Ruslarla gizli saziş, Amerikanın revanşı və “Qoca Qitə”ni sonu
Bizi izləyin

Nida.az

Ruslarla gizli saziş, Amerikanın revanşı və “Qoca Qitə”ni sonu

Böyük Britaniyanın Avropa Birliyindən ayrılması Brüsseldə şok effekti yaratdı. "Qoca Qitə" qan ağlayır və artıq dünyanın ən güclü, stabil birliyinin taleyi sual altındadır. İngilislərin gözlənilməz addımı Fransa və Hollandiyaya da ruh verib.

"Azadlıq qalib gəldi! İndi Fransa və Avropa Birliyinin başqa ölkələrinə analoji referendumlar lazımdır".

Bunu Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen deyib.

Hollandiya Azadlıq Partiyasının lideri Qert Vilders də Avropa Birliyindən çıxmaqla bağlı referendumun keçirilməsini təklif edib.

Gözləniləndir ki, Avropa Birliyinin digər ölkələri də bu addımı atacaq.

Politoloq Arzu Nağıyev Publika.az-a açıqlamasında bildirib ki, Böyük Britaniyanın çıxmaq qərarı verməsi avroskeptiklərin, millətçilərin Avropada getdikcə artmasının və apardıqları siyasətin bariz nümunəsidir: "Son vaxtlar Böyük Britaniyada və digər Avropa ölkələrində istər miqrantlara, istərsə də digər milli azlıqlara qarşı aparılan daxili və xarici siyasət bununla da nəticələnməli idi. Bu gün Böyük Britaniyaya daxil olan bir sıra xalqlar, o cümlədən şotlandlar və irlandlar Avropa Birliyinə hə desələr də, İngiltərə buna yox deyir. Təbii ki, burada siyasi məsələlərdən başqa iqtisadi problemlər də mövcuddur və skeptiklər əsasən buna hesablanan siyasət aparırlar".

Politoloq hesab edir ki, belə qərarlar iqtisadi, siyasi və hətta hərbi münasibətlərə də təsir edəcək

"Bununla belə hələ bu son qərar deyil. Avropa Birliyindən çıxmaq Lissabon razılığı ilə həyata keçirilir. Bu hələ başlanğıcdır və birliyə daxil olan hər bir dövlət ilə ikitərəfli danışılar da aparılmalı, bundan sonra son qərar verilməlidir. Düşünürəm ki, Avropa Birliyi çalışacaq ki, bu proses olduqca uzansın", - deyə A. Nağıyev bildirib.

NATO Əməkdaşlıq İnstitutunu rəhbəri Fərrux Məmmədov də hesab edir ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması iqtisadi, siyasi və maliyyə məsələlərinə təsirsiz ötüşməyəcək.

Publika.az-a açıqlamasında F. Məmmədov qeyd edib ki, Avropa Birliyi demokratik ittifaqdır: "Bura üzv olanların seçimləri öz əllərindədir. Britaniyanın bu addımı atmasında Baş nazir Devid Kameronun böyük rolu var. İllərdir Avropa Birliyi ilə apardığı açıq və gizli savaşın nəticəsi bu olmalı idi".

Onun sözlərinə görə, məsələnin digəri tərəfi Fransanın Amerika və İngiltərəyə qarşı Rusiya ilə gizli sazişə getməsidir.

"Bu proses bir növ Amerikanın Avropaya mesajıdır. Yəni, "əgər mən olmasam, sizin birliyiniz də mümkün deyil". Mesaj məhz belədir. Amerika bu gün Avropadan çəkilərsə, birlik anlayışı məhv olar. Bu proses hələ ki Rusiyaya sərf edir. Rusiya çalışacaq ki, Yunanıstana təsir edərək, onun da Avropa Birliyindən çıxmasına nail olsun", - deyə o bildirib.

Lakin F. Məmmədov hesab edir ki, siyasi, iqtisadi və hərbi birlik olan AB-nin tamamilə məhv olması inandırıcı deyil: "Avropa Birliyinin üzv ölkələrinin milyard dollarlıq layihələri var. Bunların bir anda dayandırılması da mümkün deyil. Görünür yeni siyasi dönəm başlayır və Britaniya da bu prosesə rəhbərlik edəcək. Amerika hələlik izləyici mövqedədir. Britaniyanın bu addımı özünə qarşı da müəyyən problemlər yaradacaq. Xüsusilə gömrük sahəsində. Hesab edirəm ki, proses yeni başlayıb və əsas mahiyyətinin nə olduğunu bilmək üçün gözləmək lazımdır".

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm