“Brexit”in qiyməti: Birləşmiş Krallıq üçün üç qorxunc ssenari
Bizi izləyin

Nida.az

“Brexit”in qiyməti: Birləşmiş Krallıq üçün üç qorxunc ssenari

Bu gün Böyük Britaniyada Avropa Birliyinə (AB) üzvlüklə bağlı referendum ("Brexit") keçiriləcək. Dünyanın diqqəti "Dumanlı Albion"dan gələcək cavaba yönəlib: Britaniya AB-də qalacaq, yoxsa "köhnə qitə"nin tarixində yeni bir dövr başlanacaq?

Son aylar ərzində dünyanın maliyyə və analitik mərkəzləri, maliyyə qurumları bu hadisənin mümkün nəticələri ilə bağlı öz proqnozlarını təqdim ediblər. Ekspertlərin əksəriyyəti bu fikirdədir ki, "Brexit"in nəticələrini qabaqcadan dəqiq proqnozlaşdırmaq mümkün deyil, çünki bu, Britaniya və AB-nin tarixində görünməmiş hadisədir.

AB-siz Britaniya iqtisadiyyatı üçün variantlar

Britaniyanın Maliyyə Nazirliyi Avropa blokundan mümkün çıxışla əlaqədar üç ssenari hazırlayıb. Ssenarilər AB ilə işgüzar münasibətlərin inkişafının istiqamətlərini özündə birləşdirir. Onların hər birində Britaniya ailəsi üçün maliyyə və iqtisadi itkilər nəzərdə tutulub.

Birinci ssenariyə əsasən, Böyük Britaniya Avropa İqtisadi Zonası ilə (European Economic Area - EEA) əməkdaşlıq çərçivəsində AB ilə ticarət münasibətləri qurur. Norveç hazırda bu modeldən istifadə edir. Maliyyə Nazirliyinin hesablamalarına əsasən, 15 il sonra ölkənin ümumi daxili məhsulu 3,8 faiz azalacaq. Hər ailənin zərəri orta hesabla ildə təxminən 2,2 min funt-sterlinq təşkil edəcək.

İkinci ssenari AB ilə ikitərəfli ticarət razılaşmalarıdır. Hazırda bu modeldən Kanada istifadə edir. AB ilə ikitərəfli razılaşma modeli tətbiq olunarsa, Britaniyanın ümumi daxili məhsulu 2030-cu ilə qədər 6,2 faiz azalacaq. Hər ailənin zərəri orta hesabla ildə təxminən 4,3 min funt-sterlinq təşkil edəcək.

Üçüncü ssenari Dünya Ticarət Təşkilatının qaydaları çərçivəsində ticarət münasibətləridir. Bu, ən bədxərc modeldir. Hazırda Rusiya və Braziliya bu modeldən istifadə edirlər. Sözügedən model 2030-cu ilə qədər Böyük Britaniyanın ümumi daxili məhsulunu 7,5 faiz azaldacaq. Hər ailə isə il ərzində 5,2 min funt-sterlinq itirəcək.

Geriyə yol yoxdur

Britaniyanın xəzinədarlıq kansleri Corc Osborn qeyd edir ki, AB-dən çıxış ölkəni 520-580 min iş yerindən və 36 milyard funt-sterlinq vergi daxilolmalarından məhrum edəcək.

Böyük Britaniyanın baş naziri Devid Kameronun sözlərinə görə, Britaniya iqtisadiyyatı AB-ni tərk edəcəyi halda dağılmayacaq, amma mümkün iqtisadi artım imkanı itiriləcək. O, həmçinin bildirib ki, "Brexit"dən sonra AB-yə geri qayıdış artıq mümkün olmayacaq. Kameron əlavə edib ki, Britaniya AB-yə qayıtmaq istəyərsə, qurumun irəli sürdüyü şərtləri qəbul etməli olacaq.

Britaniya hökuməti bildirir ki, AB-nin 27 ölkəsi və digər 50 dövlət ilə yeni ticarət razılaşmalarının əldə olunması üçün Londona bir neçə il lazım ola bilər. May ayında Londona səfər edən ABŞ prezidenti Barak Obama da analoji xəbərdarlıq edib. O, qeyd edib ki, ölkələr arasında yaxşı münasibətlərə baxmayaraq, ABŞ-la yeni ticarət müqavilələri üçün Britaniyaya təxminən 10 il lazım ola bilər.

Azalma mümkündür, amma iflas deyil

İngiltərə Mərkəzi Bankı (BoE) da iqtisadiyyat və ölkənin maliyyə sistemi üçün riskləri açıqlayıb. Bankdan bildirilir ki, Böyük Britaniya ilə yanaşı, dünya maliyyə bazarları da risk qarşısındadır. Referendumla əlaqədar bazarda yaranacaq qeyri-müəyyənliyin mümkün nəticələrini qiymətləndirən bank may ayında açıqladığı hesabatında 2016-cı il üçün ölkə iqtisadiyyatının inkişaf proqnozlarını 0,5 faizdən 0,3 faizə qədər aşağı salıb. Həmçinin, 2016-cı ildə ümumi daxili məhsulun artım proqnozu 2,2 faizdən 2 faizə qədər aşağı salınıb.

Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, Britaniyanın AB-dən çıxması iqtisadiyyatın texniki azalmasına səbəb olacaq. Fondun direktoru Kristina Laqard BVF-nin mövqeyini çatdırmaq üçün may ayında Londona gəlib. Onun sözlərinə görə, mənfi təsirləri bütün AB və dünya iqtisadiyyatı hiss edəcək.

Lakin BVF Britaniya iqtisadiyyatının əsas göstəriciləri üzrə daha əvvəl açıqladığı proqnozlara düzəliş etməyib. Fondun son məruzəsinə əsasən, Birləşmiş Krallıqda ümumi daxili məhsul 2016-cı ildə 1,9, 2017-ci ildə isə 2,2 faiz artacaq.

Böyük biznes və maliyyəçilər AB-nin tərəfdarıdır

Britaniyanın böyük biznes və maliyyə sektoru "Brexit"in baş tutacağı halda 500 milyon insanın olduğu vahid Avropa bazarına girişi itirəcək. Sözsüz ki, böyük biznes və maliyyəçilər AB-də qalmaq üçün səs verəcəklər.

Avtoistehsalçılar və Dilerlərin Britaniya Cəmiyyəti (The Society of Motor Manufacturers and Traders - SMMT) 4 gün əvvəl "Brexit"lə bağlı mövqeyini aydın şəkildə ifadə edib: AB-dən mümkün çıxış Britaniyanın avtomobil sənayesinə ciddi zərbə vura bilər. Avtomobil şirkətləri istehsal etdiyi məhsulun 80 faizini ixrac edir və ixracın 57,5 faizi AB-nin payına düşür. Avtomobil sənayesində 800 min nəfər çalışır və ölkə iqtisadiyyatına ildə 15,5 milyard funt sterlinq gəlir gətirir.

Maliyyəçilər də həmçinin ölkənin Avropa blokunda saxlanılmasının tərəfdarıdır. Onlar ehtiyat edirlər ki, London beynəlxalq maliyyə mərkəzi statusunu itirə bilər. "Brexit"in baş tutacağı halda HSBC, Citi və "Deutsche Bank" kimi qlobal banklar əməliyyatların və bank heyətinin bir hissəsini Londondan Avropa və Asiyadakı bölmələrinə köçürməyə hazırdır.

İyunun əvvəlində keçirilən sorğular britaniyalıların əksəriyyətinin AB-siz Britaniyanın tərəfdarı olduğunu göstərirdi. Bu isə investorları hərəkətə gətirmişdi. İngiltərə Mərkəzi Bankının məlumatına görə, mart-aprel aylarında maliyyə bazarının iştirakçıları son yeddi il üçün rekord sayıla biləcək miqdarda aktivləri (65 milyard funt-sterlinq) Britaniyadan çıxarıblar, yaxud da satıblar. Mart ayı kapitalın çıxarılması və satılması üzrə ən aktiv ay olub: təxminən 59 milyard funt-sterlinq. Bu cür templər 2009-cu il böhran dövrünün rəqəmləri ilə müqayisə edilə bilər.

"Fitch" beynəlxalq reytinq agentliyinin iqtisadçılarının fikrincə, əlverişsiz ssenari inkişaf edəcəyi halda, yeni razılaşmalar üzrə Böyük Britaniya və AB arasında danışıqlar illərlə davam edə bilər. Agentliyin iqtisadçıları hesab edir ki, bu iqtisadiyyatın texniki azalmasına və funt-sterlinqin 30 faiz devalvasiyasına gətirib çıxaracaq.

"Brexit"in tərəfdarlarının arqumentləri

Britaniyanın AB-dən çıxmasının tərəfdarlarının da güclü arqumentləri var. "Vote Leave" kampaniyasında siyasi və sosial motivlər üstünlük təşkil edir.

Londonun keçmiş meri Boris Conson "Brexit" tərəfdarlarının düşərgəsindədir. Onun fikrincə, Avropa bürokratiyası mallar və xidmətlərin qiymətlərini yüksəldir. Bundan başqa, Britaniya həftədə Avropa blokuna 350 milyon funt sterlinq ödəyir. Keçmiş mer bildirir ki, bu vəsait daxili problemlərin həllinə yönəldilə bilər. "Azad Britaniya"nın tərəfdarları hesab edirlər ki, ölkə AB-nin büdcəsindən aldığından daha çox əks istiqamətdə ödəyir.

2015-ci ildə Böyük Britaniya AB-nin büdcəsinə 17,8 milyard funt-sterlinq ödəyib. Amma maddi yardımlar və sosial proqramlar çərçivəsində yalnız 4,4 milyard-funt sterlinq alıb. "Brexit"in tərəfdarları həmçinin bildirirlər ki, Britaniya Avropa blokuna daxil olmayan ölkələrlə uzunmüddətli perspektivdə daha əlverişli ticarət razılaşmalarını bağlaya biləcək.

Referendumdan bir gün əvvəl "Oxford Economics"in iqtisadçıları qeyd ediblər ki, "Brexit" qısamüddətli və uzunmüddətli perspektivdə iqtisadiyyata təsir göstərəcək. Amma bütovlükdə "Oxford Economics"in proqnozları qorxunc deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm