• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

14 iyul 1969-cu il – milli tariximizin unudulmaz günü

  • Nida.az
  • 14 İyul 2016 00:01
  • 933 Baxış
14 iyul 1969-cu il – milli tariximizin unudulmaz günü

Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır. 44 il əvvəl başlanan həmin yol ulu öndərin xalq işinə sədaqəti, milli maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdır.

1969-cu ildən Azərbaycana rəhbərlik edən Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkətini nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıtmış, milli varlığımızı beynəlxalq aləmə nümayiş etdirmişdir. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılmışdır.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər 2 dövründə, Kremldə çalışdığı illərdə öz xalqına ləyaqətlə xidmət etmək nümunəsi və yüksək təşkilatçılıq qabiliyyəti göstərmişdir. Lakin onun böyük təşkilatçı, siyasi lider və dövlət xadimi olması, xalqı öz ətrafında birləşdirmək sahəsində fitri istedadı məhz Azərbaycan KP MK-nın rəhbəri olduğu 70-80-ci illərdə özünü bütün aydınlığı ilə göstərmişdir. O illərdə bu böyük insan ardıcıl olaraq respublikamızın sürətli sosial-iqtisadi inkişafı, xüsusilə də iqtisadiyyatın səmərəli yerləşdirilməsi siyasətini yeritmiş, şəhər və kəndlərin inkişafına böyük qayğı göstərmişdir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin iqtisadi siyasətinin ana xəttini qeyri-neft sektorunun çoxşaxəli, sürətli və səmərəli inkişafı təşkil etmiş, eyni zamanda, həmin sahələrə aid müəssisələr, əsasən, perspektivli kiçik və orta şəhərlərdə yerləşdirilmişdir. Məlumdur ki, qeyri-neft sektorunun çoxşaxəli, səmərəli inkişaf etdirilməsi, emal sənayesinə aid müəssisələrin kiçik və orta şəhərlərdə yerləşdirilməsi müasir dövrdə respublikamızda iqtisadi siyasətin prioritet istiqamətini təşkil edir. Odur ki, ümummilli liderimizin 70-80-ci illərdəki iqtisadi siyasətinin, bu siyasəti reallaşdırmaq üçün istifadə etdiyi üsul və vasitələrin öyrənilməsi həm nəzəri-metodoloji, həm də praktiki baxımdan mühüm əhəmiyyət kəsb edir.

1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxt respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyətində idi. Əvvəlki illərdə öz nefti ilə SSRİ iqtisadiyyatında liderliyə malik olmuş Azərbaycan bu mövqeyini itirdikdən sonra SSRİ hökumətinin diqqətindən kənarda qalmışdı. İqtisadiyyatın digər sahələrinin (qeyri-neft sektorunun) inkişafına keçid lazımi səviyyədə və sürətlə təmin edilmədiyindən onun bütün sahələrində inkişaf kəskin surətdə aşağı düşmüşdü. Sənayenin strukturunda enerji, fond və xammal tutumlu sahələr üstünlük təşkil etdiyindən və texniki bazası köhnə olduğundan səmərəliliyi aşağı idi.

Nəticədə Azərbaycan milli gəlirin artım sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin orta göstəricisindən (1960-cı ilə nisbətən 1970-ci ildə SSRİ-də milli gəlir 2 dəfə, müttəfiq respublikaların bir çoxunda 2,2-dən 2,4 dəfəyə qədər, Azərbaycanda isə, 1,6 dəfə artmışdır) geri qalır, bu göstəricilərə görə müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. İqtisadiyyatın əsas sahələri olan sənaye və kənd təsərrüfatında bu gerilik özünü daha qabarıq surətdə göstərirdi. 1960-1969-cu illərdə respublikada ümumi sənaye məhsulu 78 faiz artmışdı və bu göstəriciyə görə müttəfiq respublikalar arasında axırıncı yer tuturdu. 1966-1969-cu illərdə bu gerilik daha da artmışdı (bu müddətdə sənaye məhsulu SSRİ-də orta hesabla 39 faiz, Azərbaycanda 26 faiz artmışdı).

