informasiya mübadiləsi, habelə müasir texnologiyanın verdiyi imkanlar seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin səmərəliliyini artırıb, seçicilərlə bağlı məlumatların keyfiyyətli təhlilini təmin edib və nəticədə siyahılar seçicilərin səsvermə hüquqlarının təmin edilməsi üçün real məlumatların əks olunduğu dəqiq bazaya çevrilib. Həmçinin bildirilib ki, seçici siyahılarının daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyət fasiləsiz davam etdiriləcək.

2016-cı il mayın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib və ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına dair məsələyə baxılıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilin əvvəlindən may ayının sonunadək uğurla həyata keçirilmiş vahid seçicilər siyahısının dəqiqləşdirilərək yenidən tərtib edilməsi kimi genişmiqyaslı proseslə bağlı ətraflı məlumat verib və dəqiqləşmə prosesində aşağı seçki komissiyalarına lazımi köməklik göstərmiş bütün qurumlara öz təşəkkürünü bildirib.

İclasda seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətin yekunları geniş müzakirə edilib və prosesin inkişaf dinamikası xüsusi vurğulanıb. Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası 2016-cı ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işini başa çatdırılmasına, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyatı üzrə dairə seçki komissiyalarına göndərilməsinə, həmçinin respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunub Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsinə dair qərar verib.

Qeyd edək ki, 2016-cı il 26 maya olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 5127111 seçici daxil edilib ki, onların da təqribən 48,35 faizini kişilər, 51,65 faizini isə qadınlar təşkil edir.

Komissiyanın iclası digər məsələlərin müzakirəsi ilə öz işini yekunlaşdırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm