Azərbaycanlı veteranlardan Putinə “Qarigen Njde” müraciəti
Bizi izləyin

Nida.az

Azərbaycanlı veteranlardan Putinə “Qarigen Njde” müraciəti

Ermənistanda Njdeyə abidə ucaldılması dünyanın müxtəlif yerlərində olduğu kimi, Azərbaycanda da etirazla qarşılanıb.

Publika.az xəbər verir ki, Böyük Vətən Müharibəsində iştirak etmiş, faşizmə qarşı mübarizədə qətiyyətlə mübarizə aparmış Azərbaycan veteranları Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:

"Hörmətli Vladimir Vladimiroviç!

Ötən il faşizm üzərində tarixi qələbənin 70 illik yubileyi ərəfəsində Böyük Vətən Müharibəsinin veteranları olaraq Sizə ermənilərin hitlerçi əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri barədə müraciət etmişdik. Həmin vaxt söhbət ondan gedirdi ki, bu hal nəinki Ermənistanda, eləcə də faşizmin əlində milyonlarla insanını itirmiş, onların xatirəsini qoruyub-saxlayan Rusiyanın mədəniyyət və informasiya məkanına da sirayət etməyə başlayıb. Ürəyimizdə böyük ağrı ilə biz Sizin diqqətinizi ona çəkmək istəmişdik ki, Ermənistan Rusiya resurslarından istifadə edərək, general Dro və general Njde kimi tanınan SS-in erməni cəza legionunda fəaliyyət göstərmiş Drastamat Kənanyan və Qaregin Ter-Arutunyanın qanlı fəaliyyətlərini ört-basdır etməyə çalışırlar. Tanınmış KİV səhifələrində Hitlerin və Himmlerin dostu və əlaltısı Njde qəhrəmanlarla eyni müstəvidə tutulur. Tanınmış rusiyalı aktyorlar Ç. Xamatova (Njdenin arvadı rolunu oynayıb) və Mixail Yefremov (Petko Xristov) "Qaregin Njde" filmində çəkiliblər. Biz, hazırda da ümidvarıq ki, Ş.Xamatova və M.Yefremov aldadılıblar. Onların Njdenin nasist başkəsəni olmasından xəbərləri olmayıb. Lakin fakt öz faktlığında qalmaqdadır. Yuxarıda adıçəkilən film Rusiyada nümayiş olunmağa imkan tapdı.
Bundan əlavə, Moskvada "Qaregin Njde ilə söhbətlər, yaxud Njdenin 125 illiyinə abidə" kitabının prezentasiyası keçirildi.

Yenidən xatırlatmağa ehtiyac var ki, 1948-ci ildə Njde hərbi cinayətkar kimi 25 illik həbs cəzası alıb və 1957-ci ildə "Vladimirovski sentral"da ölüb. O, bəraət almayıb və məhkəmə daha öncə çıxarılan hökmü qüvvədə saxlayıb.

Bütün bunlara baxmayaraq, Rusiyanın erməni diasporu nümayişkaranə şəkildə Knyaz-Vladimirovsk məzarlığına gedərək, faşist cəlladı Njdenin qəbrini ziyarət edir. Həmçinin, adıçəkilən məzarlıqda faşist əlaltısının xatirəsinə memorial kompleksin ucaldılması tələbləri də səsləndirilir.
Böyük minnətdarlıq hissi ilə vurğulamaq istərdik ki, Siz ötənilki müraciətimizi diqqətinizdən kənarda qoymayaraq bizə cavab ünvanladınız və biz öyrəndik ki, yerli ermənilərlə işlər aparılıb, aparılan işlər nəticəsində nasist cinayətkarın xatirəsinin Rusiyada anılmasının qarşısı alınıb".

Müraciətdə BMT Baş Assambleyasında faşizmin təbliğatına qarşı qəbul olunan qətnaməyə toxunulub.

"Siz dəfələrlə vurğulamısınız ki, Böyük Vətən müharibəsinin nəticələrini saxtalaşdırmaq və yenidən yazmaq yolverilməzdir. Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə 17 dekabr 2015-ci ildə BMT-nin Baş Assambleyası 70/139 saylı qətnamə qəbul olundu ki, orada nasizm, irqçilik, ksenofobiya və dözümsüzlük qəti şəkildə pislənilib.

Qətnamənin 4-cü punktunda deyilir ki, BMT-nin Baş Assambleyası "neonasizmin, nasist hərəkatını və keçmiş "Vffen SS" təşkilatı üzvlərini təbliğ edən istənilən formanın, eləcə də onlara abidələr, xatirə memoriallarının ucaldılmasının, nasist keçmişi təbliğ edən kütləvi nümayişlərin əleyhinədir, o cümlədən, bu kimi hallardan ciddi narahat olur". Ermənistan da Rusiyanın strateji tərəfdaşı kimi mövcud qətnaməyə qoşulub. Halbuki, Ermənistanda faşist rejiminə sədaqət andı içən və boyunlarında sovet əsgərlərinin, dinc sakinlərin, eləcə də erməni xalqının nümayəndələrinin də ölümü olan şəxslərin böyük miqyaslı təbliğatı aparılır", - deyə müraciətdə bildirilib.

Azərbaycanlı veteranlar daha sonra qeyd ediblər ki, Rusiyanın məsələyə heç bir reaksiya göstərməməsi onları təəccübləndirir: "Halbuki, digər ölkələrdə belə hallar baş qaldırıldığı zaman dərhal reaksiyalar verilir. Bizə Ermənistanın hansı haqla bu kimi addımlar atması hələ də anlaşılmaz qalır. Orada nasist cinayətkarları Dra və Njdenin xatirəsinə xüsusi pullar hazırlanır, filmlər çəkilir. İrəvanda meydan və metro stansiyası Qaregin Njdenin xatirəsinə adlandırılıb. Drasamat Kənanyanın adını daşıyan küçə də mövcuddur. İndi Ermənistanın hakim partiyasının qərargahı və hökumət binaları qarşısında Njdeyə abidə də ucaldılıb.

İstərdik ki, ötənilki müraciətimizdəki sualı bir daha təkrar edək: Budurmu həlak olmuş əsgərlərə qarşı təhqirlərin olunmaması?!"

Müraciətin sonunda vurğulanır ki, Böyük Vətən müharibəsi dövründə rus xalqının və digər xalqların övladları ilə birgə cəbhəyə 700 min azərbaycanlı da yollanmışdı: "Onların yarıdan çoxu gedən döyüşlərdə qəhrəmanlıqla həlak olublar. Böyük Vətən Müharibəsində göstərdikləri igidliklərə görə 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda bu gün də sovet xalqının misilsiz qəhrəmanlığı xatırlanır, 9 may günü isə ən əhəmiyyətli dövlət bayramı kimi qeyd edilir. Bizə - faşizimlə mübarizədə yoldaşlarını itirmiş şəxslərə nasist cinayətkarları ətrafında yaradılan qəhrəmanlıq əfsanəsi böyük ürək ağrısı yaşadır. Biz Ermənistanın bu kimi fəaliyyətindən, vaxtilə ümumi Vətən uğrunda həlak olan insanların xatirələrinə göstərdikləri hörmətsizliklərindən hiddətlənirik. Ümid edirik ki, Böyük Vətən Müharibəsində həlak olan insanların əziz xatirəsinə sadiqlik göstərərək, biz yenidən öz gücümüzü birləşdirib Ermənistanın faşizm ideologiyasına qarşı birgə mübarizə aparacağıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm