
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Tehranda İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşüb, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
Görüşdə Azərbaycanın XİN rəhbərinin müavini Xələf
Xələfov Tehranda İranın rabitə və informasiya texnologiyaları
naziri Mahmud Vaizini Azərbaycan və İran dövlətlərarası müştərək
iqtisadi komissiyanın yeni sədri seçilməsi münasibətilə təbrik
edib.
X.Xələfov deyib ki, iki ölkə arasında əlaqələrin
inkişafı üçün lazımi potensial var: "Ümid edirik ki, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin Tehrana səfəri ilə əlaqələrimizdə
yeni səhifə açılacaq".
Görüşdə M.Vaizi bildirib ki, İran öz qonşuları,
xüsusi ilə Azərbaycanla əlaqələrin inkişafına böyük önəm
verir.
O bildirib ki, Azərbaycan və İran dövlətlərarası
müştərək iqtisadi komissiyasının yeni sədri kimi iki ölkə arasında
bütün sahələrdə əlaqələrin inkişafı üçün bütün gücü ilə
çalışacaq.