Deputat: “Ermənistan rəhbərliyi də Səddam Hüseyn kimi...”
Bizi izləyin

Nida.az

Deputat: “Ermənistan rəhbərliyi də Səddam Hüseyn kimi...”

"Bu ayın 20-də Sankt-Peterburqda keçirilməsi gözlənilən Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə aparılacaq danışıqların atmosferi əvvəlki kimi olmayacaq. Çünki aprelin əvvəllərində cəbhədə baş verən hərbi əməliyyatlar artıq bu danışıqları yeni müstəviyə çıxarıb".

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov bildirib.

Deputat deyib ki, danışıqlarla bağlı istər Ermənistan, istər Rusiya, istərsə də ATƏT Minsk qrupu həmsədrlərinin fikirləri dəyişib: "Bu fikirlərin dəyişməsinin əsas səbəbi də aprelin əvvəllərində Azərbaycan ordusunun işğalçı erməni qoşunlarının təxribatlarına layiqli cavab verməsi olub".

R.Cəbrayılov prezidentlərin növbəti görüşündən bütövlükdə daha geniş dəyişiklikləri gözləmədiyini söyləyib: "Əgər işğalçı Ermənistana ciddi təsir və ya təzyiq olunmasa, münaqişənin həlli ilə bağlı mühüm dəyişikliklərin əldə olunacağını düşünmürəm. Baxmayaraq ki, bu yaxınlarda ABŞ prezidenti Barak Obama bəyanatında bildirdi ki, Qarabağa bitişik olan 7 rayonun idarəçiliyi Azərbaycana qaytarılmalıdır. ABŞ kimi böyük dövlətin birinci şəxsinin belə bəyanatla çıxış etməsi müsbət bir haldır. Ancaq şəxsən mən Rusiyanın iştirakı ilə keçiriləcək bu görüşdən müsbət nəticə gözləmirəm".

R.Cəbrayılov hər dəfə prezidentlərin görüşü ərəfəsində Ermənistanın təxribata əl atması məsələsinə də toxunub: "Bilirsiniz, hərbi ritorika müharibə vəziyyətində olan bütün tərəflərə xas jestlərdir. Başqa cür bu mümkün də deyil. Hər kəs öz gücünü nümayiş etdirməlidir. Ancaq Azərbaycandan fərqli olaraq Ermənistan yalnız boş sözlərlə "gücünü" nümayiş etdirir. İşğalçı Ermənistan hər dəfə prezidentlərin görüşləri ərəfəsində təxribatlara cəhd edir, Azərbaycan ordusunun guya zəif olması barədə sərsəm bəyanatlar səsləndirir və sairə. Əgər yadınıza gəlirsə, 2003-cü ildə ABŞ qoşunları İraqın paytaxtına qədər gəlib çatmışdılar, ancaq Səddam Hüseyn yenə də ritorik sözlərdən istifadə edərək, NATO ordusunu "zəif" adlandırırdı. Bu gün Ermənistan rəhbərliyi də tez-tez Azərbaycan ordusu haqqında mənfi fikirlər səsləndirir. Təbii ki, Ermənistan işğalçı düşmən dövlət olduğu üçün Azərbaycan haqqında müsbət fikirlər söyləməz. Ancaq reallıq əksinədir. Zamanı çatanda Azərbaycan ordusu yenə də öz gücünü Ermənistana göstərəcək və münaqişə də birdəfəlik həll olunacaq".

Deputat həmçinin bildirib ki, aprel əməliyyatlarından əvvəlki və sonrakı prosesləri təhlil edəndə, ən azı 7 rayonun tezliklə qaytarılması imkanlarının yarandığı qənaətinə gəlmək olur: "Ən azı ilkin olaraq 7 rayonun qaytarılması üçün daha əlverişli vəziyyət yaranıb. İşğalçı Ermənistan da vaxt yubatmadan, bu vəziyyətdən istifadə edib, torpaqları sülh yolu ilə qaytarmalıdır".

Xatırladaq ki, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla birgə görüşü keçiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm