Aprelin 5-də Milli Məclis sədrinin müavini, ATƏT-in
Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri
Bahar Muradova və Milli Məclisin deputatı, ATƏT PA-nın Büro üzvü,
həmçinin qurumun Təhlükəsizlik və siyasi məsələlər Ümumi Komitəsi
sədrinin müavini Azay Quliyev Danimarkanın Kopenhagen şəhərinə
səfərə yola düşəcəklər.
Milli Məclisin mətbuat xidmətində verilən məlumata görə,
deputatlarımız qurumun Büro iclasında iştirak edəcəklər.
Büroda öncə ATƏT PA-nın sədri Ranko Krivokapiç çıxış edəcək, daha
sonra ATƏT PA-nın baş katibi Spenser Oliverin məruzəsi
dinləniləcək.
İclasda əsas diqqət ATƏT PA-nın bu yay Azərbaycan paytaxtında
keçiriləcək 23-cü illik sessiyasında müzakirəyə çıxarılacaq
məsələlərə yönəldiləcək. Həmin məruzə və qətnamə layihələrini Büro
üzvlərinə qurumun Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi
məsələlər, elm, texnika və ətraf mühit, Demokratiya, insan
hüquqları və humanitar məsələlər üzrə Ümumi komitələrinin
məruzəçiləri təqdim edəcəklər.
B.Muradova Büro iclasında çıxış edərək ATƏT PA-nın cari il iyunun
28-dən iyulun 2-dək Bakıda keçiriləcək 23-cü illik sessiyasına
hazırlığın gedişi barədə ətraflı məlumat verəcək.
İclasda ATƏT PA-nın seçkilərdəki müşahidəçilik missiyası, həmçinin
qurumun xüsusi komitələrinin və xüsusi nümayəndələrinin fəaliyyəti
və digər məsələlər barədə də informasiya veriləcək.
Səfər aprelin 8-də başa çatacaq. /Trend/
|