Asim Mollazadə ünvan göstərdi: “Onlar vətənə xəyanət edirlər”
Bizi izləyin

Nida.az

Asim Mollazadə ünvan göstərdi: “Onlar vətənə xəyanət edirlər”

Asim Mollazadə ünvan göstərdi: “Onlar vətənə xəyanət edirlər”



Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə gündəmin mövzularının Publika.Az -a müsahibəsində şərh edir.

-Suriyada daxili müharibəyə görə oradakı ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərin köçürüldüyü deyilir. Bunun qarşısını necə almaq olar?

-Azərbaycan bütün beynəlxalq təşkilatlarda hüquq normalarının kobud surətdə pozulması iddialarını qaldırmalıdır. Biz buna heç bir halda imkan verməməliyik. Hazırda belə məlumatlar var ki, Suriya erməniləri Qubadlı və işğal olunmuş digər rayonlara köçürülür. Bunun qarsısın almaq üçün ilk öncə Azərbaycan beynəlxalq təşkilatların qarşısında məsələ qaldırmalıdır.

-Bunun effekt verəcəyini gözləmək olarmı, çünki bundan əvvəl də belə hallara beynəlxalq təşkilatlar lazımı reaksiya verməmişdi, yaxud Ermənistan tərəfi heç nəyə fikir vermədən bildiyini etmişdi.

-Bəzi məsələlər ermənilərin uydurmalarıdır. Amma bəzən özləri etiraf edirlər ki, o erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirirlər. Biz beynəlxalq təşkilatlarda bu məsələni müzakirə çıxarmalı və tələbimizi sona qədər davam etdirməliyik.

-Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən nəsə gözləmək olarmı?

-Mən bu cür görüşlərdən heç bir şey gözləmirəm. Ermənistan danışıqların imitasiyasını davam etdirir və sülh istiqamətində addım atmaq niyyətində deyil. Ortada uzun illərdir hüquqi problem var. Biz dəfələrlə demişik ki, beynəlxalq hüquq normaları kobud sürətdə pozulub. Azərbaycanın ərazi bütövlüyünün pozulması beynəlxalq hüququ çeynəməkdir. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmur. Azərbaycanın işğalından sonra digər post-sovet ölkələrin əraziləri işğal olundu. Hüquqi nihilizm beynəlxalq hüququn kobud sürətdə pozulmasına şərait yaratdı. Bunun qarşısı alınmayana qədər beynəlxalq hüquq pozuntuları davam edəcək.

- Krımdan sonra Azərbaycana qarşı da yeni təhlükələrin olacağı deyilir və buna qarşı ölkədə bütün siyasi qüvvələrin birliyi təklif olunur. Sizin yanaşmanız necədir?

- Mən düşünürəm ki, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, milli dəyərlərə qarşı kimlərsə çıxış edirsə, deməli, Azərbaycana xəyanət edirlər. Bu ümumiyyətlə müzakirə mövzusu deyil, birmənalı olaraq belə olmalıdır. Birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi ilə bağlı hər bir azərbaycanlı vahid qüvvə kimi çıxış etməlidir. Kim buna qarşıdırsa, kim öz vətəni ilə deyil, deməli, xəyanət edir.

- AŞPA-nın yaz sessiyasında Ukraynanın müstəqilliyi yenidən gündəmə gətiriləcək. Azərbaycan BMT Baş Məclisində Ukraynaya dəstək vermişdi. Bu AŞPA-da necə olacaq?

-Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur. Azərbaycan BMT-yə daxil olan bütün ölkələrin ərazi bütövlüyünü tanıyır və ərazi bütövlüyünə xələl gətirmək, onu sual altında qoymaq məsələlərinə qarşıdır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünə BMT-də səs verdi. Təbii ki, AŞPA-da və digər məkanlarda bu belə də olacaq. Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq və onun pozulmasını qəbul etmirik.

-Sizcə bu Rusiyanı daha da qıcıqlandırmayacaq?

-Biz beynəlxalq hüquq normalarının və hüququn aliliyinin tərəfdarıyıq.

-Ermənistan baş naziri istefa verdi. Bu istefa hakimiyyət daxili qarşıdurma ilə bağlı idi, yoxsa ölkənin iqtisadi zəifliyindən irəli gəlirdi?

-Bu hadisələri iqtisadi, yaxud sosial vəziyyətə heç bir aidiyyəti yoxdur. Ermənistanın vəziyyəti elədir ki, bu istiqamətdə heç bir dəyişiklik mümkün deyil. Ermənistan iflasa uğramış, başqa ölkənin hərbi bazasıdır. Heç bir halda onu dövlət kimi adlandırmaq mümkün deyil. Amma baş nazirin istefası ölkənin rəhbərliyində ciddi problemlərlə bağlıdır. Bu, yeni hakimiyyət iddiası ilə çıxış edən qrupun qələbəsidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm