Poroşenkonun Bakı ümidi
Bizi izləyin

Nida.az

Poroşenkonun Bakı ümidi

Ukrayna prezidenti Pyotr Poroşenko dövlət başçısı seçildiyi iki ildə Azərbaycana ilk rəsmi səfərini bu gün reallaşdırır.

İki günlük səfər çərçivəsində Pyotr Poroşenko azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci iclasını keçirəcək. Səfər çərçivəsində Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Ukrayna dövlət başçısının səfərindən gözləntilər heç də birmənalı deyil.

Publika.az xəbər verir ki, "ukraina.ru" saytında Pyotr Poroşenkonun səfəri ilə bağlı yazı dərc edilib. Yazının müəllifi Aleksandr Zuyev hesab edir ki, Azərbaycan ekspertlər səviyyəsində bu səfərə ehtiyatla yanaşır. Müəllif qeyd edir ki, Qarabağ probleminin nizama salınması üzrə yaranmış ümidlər Azərbaycan hakimiyyətini və cəmiyyətini Ukrayna liderinin səfərinə ehtiyatla yanaşmağa məcbur edir.

"Moskvanı nəzərə almaq lazımdır. Azərbaycanda anlayırlar ki, Ukrayna lideri Bakıda hansısa anti-Rusiya bəyanatları səsləndirə bilər. Bu ölkənin maraqlarına ziddir", - Zuyev qeyd edib.

"Sputnik" agentliyi ilə söhbətində azərbaycanlı politoloq Fikrət Sadıqov vurğulayıb ki, Poroşenkonun səfəri Azərbaycanın çoxvektorlu siyasətinin nəticəsidir. Azərbaycanın uzun illər boyunca bu siyasəti həyata keçirdiyini və Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini deyən politoloq həmçinin qeyd edib ki, rəsmi Bakının xarici siyasət kursunda anti-Rusiya komponentləri yoxdur: "Biz Rusiya ilə sıx əməkdaşlığı və mehriban münasibətləri dəstəkləyirik. Və öz mövqeyimizi dəyişdirmirik. Kiyevin siyasi kursu başqadır və bu, onun hüququdur. Buna görə də Poroşenkonun səfərindən qətiyyən birgə anti-Rusiya bəyanatları və üçüncü dövlətlərin ünvanına hücumlar üçün istifadə edilməyəcək".

Öz növbəsində, politoloq İlqar Vəlizadə qeyd etdi ki, Poroşenkonun prezident seçilməsindən, daha dəqiq Ukraynada 2014-cü il fevral-mart hadisələrindən sonra Azərbaycan və Ukraynanın mehriban münasibətləri aşkar dəyişikliklərə məruz qalıb. Ekspert xatırladıb ki, əvvəlki prezidentlər - Kuçma, Yuşsenko və Yanukoviçin hakimiyyəti dövrlərində ölkələr Rusiya kimi üçüncü ölkələrin maraqlarını nəzərə alaraq birgə layihələri reallaşdırırdı. İndi isə əlaqələrin əvvəlki səviyyəsini bərpa etmək çətin olacaq.

"Bundan başqa, Azərbaycan özünü Qərb və Rusiya arasında istənilən qarşıdurmaya çəkmək cəhdlərindən uzaqlaşır. Bakıda qəbul edilmiş bəyanatlarda və tərəflərin planlarında heç bir anti-Rusiya konteksi olmayacaq", - Vəlizadə vurğulayıb.

Ukrayna politoloqu Aleksandr Leonov hesab edir ki, səfərin gedişatında mütləq təhlükəsizlik məsələləri, xüsusi halda, Donbas və Dağlıq Qarabağdakı vəziyyət müzakirə ediləcək.

Bir başqa Ukrayna politoloqu Valentina Voytkov də oxşar fikirdədir. Onun sözlərinə görə, bu gün Kiyev etibarlı müttəfiqlərin axtarışındadır və Azərbaycan bu dövlətlərin siyahısındadır. Ekspertin fikrincə, Bakı həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində Kiyevin köməyində maraqlıdır. Ukraynanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu xatırladan Valentina Voytkov müvafiq olaraq Kiyevin beynəlxalq gündəliyə təsirinin gücləndiyini dilə gətirib.

Bir sözlə, Poroşenkonun səfərindən gözləntilər çox və kifayət qədər müxtəlifdir. Aleksandr Zuyevin fikrincə, eyni zamanda aydındır ki, Poroşenkonun səfərində yalnız siyasət deyil, həm də iqtisadiyyat gündəmdə olacaq. Onun sözlərinə görə, Ukrayna tərəfi Azərbaycanla əməkdaşlığın genişlədilməsinə cəhd edir. Müəllif qeyd edir ki, Ukrayna tərəfi daha əvvəl Azərbaycana dörd istiqamət üzrə əməkdaşlığı inkişaf etdirməyi təklif edib.

Birinci istiqamət Ukraynanın neft emal edən zavodlarına Azərbaycan neftinin nəqlinin təmin edilməsi;

ikincisi Ukrayna üzərindən Azərbaycan neftinin Avropaya daşınması;

üçüncüsü Ukraynanın neft-qaz sektoruna Azərbaycan investisiyalarının cəlb edilməsi;

dördüncüsü isə Baltik dənizi-Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılması ilə bağlıdır.

Bundan başqa, Poroşenko Bakıda həmçinin GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır –red.) çərçivəsində əməkdaşlığın aktivləşdirilməsini müzakirə etmək niyyətindədir. Ukrayna daha əvvəl GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təklif hər şeydən əvvəl olunla bağlıdır ki, Moskva Mərkəzi Asiya və Çinə Ukrayna mallarının tranzitini bloklayıb.

Xatırladaq ki, Ukrayna Mərkəzi Asiyaya ixrac etdiyi məhsulların 90 faizini Rusiya üzərindən göndərirdi. Azərbaycana ixracın isə 53 faizi Rusiya vasitəsilə həyata keçirilir. Kiyev yaranmış mürəkkəb vəziyyətdən çıxış yollarını tapmağa çalışır. Aleksandr Zuyevin fikrincə, Kiyev əmindir ki, GUAM formatının aktivləşməsi bu məsələdə yaxşı kömək ola bilər. O, qeyd edir ki, əgər Bakı azad iqtisadi zonanın yaradılması ilə razılaşarsa, dörd ölkə arasında əməkdaşlıq genişlənəcək.

Ancaq Ukrayna politoloqu İqor Lesev "Sputnik" agentliyinin əməkdaşı ilə söhbətində kifayət qədər maraqlı fikirlər səsləndirib. O, hesab edir ki, Poroşenkonun səfəri nə Ukrayna, nə də Azərbaycan üçün heç bir xüsusi əhəmiyyət daşımır. Onun fikrincə, əsas çağırış Rusiyadır.

"Ukrayna hakimiyyəti səmimiyyətlə güman edir ki, Dağlıq Qarabağ problemi Azərbaycanı rusofob ölkələrin (Polşa və Baltikyanı ölkələri) yanına çəkməyə imkan verəcək. Amma Azərbaycan siyasəti bu planda daha konstruktivdir. Bakıdan ortamüddətli perspektivdə kəskin anti-Rusiya bəyanatlarını dəqiq izləməyəcəyik", - o, vurğulayıb.

Ekspertin sözlərinə görə, Poroşenko Bakıya transxəzər dəhlizinin yaradılması və GUAM-ın dirçəldilməsi təklifləri ilə gedir. Lakin İqor Lesev bu layihələrin gələcəyi ilə bağlı nikbin deyil. Lesev qeyd edib ki, müəyyən mənada AN-178 təyyarələri birgə layihəyə maraq ola bilər. O, həmçinin qeyd edir ki, bu təyyarənin seriya buraxılışı haqqında danışmaq hələ tezdir.

Politoloqun fikrincə, səfərin ən perspektivli məsələsi Azərbaycan neftinin Avropaya nəqli üçün razılığın alınmasıdır: "Amma yenə də bu bütöv tədbirlər kompleksidir və ikitərəfli münasibətlərin çərçivəsindən kənara çıxır. Ukraynanın arzuları daha böyükdür, amma Azərbaycan artıq Avropa bazarına neftin nəqli yollarını müstəqil seçir. Bu, Rusiya və Türkiyə vasitəsilə ola bilər. Vacib deyil ki, neft məhz Odessaya aparılsın. Bu, Rumıniya və ya Bolqarıstanın limanları da ola bilər".

Aleksandr Zuyev sonda qeyd edib ki, Poroşenkonun səfəri Azərbaycan-Ukrayna münasibətlərində tamamilə yeni səhifəni aça bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm