ABŞ-da “ağıllı-dəli” söhbəti, türk-kürd döyüşü... - GÜNÜN XÜLASƏSİ
Bizi izləyin

Nida.az

ABŞ-da “ağıllı-dəli” söhbəti, türk-kürd döyüşü... - GÜNÜN XÜLASƏSİ

Heç şübhəsiz ki, ötən bazar gününün gündəmi ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse" gecə klubuna edilən hücum idi. Amma terror hücumu iyunun 13-də də dünyanın gündəmində yerini tutdu.

Sən demə, "Pulse" gecə klubuna hücum edən Ömər Matinin "dəli" imiş. Bu haqda Ömərlə evli olarkən dəfələrlə döyüldüyünü iddia edən keçmiş arvadı özbək əsilli Sitora Alişerzoda bildirib.

Amma İmam Şafid Rəhman isə bildirir ki, o, əfqan əsilli amerikalı kifayət qədər "ağıllı" olub.

Daim anti-müsəlman fikirləri ilə gündəmə gələn amerikalı milyarder, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın da Ömərin ağlı barədə fikirləri var. Tramp "Fox and Friends" telekanalına müsahibəsində bildirib ki, keçmiş arvadı, yaxınları, o cümlədən əlaqədə olduğu müsəlman icmasının üzvləri onun "dəli" olduğunu bilirdilər və bu barədə hakimiyyətə məlumat verməyiblər.

Milyarderin sözügedən terror hücumundan sonra verdiyi digər bəyanatlar da gündəmdə olub. O, ABŞ-dakı bütün məscidlərin yoxlanılmasını məsləhət görüb. Tramp ölkənin müsəlman icmasından radikalları hakimiyyətə verməyə tələb edib. Milyarder Barak Obamanı da istefa verməyə çağırmağı unutmayıb.

İrəvanda isə Ermənistan parlamentinin qarşısında Ermənistan–Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına etiraz aksiyası keçirilib. Ermənilər iddia edirlər ki, İrəvan sazişlər yalnız Azərbaycana deyil, bütün dünyaya müharibə elan edir.

Ermənistan həm də müdafiə naziri Seyran Ohanyanın mühafizə xidmətinin rəhbəri Serqey Ayrapetyanın ətrafında yaranan qalmaqalla çalxalanır. Söhbət Müdafiə Nazirliyində yüksək məbləğdə mənimsəmə və rüşvət faktlarından gedir.

Azərbaycan Milli Məclisinin deputatı Aqil Abbas isə ermənilərin işğal altındakı Xaçınçay su anbarından Azərbaycan kəndlərinə mina axıdılmasına cavab olaraq Xaçınçay və Sərsəng su anbarlarını işğaldan azad etməyi təklif edib.

Ukrayna şərqində vəziyyət yenidən gərginləşib. "Sağ sektor" könüllü korpusuna separatçılartərəfindən açılan artilleriya atəşi nəticəsində 4 hərbçinin həlak olub, 11-i yaralanıb.

Suriyanın şimalında isə "İŞİD-lə mübarizə" adı altında strateji oyunlar oynanılır. Ankara tərəfindən PKK terror təşkilatının Suriya qolu hesab edilən PYD güclərinin üstünlük təşkil etdiyi "Demokratik Suriya Gücləri" İŞİD-i strateji əhəmiyyət daşıyan Menbiçdə mühasirəyə alıb.

Kürdlərin Türkiyədəki nümayəndəsi olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş Ankaranı "türk-kürd döyüşü" ilə təhdid edib. İrlandiyanın "The Irish Times" qəzetinə müsahibə verən kürd siyasətçi fürsətdən istifadə edərək bildirib ki, Avropa hökumətlərini qaçqın böhranına görə Ərdoğanla yaxşı əlaqələr qurması böyük səhvdir.

Azərbaycanın bölgələri isə dünənki təbii fəlakətin fəsadlarını aradan qaldırmaqla məşğuldur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm