“İşığa gedən yol”a məşəl saçan əsər...
Bizi izləyin

Nida.az

“İşığa gedən yol”a məşəl saçan əsər...

"Tanrıya, Onun yaratdıqlarına içində böyük sevgi daşıyanlar dünyadan köçəndə də ölmürlər. Yaxınlarının, doğmalarının ən dar günündə düşüncələrinə işıq tuta bilirlər..."

Sona Vəliyevanın "İşığa gedən yol" romanından

Nur, işıq selinin qovuşdurduğu ecazkar mütaliə aləminin sehrindən hələ qurtulmamışam, bu, nə qədər çəkəcək, deyə bilmərəm. Amma hansısa əsər mənə bir daha jurnalist, publisist, şair, yazıçı, tədqiqatçı alim Sona xanım Vəliyevanın "İşığa gedən yol"u qədər təsir gücündə olacaqsa, ona da səbirli oxucu kimi mütaliəmlə minnətdarlığımı yetirəcəyəm.
"Zərdabi LTD" nəşriyyat-poliqrafiya müəssisəsində bu yaxınlarda çapdan çıxan 767 səhifəlik əsəri az qala birnəfəsə oxudum. Romanda işıqlandırılan hadisələr Azərbaycan oxucusuna sadə və bədii dillə əhatəli şəkildə təqdim edilir. Səbir öz yerində, əsas səbəbkar romanın dili, üslubu, daşıdığı bəşəri missiya, müəllifinin qəhrəmanına bənzər cizgiləri, orijinallığıdır. Tam səmimiyyətlə etiraf edim ki, Sona xanımın Həsən bəy Zərdabi haqqında nə vaxtsa yeni əsər yazacağını gözləyirdim. Bunun roman olacağını isə təsəvvürümə gətirə bilmirdim. Çünki Sona xanımı öncə istedadlı jurnalist, sanballı məqalələr müəllifi kimi tanıyırdım. "Arazbarı", "Çəhrayı rəngli dünyam" kitablarında toplanan bir çox poetik nümunələrinin indi də təsiri altındayam. Əksərini əzbər deyə bilərəm, publisistikası da yerli-yerində. "İşığa gedən yol"u ona görə oxuculara sürprizdir ki, Həsən bəy Zərdabi haqqında roman yazmaq cəsarətini məhz Sona xanım üzərinə götürüb. Və bu missiyanın öhdəsindən necə ustalıqla gəldiyini əyani bilmək istəyənlərə əsəri oxumağı məsləhət görərdik.
Nə isə, qayıdaq gözləntimin qaynaqlarına... Ötən il Sona xanımdan müsahibə almaq üçün iş yerinə getdim. Zamanın qıtlıq vaxtına düşsə də, bizə kifayət qədər vaxt ayırdı. Səliqəli iş otağına nəzər yetirdim, rəflərdən, divar boyu sıralanan portretlərdən maarifçilik ruhu boylanırdı. İkisi isə sanki ona nəzarət edirmiş kimi, az qala üz-üzə dayanmışdı. Onlar mətbuatımızın və poeziyamızın korifeyləri Həsən bəy Zərdabi və Hüseyn Cavidin rəsmləri idi. Mənə elə gəldi ki, Sona xanım hörmətlə yanaşdığı, həyatının bir hissəsinə çevrilən bu tarixi şəxsiyyətlərin rəsmləri ilə söhbət etmək, məsləhətləşmək, hesabat vermək üçün belə seçim etmişdir.
Bu gün xalqımız Hüseyn Cavidin cismən, ruhən ona qaytarılmasında Ümummilli liderimiz Heydər Əliyevə borcludur. Fərəh hissi ilə deyə bilərik ki, Sona xanım dahi, klassik şairimizin irsinin ölkə hüdudlarından kənarda da təbliğində misilsiz xidmətlər sahibidir. Kütləvi informasiya vasitələrində yayılan məlumatlarda bununla bağlı kifayət qədər bilgilər var. Bu addımlar, birinci, borcun qaytarılmasıdır. Həsən bəy Zərdabiyə gəldikdə isə, tədqiqatçılarımız, söz sahiblərimiz, alimlərimiz, jurnalistlərimiz az qala bir kitabxana qədər ona yaradıcılıq nümunələri həsr ediblər. Sona xanım isə özünün maarifçilik missiyası ilə bir əsrdən sonra da Həsən bəylə məsləkdaş kimi eyni sıradadır.
Sona xanım "Kaspi"yə ikinci həyat verməklə onu yaşının üçüncü əsrinə qovuşdurub. Bununla da Həsən bəyin də müəlliflərindən olduğu və bilavasitə Əlimərdan bəy Topçubaşov kimi Azərbaycan Demokratik Respublikasının qurucularından sayılan tələbələrinin, məsləkdaşlarının mətbu abidəsinə əbədiyaşarlıq bəxş edib.
"İşığa gedən yol"u oxuyuram...
Müəllif əsəri o qədər səmimiyyətlə qələmə alıb ki, bilmirəm romanın qəhrəmanından yazım, yoxsa müəllifindən...
Yuxarıda bəzi paralellər apardım, onsuz da həssas yazarlarımız əsərə biganə qalmayacaqlar. Ürək sözləri, təhlillər təqdim olunacaq. Məni bir oxucu kimi cəzb edən müəllif priyomudur. Sanki Sona xanım öz uşaqlığını, doğmalarını tərənnüm edir... tut ağacının kölgəsində açılan süfrə, başına toplaşan doğmalar, təbii ki, sevdiyin sahədə, mövzuda özünə yaxınlıq hiss etmədiyin bir şey səni o qədər təsirləndirməz... məsələn, mən hər dəfə bu şeri oxuyarkən təsirlənməyə bilmirəm...
... İndi səbrim kimi itərəm yolda,
Xəyal qanadına götürər məni.
Salam, anamsız ev, gec gəlib çıxdım,
Mən yolu qınaram, bu yerlər məni.
... Təbii ki, bu, şəxsi düşüncəmin məhsuludur...
"İşığa gedən yol"da Həsənin atası Səlim kişinin ona verdiyi nəsihət: "Bir insan elmi dərk edib öyrəndikcə o, bir ovuc qiymətli daş-qaşa çevrilir. Paylaşıb yüzlərlə insana öyrətdikdə isə həmin elm xəzinəyə çevrilir, sən isə xəzinə sahibi olursan. Xeyirxahlıq, yaxşı əməl, elm bilirsən nəyə bənzəyir? Gəl bura, bax bu torpaq sahəsinin hər yerinə buğda əkmişik. Amma hər yerdə bərabər taxıl bitməyib. Əkilən toxumlar itməyib də. Sel, su bir yerdən yuyub bitməsinə yol verməsə də, sahənin ayağında daha yaxşı cücəriblər. Elm, xeyirxahlıq, yaxşı əməl də əkinçilik kimidir. Əkilən toxum bəhrəsini verməsə də, nə zamansa bar verəcək, əkilənlər bir gün biçilir, bəhrə verir. Sən biçməsən də, oğlun, qızın bu əkindən mənfəət götürür..."
Bu müdrik və fəlsəfi fikirlər Sona xanımın həyatdan aldığı və gördüyü həyat məktəbidir. Bəli, "... Hər şeyin başlanğıcı çətin olur, get-gedə çətinliklər aradan qalxır, əvəzində qazanılan ömür boyu arxalanacağımız təhsil, savad olacaq..." düşüncələrini və həyatının hər anını bu tarixi romanda əks etdirən Sona xanımın ruh saflığı və geniş dünyasının məhsuldar əsəri olacaq bu kitab. Kitabda Azərbaycanın ziyalısı Həsən bəy Zərdabinin keşməkeşli həyat yolu ilə yanaşı, eyni zamanda, Azərbaycan tarixinin dünənindən, Qarabağdan, Şirvandan, Şamaxıdan söz açılıb və tariximizə qara ləkə olan erməni faşizminin əməlləri də işıqlandırılıb. Çox əhatəli və geniş mövzulara toxunulan bu əsər Azərbaycan ədəbiyyatı, mətbuatına yeni töhfə olacaq. Əsərdə görülən yuxuların möcüzəsi, ağsaqqal uzaqgörənliyi, kənd həyatının baxışı, Azərbaycanın o zaman barmaqla sayılacaq, əzab-əziyyətlə Tiflisə gedib oxuyan-çalışan ziyalılarının həyatı ilə yanaşı, nisgilli Azərbaycan taleyi, təhsili canlanır. Bəli, əsər o qədər ürəklə, can-dildən qələmə alınıb ki, hər sətri, hər sözü insanın öz taleyi kimi doğma və təsirli anlar yaşadır. Bəli, bu əsər Azərbaycan ziyalısının uşaqlığından gördüyü müdrik və xeyirxah insanların əhatəsi ilə inkişaf edən bir insan taleyini əks etdirir.
Tarix təkrarlanır... O zamanın xeyirxahları kimi bizim dövrün də xeyirxahları olub və olacaq... Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın saysız-hesabsız gənclərinin xaricdə təhsil alması üçün əlindən gələni etməsini bir daha xatırladım. Və yenə də Səlim kişinin oğlu Həsənə dediyi nəsihəti xatırladım...
Moskva Dövlət Universitetinin rəhbəri, rus tarixçisi S.M.Solovyovun dilindən gənc Həsənə üzünü tutub... "Bu qafqazlılar ya oxumur, oxuyanda da elə oxuyurlar ki, hamını heyrətə salırlar", yaxud da "...bu qafqazlılar elmə və hərbə maraq göstərəndə onlardan çox dəyərli mütəxəssislər çıxır. Bunlar üçün orta hədd yoxdur. Ya əla, ya da heç nə..." fikirləri və "müsəlman tələbə" ləqəbi qazanmış gənc Həsənin Qafqazı təmsil etməsi onun parlaq gələcəyindən xəbər verirdi. Bəli, müəllif M.F.Axundov, Seyid Əzim Şirvani, Məhəmməd Zövi, Ağəli bəy Naseh, Fərəc bəy Ağayev, Mirzə Hüseyn Qayıbov, Məmo bəy Məmai, Mir Möhsüm Nəvvab, Seyid Mirhəmzə Nigari kimi milli düşüncə aydınlarının birlikdə söhbətlərini, fikir-düşüncələrini oxucuya o qədər sadə və mükəmməl formada çatdırır ki, istər-istəməz oxucuda o insanlara qarşı xüsusi sevgi ilə yanaşı, acı təəssüf hissi də oyadır... Günlərin birində "Əkinçi" ərsəyə gəlir, tarixin ən gərəkli səhifəsini Həsən bəy tək yazırdı: "Hər vilayətin qəzeti gərək o vilayətin aynası olsun, amma bu aynanı əlimizdə düzgün tutmasaq, Allah bilir vilayət necə görünər", düşünürdü, çalışırdı, xeyirxah əməllərini gördüyü işlərlə göstərirdi. Milli mətbuatımızın ilki, milli maarifçiliyin mediada təməl daşı, sonralar Azərbaycan ictimai mühitinə təkrarsız nəşrlər və ictimai siyasi simalar bəxş edəcək "Əkinçi".
Kiçik Həsənin ağlı kəsəndən ailəsinin, böyüdükcə kəndinin, kəndlilərinin qeydinə qalması, Moskvada oxuyub qayıdandan sonra Tiflisdə çalışarkən laqeyd dövlət məmurlarının sadə, savadsız kəndlilərə, xüsusilə də Borçalıda yaşayan məhz çarəsiz azərbaycanlılara qarşı edilən haqsızlıqlara göz yuma bilməyib hər kəlməsində gedin övladlarınızı oxudun, savad verin ki, sizin kimi cahil və cəhalətlə yaşamasınlar deməsi Azərbaycanın milli ruhunun dirçəlişindən xəbər verirdi.
Həsən üçün sevgisindən, məhəbbətindən də önəmli onun xalqının taleyi idi və hər bir sakini özünün Məlikovlar ailəsinin doğması hesab edirdi. Tiflisdə üzləşdiyi haqsızlıqlardan sonra Bakıda başlayacağı ilk iş gününə qədər Həsənin həyəcanı bitmədi, içinin burulğanından onu "qəzet alın, qəzet alın" deyən uşaqların səsi ayırdı və bir anlıq "... Kaş ki, bu millətin ana dilində maariflənməsi üçün, oxuyub-yazması, savadlanması üçün qəzeti olaydı" arzusu keçdi könlündən... və köks ötürdü. Həsən artıq evinin, ailəsinin, kəndinin deyil, xalqının, millətinin gələcəyini düşünürdü... İnsanın xəyalları ona arzularına çatmağa köməklik edir.... Həqiqətən də, Həsənin xəyallarını gerçəkləşdirən arzuları onu Azərbaycan tarixində "işıqlı" adam kimi tarixə saldı...
Həsənin xeyriyyə cəmiyyəti yaratmaq üçün yaşadığı çətinliklər bəhrəsini verirdi və bir çox Azərbaycan ziyalısının göstərdiyi diqqət nəticəsində öz işıqlı arzularını gerçəkləşdirə bilirdi... Klassik xanım şairəmiz Natavanın "...Elm öyrənmək və öyrətmək imandandır. Xeyirxahlıq elmlə birləşəndə, Allah Özü o işə xeyir verir" fikri, İsmayıl və Kəlbalı Ehsan xan oğulları ilə yanaşı, bir çox Naxçıvan əsilzadələrinin maddi və mənəvi dəstəyi Həsənə mənəvi güc verirdi. Oxumuş bir ziyalı kimi öz vətənində fəaliyyət göstərən rus, erməni məktəbləri, xeyriyyə cəmiyyətlərinə haqlı qısqanclıq edərək, niyə mənim öz dilimdə məktəb, qəzet, xeyriyyə cəmiyyəti olmasın... düşüncələri Həsəni hər zaman narahat edirdi. Rastlaşdığı təzyiqlərə baxmayaraq, işıqlı düşüncələri ilə zamanının və zamanımızın diqqətindən kənarda qalmadı.
Həsənin yaşantıları, çəkdiyi ağrılı-əziyyətli taleyi xalqının gələcəyini, maariflənməsini düşündüyü üçün idi. Son nəfəsində də xalqın gələcəyini düşünərək həyat yoldaşı Hənifə xanıma etdiyi vəsiyyətdə "... mənə ehsan verməyin, yasa çəkiləcək xərclərin yerinə kimsəsiz uşaqların təhsil haqqını ödəyin" deyən Azərbaycan xalqının maariflənməsini, gələcək taleyini düşünən İŞIQLI ziyalısı Həsən bəy Zərdabi idi...
Yalnız bu fikirlə yaşayan, bu fikirlə addımlar atanlar İŞIQLI ola bilərlər. Çünki bu əsərdə tarixin kədəri ilə yanaşı, bir qadın işığı, bir qadın baxışı, bir qadın dünyası və nəsihəti də görünməkdədir. Əsərin ən böyük mahiyyətlərindən biri də elə budur. Demək istədiyi sözü deyə bilən, görmək istədiyi sevgini göstərə bilən və insanlara o tarixi yenidən yaşada bilən İŞIQLI qadın dünyası.
Sonda qeyd edək ki, Azərbaycan oxucusu indiyədək tarixi şəxsiyyətlərə aid bir çox əsərlərlə tanış olmaq imkanı əldə edib. Sona xanımın "İşığa gedən yol"u isə həm də kamil yaradıcılıq nümunəsi olmaqla yanaşı, ədəbiyyatımızda mühüm yeri olacaq əsərdir, eyni zamanda, oxucuya şərəfli ömrün sahibinə necə ölümsüzlük yaşatdığını təlqin edir.

Gülşən BEHBUD
"Atilla" jurnalının baş redaktoru,
AYB və AJB -nin üzvü,
Prezident təqaüdçüsü

(Yeni Azərbaycan qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm