İqtidarla kim gizli danışıqlara gedir - Sorğu
Bizi izləyin

Nida.az

İqtidarla kim gizli danışıqlara gedir - Sorğu

İqtidarla kim gizli danışıqlara gedir - Sorğu


Azərbaycanda siyasi partiyaların ölkənin xarici təhlükələrdən qorunması ilə bağlı memorandum imzalaması təklifi gündəmə gəlib.

Bununla bağlı Milli Məclisin dünənki iclasında çıxış edən deputat, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib ki, Krım hadisələrindən sonra Azərbaycan üçün olduqca ciddi vəziyyət yaranıb. “Təklif edirəm ki, hakim partiya bir memorandum irəli sürsün və bütün siyasi partiyalar buna qoşulmalıdır. Ölkənin təhlükəsizliyi məsələsində bir araya gəlməliyik”-deyə o təklif irəli sürüb.

Belə bir təklif müxalifət düşərgəsindən də gəlir. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra növbəti hədəfdə Azərbaycanın olması haqqında ehtimallar irəli sürülür və buna qarşı ölkənin birliyi məsələsi xüsusi vurğulanır.

Sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, müxalifət iqtidara gizli məsləhətləşmələr təklif edə bilər.

Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.Az -a açıqlamasında bildirib ki, onlar ölkənin təhlükəsizliyi məsələsində qarşılıqlı anlaşmaya hazırdırlar: “Söhbət Azərbaycana, dövlətçiliyimizə qarşı olan təhlükədən gedir. Ümummilli məsələlərdə Müsavat hər zaman birliyə hazırdır. Təbii ki, belə təhlükələr varsa hansısa danışıqlardan söhbət gedə bilər. Lakin hansı məsələnin gizli olub-olmayacağını indidən deyə bilmərik”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Publika.Az -a açıqlamasında memorandum imzalamağa ehtiyac olmadığını deyib: “Xarici təhlükələr varsa, buna qarşı hər kəs Azərbaycan qanununlarına uyğun, dövlətçilik əsaslarına söykənərək fəaliyyət göstərməlidir. Belə olduğu halda Azərbaycanın təhlükəsizliyi, ərazi bütövlüyü daha etibarlı şəkildə qoruna bilər. Söhbət hansısa müdaxilədən gedirsə, bununla bağlı müxalifət olaraq demişik ki, milli maraqlar olan yerdə bütün siyasi maraqları bir kənara qoymağa hazırıq”.

F. Qəhrəmanlı hakimiyyəti müxalifətin fikrini nəzərə almamaqda ittiham edib.“Təəssüf ki, ən ekstremal vəziyyətlərlə bağlı hakimiyyət birtərəfli qaydada öz iradəsini yeritməklə müxalifətin mövqelərini nəzərə almamağa üstünlük verir. Bunun əyani sübutu kimi Qarabağla bağlı ictimai dinləmələrin keçirilməməsidir. Bu baxımdan, biz hakimiyyətin belə addım atacağını real saymırıq. Digər tərəfdən hesab edirəm ki, ölkədəki qanun pozuntuları da Qarabağ kimi vacib məsələdə beynəlxalq dəstəyi ala bilmədiyimizə səbəb olan amillərdəndir”-deyə AXCP rəsmisi bildirib.

Bu məsələyə hakim Yeni Azərbaycan Partiyasının (YAP) mövqeyi də maraqlıdır. YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, YAP ümummilli məsələlərdə bütün siyasi partiyalarla bir araya gəlməyə həmişə hazırdır: “Amma təəssüf ki, bəzi siyasi partiyalar bu məsələdə heç də konstruktiv mövqe tutmur. Elə partiyalar var ki, Azərbaycanın MDB-dən çıxmasının istəyirlər. Eləsi komanda yaradıb Krıma döyüşməyə gedir. Bu, qəbul olunmazdır və belə siyasi partiyalarla nəyi müzakirə edə biləcəyimiz sual altındadır”.

Milli Şura üzvü Mehman Əliyev hesab edir ki, təhlükəsizlik məsələsində gizlililiyə ehtiyac yoxdur. Onun yanaşmasına görə, xarici təhlükələr qarşısında əvvəlcə daxili münasibətlər qaydaya düşməlidir: “Şəxsi, qrup maraqları dövlət maraqlarından üstün olmamalıdır. Hər şey qanun üstündə qurulmalıdır. Amma ölkədə bu məsələlər ətrafında problemlərin də olduğu məlumdur. Əgər bu gün xarici təhlükələr varsa və biz bunun qarşısı almaq haqda düşünürüksə, bəs daxili təhlükələrin qarşısı kim alacaq, bunu necə edək? Əgər bu gün bir araya gəlmək səsləndirilirsə, deməli təhlükə ciddidir və bunun üçün cəmiyyətin birliyi lazımdır ki, bu da münasibətlərin normal formasından keçir. Müxalifət partiyalarının xarici təhlükəyə- söhbət Rusiyadan gedir-münasibəti yetərincə sərtdir, aydındır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm