• USD 1,7000 0,00% EUR 1,9912 -0,51%
    • GBP 2,3304 -0,68% RUB 0,0232 -0,86%

Qarabağ sammiti, dünyanı məşğul edən “ingilis oyunu”... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

  • Nida.az
  • 25 İyun 2016 21:00
  • 1 441 Baxış
Qarabağ sammiti, dünyanı məşğul edən “ingilis oyunu”...  HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Arxada qalan həftənin siyasi gündəmi heç şübhəsiz ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən üçtərəfli görüşü və Böyük Britaniyada Avropa Birliyinə (AB) üzvlüklə bağlı keçirilən referendum ("Brexit") oldu.

İlham Əliyev: "Torpaqlar azad olunmalıdır"

İyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirildi. Bundan əvvəl isə Azərbaycan və Rusiya prezidentləri arasında ikitərəfli görüş keçirildi. İlham Əliyev Putinlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yerinə yetirilməli olan əsas şərti açıqladı:

"Qarabağda status-kvo qəbuledilməzdir və bu dəyişdirilməlidir. Lakin bunun üçün erməni hərbi birləşmələri regiondan çıxmalıdır. Status-kvonu dəyişdirmək üçün 20 ildir işğal altında olan Azərbaycan torpaqları azad olunmalıdır".

Sarkisyanı devirmək istəyən döyüşçülər həbs olundu – İRƏVANDA XAOS

Həftənin ilk günündə Ermənistanda "Şuşa batalyonu döyüşçüləri ittifaqı" ictimai birliyinin rəhbəri Jirayr Sefilyan həbs olundu. O, "dördgünlük müharibə" zamanı öz qrupu ilə İrəvanda televiziya qülləsini tutmağa və dövlət çevrilişi etməyə cəhddə ittiham olundu. Qeyd edək ki, Sefilyan aprel döyüşləri haqda danışarkən, Azərbaycan Ordusunun çox güclü olduğunu dilə gətirmiş və aprel müharibəsində Ermənistanın Azərbaycana məğlub olduğunu etiraf etmişdi.

İŞİD TÜRKİYƏDƏ: "Kafir dövlətin kafir vətəndaşları" və vəsiyyət

Türkiyənin Diyarbəkr şəhərində isə tutulan İŞİD-çilərlə bağlı bəzi detallar məlum oldu. Əməliyyat zamanı təşkilatın Türkiyəni "kafir dövlət", vətəndaşlarını "kafir" olaraq qəbul etdiyi və hər bir üzvünə vəsiyyət yazdırdığı ortaya çıxıb. Terror mütəxəssisləri tərəfindən hazırlanan hesabata görə, təşkilat Türkiyəyə qarşı cihad elan edib.

İŞİD üzvü erməni mərasimində özünü partlatdı

İŞİD-çi Suriyanın Əl-Qamışlı şəhərinin mərkəzində "erməni soyqırımı"nın 101 illiyinə həsr edilmiş mərasim zamanı özünü partlatdı. Hadisə nəticəsində üç nəfər həlak olub, beşi yaralanıb. Mərasimi bütün Siro-Yakovir kilsəsinin başçısı Mar İqnatius Afram II Karim idarə edirdi.

Türkiyə və İsrail arasında tarixi razılaşma – DETALLAR

Aprelin 21-də Türkiyənin "Hürriyyət" nəşrinin yazarı Dəniz Zeyrək Türkiyə və İsrail arasında aparılan danışıqlarda bütün məsələlərin razılaşdırıldığını yazdı. Onun sözlərinə görə, razılaşma 26 iyunda açıqlanacaq.

Rusiya qətliamı etiraf etdi

Rusiyanın dövlət televiziyası olan "Russia Today" isə biabırçı səhvlə yadda qaldı. Kanal səhvən Rusiya hava qüvvələrinin Suriyada misket bombaları ilə hücuma hazırlaşdığı barədə süjet verib.

Görüntülərdə Rusiya təyyarəsinin RBK-500 ZAB 2.5SM adlı misket bombadan (misket bombası "bomba içində bomba" kimi tanınan güclü bir silahdır. Bomba havada açılır və içindəki kiçik bombalar ətrafa dağılaraq partladığı üçün təsir etdiyi ərazi olduqca böyük olur - red.) istifadə etdiyi görünür. Rusiyanın Suriyadakı aviasiyasının misket bombalarından istifadə etdiyini göstərən video kanalın səlahiyyətliləri tərəfindən dərhal rəsmi "Youtube" kanalından götürülüb. Rusiya telekanalı misket bombalarının yer aldığı 5 saniyəlik hissəni çıxararaq videonu yenidən yayıb.

Rəsmi Bakıdan "Qarabağ razılaşması" bəyanatı

İyunun 22-də Azərbaycan prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Sankt-Peterburq görüşünün detallarını açıqladı. Onun sözlərinə görə, əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad edilməsi və dəhlizin müəyyən edilməsi, daha sonra isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi istiqamətində tərəflər prinsip etibarilə razılığa gəliblər.

Sarkisyan isə həmin gün Dağlıq Qarabağa gələrək təmas xəttinə baş çəkib.

Məhəmməd peyğəmbərin saqqalı oğurlandı

Türkiyə isə Məhəmməd peyğəmbərin saqqalının ("Sakal-ı Şerif") naməlum şəxslər tərəfindən oğurlanması xəbərindən sarsıldı. Ramazan ayı münasibətilə sərgilənmək üçün Kocaeli vilayətindəki Dəyirməndərə Yalı Camisinə aparılan saqqalın olduğu qutu yoxa çıxıb. Polis dərhal təhqiqata başlayıb.

Böyük ​Britaniya Avropa Birliyinə "YOX" dedi

Həftənin, ayın, bəlkə də ilin ən önəmli məsələlərdən biri "Brexit" oldu. Keçirilən son sorğularda Britaniyanın AB-də qalmasının tərəfdarları öndə olsa da, nəticə "Brexit" tərəfdarlarını sevindirdi. Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın AB-dən çıxmasına, 48 faizi isə qalmasına səs verib. Beləliklə, Britaniya qurumu tərk etdi.

Bununla da Böyük Britaniya AB-dən ilk ayrılan ölkə kimi tarixə düşəcək.

"Domino effekti": Daha iki ölkədən AB-ni tərk etmək ÇAĞIRIŞI

Britaniyada keçirilən referendumun nəticələrinin açıqlanmasından dərhal sonra daha iki AB ölkəsindən analoji çağırış gəlib. Hollandiya Azadlıq Partiyasının lideri Qert Vilders analoji referendumun ölkəsində keçirilməsini təklif edib.

Milli Cəbhə Partiyasının lideri Marin Le Pen isə Fransada "Frexit"in keçirilməsini təklif edib.

Britaniyada növbəti referendum - Krallıq parçalanır

"Böyük Britaniyanın Avropa Birliyindən çıxması Şimali İrlandiyanın İrlandiya ilə yenidən birləşməsi haqqında referendumun keçirilməsi üçün əsas olacaq". Bu haqda Şimali İrlandiyanın ən böyük millətçi partiyası olan "Şinn Fayn"ın sədri Deklan Kirni deyib.

Londona daha bir ayrılıq təhdidi isə Şotlandiyadan gəlib. Şotlandiyanın baş naziri Nikola Stercen bildirib ki, şotlandlar referendumda Britaniyanın AB-nin tərkibində qalmasına səs veriblər. "Bizi Avropa Birliyindən ayrılmağa məcbur edə bilməzlər. Əgər məcbur etsələr, o zaman müstəqilliklə bağlı referendum keçirəcəyik", - baş nazir deyib.

Papa Ermənistanda

Roma Papası Fransisk bu gün Ermənistana gəlib. Serj Sarkisyan Papanı hava limanında ərik və lavaşla qarşılayıb. Emənistanın bu addımı "erməni lavaşı" iddialarını legitimləşdirmək kimi qiymətləndirilir.

Müharibə başladı – bütün silahlardan istifadə edilir

Həftə ərzində Ukraynanın şərqində vəziyyət gərginləşdi. Ukrayna Silahlı Qüvvələri Baş qərargahının məlumatına görə, iyunun 22-də separatçıların nəzarətində olan ərazidən 300-dən çox minaatan və 160-dan çox top mərmisi atılıb. Həmçinin, düşmən snayperləri aktiv şəkildə işləyir. Baş qərargahdan bildirilir ki, döyüş əməliyyatları 2015-ci ilin avqust ayının səviyyəsində aparılır. Bildirilir ki, rəqib bütün istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinə qarşı ağır silahlardan, xüsusi halda 82 və 120 millimetr kalibrli minaatanlardan, həmçinin 122 və 152 millimetr kalibrli toplardan istifadə edir.

Prezident: "Aprel döyüşləri tarixi qələbə idi"

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşüb. Dövlət başçısı qeyd edib ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir: "Bunu aprel döyüşləri də göstərdi. Ermənistanın təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi".

Prezident İlham Əliyev bildirib ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin qəbul edilmədiyini vurğulayan prezident Sankt-Peterburq görüşünün müsbət nəticələri olduğunu diqqətə çatdırıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR