Nida.az
“Bəlkə də bunu unutmamışdı” – rəqibləri Heydər Əliyev haqda
O, Azərbaycan üçün çox şey etmişdi, amma zaman-zaman
tənqidlərlə də üz-üzə qalırdı. Lakin hər kəsin etiraf etdiyi bir
məqam var idi: o, güclü və ağıllı siyasətçi idi. Bunu onu tənqid
edən rəqibləri də dəfələrlə etiraf edir.
Publika.az vaxtilə özlərini Heydər Əliyevə siyasi
opponent hesab edənlərdən onun haqqında fikirlərini soruşub.
"Adım çəkiləndə baxışları ilə məni tribunaya qədər
izlədi"
Heydər Əliyevə qatı müxalifətçi mövqeyində dayanan ADP sədri Sərdar
Cəlaloğlu onu belə xatırlayır: "Mənim Heydər Əliyevlə heç vaxt
birbaşa ünsiyyətim olmayıb. Onunla iki dəfə yaxın məsafədə olmuşam.
Bir dəfə Naxçıvanda 20 Yanar faciəsinin birinci ildönümü
münasibətilə mitinq keçiriləndə onunla çiyin-çiyinə dayanıb çıxış
etmişəm. Orda əvvəlcə mən çıxış etdim, sonra İrandan gələn
Ayətullah, daha sonra Heydər Əliyev danışdı. İkinci dəfə də
Naxçıvanda sərhədlərin açılması ildönümü ilə bağlı tədbir
keçirilirdi. Ora Türkiyədən, İrandan gəlmiş qonaqlar var idi,
Heydər Əliyev də Ali Məclisin sədri kimi orda idi. O, orta
sıralarda oturmuşdu, mən də lap arxada. Mənim çıxış etmək fikrim
yox idi, amma birdən mənim adım çəkildi. Mən də yerimdən qalxıb
tribunaya gəldim. O, adımı çəkiləndə baxışlarını geriyə çevirib
məni tribunaya çıxana qədər izlədi. Çıxış edib gedəndən sonra eyni
qaydada məni izlədi. Mitinqdə çıxış zamanı da hiss etmişdim ki,
mənə diqqətlə baxır. Hər iki çıxışımı diqqətlə izləmişdi. Amma heç
zaman bir kəlmə də danışmamışıq".
S. Cəlaloğlu qeyd edib ki, Heydər Əliyev onunla görüşmək üçün bir
neçə şəxsi yanına göndərmişdi.
"Naxçıvanda olanda bir çox adamlar, eləcə də əslən Naxçıvandan olan
Almaniya vətəndaşı Heydər Əliyevin adından mənə təklif gətirmişdi
ki, onunla görüşüm. Bundan başqa, bu gün Azərbaycanda məşhur
şəxslərin birinin kürəkəni də belə bir təkliflə gəlmişdi. Amma mən
razılı olmadım. Çünki mən Heydər Əliyevə xidmət edə bilməzdim, o da
mənim dediklərimi etməzdi. Dedim ki, bizim görüşümüz nə Heydər
Əliyevə, nə də mənə hansısa xeyir gətirməyəcək. O vaxt Heydər
Əliyev ideyalarını bölüşdürmürdüm. Amma bildirdim ki, o kifayət
qədər güclüdür və hakimiyyətə gələcək. Sadəcə olaraq öz ideyalarımı
qorumaq üçün onunla müəyyən məsafə saxladım" - deyə partiya sədri
qeyd edib.
"O açıq mübarizədə mənə qalib gəlib"
Vaxtilə Ayaz Mütəllibov hökumətində təmsil olunan ASDP sədri, Milli
Məclisin deputatı Araz Əlizadə Heydər Əliyevi dahi siyasətçi kimi
xarakterizə edib: "Mən ona müxalifətdə olmuşam, mübarizə aparmışam.
O açıq mübarizədə mənə qalib gəlib. Çox dahi, uzaqgörən idi. Bu
xalqı bütün incəliklərinə qədər yaxşı tanıyırdı. Ona görə də öz
yolunu davam etdirərək qalib gəldi. Allah ona imkan vermədi, yəqin
ki, Qarabağ məsələsini də həll edəcəkdi. Bir dəfə buna yaxın oldu.
O zamanda Ermənistanda Petrosyanı devirdilər".
"Onu müdafiə etdim, bəlkə də bunu unutmamışdı"
AXC dönəmində Ali Məhkəmənin sədri olmuş Vəhdət Partiyasının sədri,
hazırda Milli Məclisin deputatı olan Tahir Kərimli Heydər Əliyevi
Azərbaycan tarixinin böyük şəxsiyyəti adlandırıb: "Allah ona böyük
işlər görmək qismət edib. Heç kimə gizli deyil ki, "Əsrin
müqaviləsi" bağlanmasaydı Azərbaycan bu qədər zəngin olmazdı. O,
Azərbaycan tarixində dönüş yaratdı. Valyuta fondunda milyardlarımız
varsa, ölkəyə milyardlarla dollar xarici investisiya yatırılıbsa,
bu, Heydər Əliyevin rolu idi".
T. Kərimli qeyd edib ki, o Ali Məhkəmənin sədri olanda Heydər
Əliyevlə görüşüb: "O, mənimlə işləmək istəyirdi. O zaman çoxları
vəzifələrini dondururdu. Mənə işləmək təklifi edəndə dedim ki,
mənim öz prezidentim var. O da "sənin prezidentin Kələkidədir"
dedi. Mən istefa ərizəmi yazanda rayona getməli idim. Anamı ölümlə
hədələmişdilər. Heydər Əliyev mənim istefa ərizəmi Milli Məclisdən
özü səsləndirdi və bildirdi ki, Tahir Kərimli Ali Məhkəmənin sədri
işləyərkən heç bir qanunu pozmayıb. Mən bizim hakimiyyətimizdə
nadir insanlar oldum ki, təmiz işlədim, haqımda heç bir tədbir
görülmədi. O ağır dövrlərdə mən bilmirdim ki, o, prezident olacaq.
Amma onu dəfələrlə müdafiə etdim. Milli Məclisdə başqalarının
üstünə qışqıraraq "kəs səsini" dedim. Bəlkə də bunu
unutmamışdı".
Asif Nərimanlı
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO