Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı
(AŞ PA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun yaz plenar
sessiyasında AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri,
Avstriyanın xarici işlər naziri Sebastian Kurtsa ünvanladığı sualda
"Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması
məsələsini qaldırıb.
Qeyd edək ki, günün ikinci yarısında Avropa Şurası Nazirlər
Komitəsinə sədirlik edən Avstriyanın xarici işlər naziri S.Kurts
Assambleya üzvləri qarşısında AŞ NK-nın fəaliyyəti barədə məruzə
ilə çıxış edib, sonra Assambleya üzvlərinin suallarını
cavablandırıb
R.Hüseynov sualında bildirib: "Cənab nazir, 2001-ci ildən bəri
dəfələrlə Assambeyada Ermənistandakı tam köhnəlmiş texnologiyalarla
işləyən, bir neçə dəfə qəzaya uğramış, üstəlik seysmoaktiv zonada
yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin
dayandırılması barədə məsələ qaldırılıb. Şəxsən mən bu real təhlükə
ilə əlaqədar bir neçə dəfə ayrıca sənədlər hazırlamış, çıxışlar
etmişəm. Hələ ki, heç bir nəticə yoxdur. Bölgədə zəlzələlərin son
dövrlərdə artması fonunda "Metsamor"da dəhşətli qəzanın baş verməsi
ehtimalı mütəxəssislərin qənaətinə görə qaçılmazdır. Qəzanın baş
verəcəyi təqdirdə isə yalnız Ermənistan özü, Gürcüstan, Azərbaycan,
Türkiyə və digər qonşular deyil, bir sıra başqa Avropa ölkələrində
milyonlarla insan da bu nüvə faciəsinin qurbanına çevriləcək. Bu
qorxunc problemlə bağlı ən qısa zaman ərzində hansı qabaqlayıcı
qəti və konkret tədbirlər görülə bilər?"
AŞ Nazirlər Komitəsinin nüvə enerjisi məsələləri ilə məşğul
olmadığını qeyd edən S.Kurts suala Avstriyanın xarici işlər naziri
qismində münasibət bildirəcəyini qeyd edib:
"AŞ Nazirlər Komitəsi nüvə energetikası məsələləri ilə məşğul
olmadığına görə sualınıza Avstriyanın xarici işlər naziri qismində
cavab verəcəyəm. Bizim hamımızın təhlükəsiz şəraitdə yaşama
hüququmuz var. Son dövrdə baş verən hadisələr göstərdi ki, nüvə
mərkəzləri heç də təhlükəsiz deyil. Ona görə də mən sizin bu
narahatlığınızı anlayıram. Məsələn, uzun illərdir, biz öz ölkəmizdə
nüvə mərkəzlərini bağlamaq qərarına gəldik və qonşuluğumuzdakı nüvə
mərkəzlərindəki təhlükəsizlik qaydaları bizi də narahat edən
məsələlərdəndir. Biz indi daha çox yeni enerji vasitələrinə
üstünlük veririk. Ümüd edirik ki, gələcəkdə Avropada, ümumiyyətlə,
nüvə enerjisindən istifadə edilməyəcək".
|