Azərbaycanın bəzi iqtisadi rayonlarında 60-cı illərin birinci yarısında sənayenin inkişafı demək olar ki, dayanmışdı. Misal üçün, 1960-cı ilə nisbətən 1965-ci ildə SSRİ-də sənaye məhsulu 65 faiz, Azərbaycanda 41 faiz, Naxçıvan MR-də isə cəmi 8 faiz artmışdı. SSRİ rəhbərliyinin o vaxt etiraf etdiyi kimi, bu göstərici müttəfiq və muxtar milli dövlət qurumları arasında ən aşağı göstərici idi. Respublikamızda bir çox ittifaq əhəmiyyətli müəssisələrin vaxtında tikilib istifadəyə verilməməsi, ildən-ilə keçirilməsi adət halını almışdı. Şirvan (Əli Bayramlı) şəhərindəki Avropada ilk və ən böyük açıq tipli istilik elektrik stansiyası, pambıq çiyidindən yağ çəkmə zavodu, Gəncə alüminium zavodu və i.a. bunlara misal ola bilər.

Kənd təsərrüfatında gerilik daha çox özünü göstərirdi. Taxıl, pambıq, üzüm, kartof, bostan-tərəvəz məhsulları istehsalında məhsuldarlıq müttəfiq respublikaların çoxundan geri qalırdı. Bir çox əsas kənd təsərrüfatı məhsulunun istehsal həcmi, həm də məhsuldarlıq 1969-cu ildə 1960-cı ilə nisbətən azalmışdı. Məhsuldarlıq - taxıl istehsalında 10,4 sentnerdən 9,5 sentnerə, pambıq 16,6-dan 15,1 sentnerə, cəmi pambıq istehsalı 366 min tondan 299 min tona düşmüşdü. İstehsal olunan məhsulların keyfiyyəti aşağı idi.

Məhsuldar qüvvələrin yerləşməsinin yaxşılaşması sahəsində xeyli müvəffəqiyyət qazanılmasına baxmayaraq regionların əksəriyyətində sənayenin nisbətən sürətli inkişafı kifayət qədər təmin edilmirdi. Nəticədə, Abşeron iqtisadi rayonunun respublika sənaye məhsulu istehsalında xüsusi çəkisi 55 il ərzində cəmi 18,6 faiz azalaraq 1913-cü ildəki 91,4 faizdən 72,8 faizə düşmüşdü. Bakı şəhəri sənaye məhsulunun ərazi təmərküzləşməsinə görə dünyada nadir şəhərlərdən biri olaraq qalırdı. Neft sənayesi sənayeyə kapital qoyuluşunun əsas hissəsini özünə cəlb etməklə iqtisadiyyatın digər sahələrində maliyyə çatışmamazlığı yaradır, nəticə etibarı ilə qeyri-neft sektorunun inkişafını ləngidən amillərdən birinə çevrilmişdi. Neft maşınqayırması və neft emalı zavodlarının maddi-texniki bazası köhnə idi, 30-40-cı illərdən qalmış texnologiya əsasında işləyirdi. Neftin emalından sayca nisbətən az məhsullar alınırdı və keyfiyyəti aşağı idi. Neftayırma qurğuları fiziki və mənəvi cəhətdən köhnəlmişdi, açıq rəngli neft məhsulları istehsalı az, keyfiyyəti aşağı idi.

Beləliklə, respublikanın SSRİ iqtisadiyyatında mövqeyi itirilmişdi. Əmək intizamı zəifləmiş, dövlət plan tapşırıqlarının yerinə yetirilməsi qarşısında məsuliyyət hissi azalmışdı. İnzibati rayonlarda və kəndlərdə işsizlik artmaqda idi. Respublikada istehsalın sürətli və səmərəli inkişafı üçün böyük imkanların olmasına əhalinin inamı azalmışdı.

Yaranmış sosial-iqtisadi durum Heydər Əliyevin təşəbbüsü ilə və rəhbərliyi altında qısa müddətdə dərindən, hərtərəfli təhlil olundu. Respublikanın imkanlarını və mənafeyini nəzərə almaqla geriliyin səbəbləri aşkara çıxarıldı. Onların aradan qaldırılması, iqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün əvvəlki dövrlərdə olduğundan tamamilə fərqlənən, prinsip etibarilə yeni inkişaf strategiyası və müvafiq proqramlar işlənib hazırlandı və mərhələ-mərhələ yerinə yetirilməsi yolları müəyyənləşdirildi.

Aparılan təhlil göstərir ki, 1970-1985-ci illərdə qarşıya qoyulan vəzifələrin xarakteri baxımından iki mərhələ bir-birindən xeyli fərqlənir:

1970-1975-ci illəri əhatə edən birinci mərhələdə iqtisadiyyatın bütün sahələrində mövcud potensialı hərəkətə gətirmək və ondan səmərəli istifadə etməklə məhsul istehsalının artım sürətindəki geriliyi aradan qaldırmaq və bütövlükdə sosial-iqtisadi inkişafı sürətləndirmək vəzifəsi qarşıya qoyuldu.

1976-1985-ci illəri əhatə edən ikinci mərhələdə iqtisadiyyatın bütün sahələrini səmərəli və kompleks inkişaf etdirmək, strukturunda Azərbaycanın ittifaq əmək bölgüsündə geniş iştirakını təmin edəcək sahələrin və ya bütövlükdə iqtisadiyyatın inkişafına müsbət təsir edən mütərəqqi sahələrin üstün inkişafı istiqamətində dəyişikliklər edilməsi, neft maşınqayırması və neft emalının yeni texniki baza üzərinə keçirilməsi və istehsal olunan məhsulun keyfiyyətinin yüksəlməsi strateji vəzifəsi qarşıya qoyuldu.

Əmək intizamının möhkəmlənməsi, dövlət plan tapşırıqlarının yerinə yetirilməsinin vacibliyi, bunun üçün məsuliyyət hissinin artırılması, elmi-tədqiqat işlərinin, xüsusilə Respublika Elmlər Akademiyası alimlərinin əməyinin təşkilinin təkmilləşməsi və sanballı, elmi cəhətdən əsaslandırılmış təkliflərindən istifadə olunması, məhsulun keyfiyyətinin yüksəlməsi üçün tədbirlər görülməsi məsələləri ön plana çəkilirdi. Heydər Əliyev tez-tez rayonlara səfərlər edir, müşavirələr keçirir, məsləhətləşir, iqtisadiyyatın inkişafına, dövlət plan tapşırıqlarının yerinə yetirilməsinə mane olan səbəbləri aşkara çıxarır və onların vaxtında aradan qaldırılması üçün tədbirlər görürdü.

Qarşıda duran strateji vəzifələrin yerinə yetirilməsinə etibarlı təşkilati və maliyyə təminatı yaratmaq üçün Heydər Əliyevin təkidli təşəbbüsü və tələbilə Azərbaycan hökuməti SSRİ hökumətinə dəfələrlə və təkliflərlə müraciət etmişdir. Azərbaycan rəhbəri Heydər Əliyevin təkidi və təşəbbüsü ilə SSRİ hökuməti respublika xalq təsərrüfatının bütövlükdə və onun ayrı-ayrı sahələrinin inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdir. Bu qərarlarda Azərbaycan xalq təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafının bütün əsas məsələləri öz əksini tapırdı. Eyni zamanda bu məsələlərin həlli üçün ittifaq hökuməti tərəfindən əlavə vəsait ayrılırdı.

Heydər Əliyevin təşəbbüsü və böyük məqsədyönlü fəaliyyəti nəticəsində Sov. İKP MK "1976-1980-ci illərdə və sonrakı dövrdə respublikada sənayenin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi nəticəsi barəsində" qərarında Azərbaycan sənayesinin inkişafı üçün ayrılan əsaslı vəsait qoyuluşu və maddi-texniki təchizatın miqdarı onuncu beşillikdə planda nəzərdə tutulduğuna nisbətən böyük məbləğdə artırılmışdı.

sektoruna yönəldilən vəsaiti artırmağa və onu daha sürətlə inkişaf etdirməyə, digər tərəfdən neft sənayesinin özündə respublika iqtisadiyyatının mənafeyini nəzərə almaqla əsaslı tədbirlər həyata keçirməyə imkan verirdi.

Heydər Əliyevin yorulmaz, fasiləsiz və məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi tədbirlər, onun təşəbbüsü və təkidi ilə mərkəzi hökumət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1970-1985-ci illər cəmiyyət həyatının bütün sahələrində (iqtisadi, mədəni, sosial, siyasi) yüksəliş və tərəqqi illəri oldu. Azərbaycan iqtisadiyyatı bütün öz varlığı tarixində ən yüksək inkişaf səviyyəsinə çatdı. Başlıcası isə Azərbaycan ittifaq əmək bölgüsündə öz layiqli yerini tutdu. Elektrik enerjisi, neft-mədən avadanlıqları, kimya sənayesinin bir çox məhsulları, üzüm şərabı, meyvə-tərəvəz konservi, pambıq mahlıcı, ipək sap, yaşıl çay, xalça və xalça məmulatları, mineral sular, fermentləşmiş tütün və i.a. istehsalına görə keçmiş ittifaq əmək bölgüsündə mühüm yer tuturdu. Respublikada iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf etdirildi, artım sürətinə görə o, SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxdı.

1970-1982-ci illərdə respublikamızın iqtisadiyyatının inkişaf etməsinə əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox əsaslı vəsait qoyulmuşdu, o cümlədən 213 yeni sənaye müəssisəsi istismara verilmişdi. Bakıda məişət kondisionerləri zavodu, "Ozon" Elm-İstehsalat Birliyi, elektron-hesablama maşınları zavodu, dərin özüllər zavodu, tikiş və Ayaqqabı fabrikləri, Şirvanda (Əli Bayramlıda) məişət cihazları zavodu, Sumqayıt kompressor zavodu, üst trikotaj fabriki, Gəncə əlvan metal emalı zavodu, Naxçıvan şüşə qablar zavodu, Mingəçevirdə Azərbaycan DRES, Yevlaxda yunun ilkin emalı fabriki və digər şəhərlərdə tikilən onlarla iri sənaye müəssisələri, elektrotexnika, cihazqayırma, radiotexnika zavodları, pambıqtəmizləmə, çay emalı müəssisələri, şərabçılıq və meyvə-tərəvəz konserv istehsalı zavodları məhz Heydər Əliyevin müntəzəm apardığı təşkilatçılıq işinin məhsulu idi.

1970-75-ci illərdə respublikamızda məcmuu məhsul 44 faiz, milli gəlir 39 faiz, sənaye məhsulu 50 faiz, kənd təsərrüfatı məhsulu 34 faiz artmışdı. 1970-1982-ci illərdə Azərbaycan hər il müttəfiq respublikalar arasında sosializm yarışının qalibi olmuşdur. Sənayedə əmək məhsuldarlığının yüksəlməsi, istehsalın səmərəliliyinin artması üçün onun texniki tərəqqinin istiqamətlərini müəyyən edən maşınqayırma, elektrotexnika, kimya, elektroenergetika kimi sahələri daha sürətlə inkişaf etdirilirdi. Digər tərəfdən, sənayedə yeni texnika və texnologiyanın tətbiqinə dövlət tərəfindən xüsusi qayğı göstərilirdi.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə 581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və i.a. yaradılmışdır.

Sənaye məhsulu 2,7 dəfə, sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmışdı. 1970-ci ildən başlayaraq Azərbaycan sənaye məhsulunun artım sürətinə görə müttəfiq respublikalar arasında ən qabaqcıl mövqeyə çıxmışdı. Belə ki, 1970-ci ilə nisbətən 1985-ci ildə Respublikanın sənaye məhsulu 2,9 dəfə artmışdı ki, bu da SSRİ-nin müvafiq orta göstəricisindən (2,14) və Belarusiya qismən müstəsna olmaqla (3,0 dəfə) bütün digər respublikaların göstəricilərindən yüksək idi.

Respublikada kənd təsərrüfatı və onun xam malını emal edən sahələr böyük sürətlə inkişaf edirdi. 1970-1982-ci illərdə kənd təsərrüfatı məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə artmışdı. Pambıq, meyvə, tərəvəz istehsalı iki dəfədən, üzüm, tütün, barama, yaşıl çay yarpağı istehsalı 2-5 dəfə artmışdı. Üzüm istehsalı 1969-cu ildəki 272 min tondan 1980-ci ildə 1481 min tona, (1984-cü ildə 2126 min tona), pambıq istehsalı müvafiq olaraq 299 min tondan 831,2 min tona, tərəvəz 410 min tondan 850 min tona çatmışdı.

Bu kənd təsərrüfatı məhsulları istehsalı sahəsində Azərbaycan müttəfiq respublikalar arasında qabaqcıl mövqeyə malik oldu, o cümlədən üzüm və müxtəlif növ şərab istehsalına görə müttəfiq respublikalar arasında birinci yeri tuturdu.

Bütün bunlar inkişafın ümumiləşdirilmiş göstəricisi olan milli gəlirin sürətlə artmasına səbəb oldu.

1970-1982-ci illərdə milli gəlir 2,5 dəfə, adambaşına isə 2 dəfə artmışdı. Bu göstəriciyə görə Azərbaycan müttəfiq respublikalar arasında qabaqcıl mövqe tuturdu. Bütün bunların nəticəsi idi ki, Rusiya ilə yanaşı, Azərbaycan da ittifaq büdcəsindən dotasiya almadan öz iqtisadiyyatını sürətlə və mənfəətlə inkişaf etdirirdi.

O illərdə Heydər Əliyevin qayğısı ilə regional mədəni-iqtisadi mərkəz xarakterli şəhərlərin üstün inkişafı əmək ehtiyatlarından istifadənin regional problemlərinin həllində, kəndin əmək qabiliyyətli əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdı. Belə bir fakt maraqlıdır ki, 1985-ci ildə Naxçıvan MR-də sənayedə işləyənlərin 47,1 faizi, tikintidə işləyənlərin 71 faizi, Ağdam şəhərində müvafiq olaraq 80 və 87 faiz, Şirvan şəhəri sənayesində işləyənlərin 30,6 faizi kənddə yaşayanlar idi. Bu proses kənd əhalisinin işlə təminatında və Bakı şəhərinə işçi qüvvəsi axıcılığının azaldılması və qarşısının alınmasında müstəsna rol oynayırdı.

1970-1985-ci illərdə Heydər Əliyev iqtisadi siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafında əldə olunmuş nailiyyətlər, toplanmış istehsal potensialı və təcrübə müstəqillik illərində respublika iqtisadiyyatının inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynamışdır və yenə oynayır. Bu baxımdan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (1970-1985-ci illər) iqtisadiyyatın, elmin, mədəniyyətin, təhsilin inkişafı sahəsində nailiyyətlər olmasaydı Azərbaycan müstəqilliyin birinci 5-6 ilində üzləşdiyi ağır vəziyyətdən çıxa bilməzdi.

Sovet İttifaqı dövründə müttəfiq respublikalar vahid dövlətin daxili tərkib hissələri idilər. Onların iqtisadiyyatının bütün sahələri bir-biriylə qarşılıqlı əlaqədə işləyir və bütövlükdə, ölkə təsərrüfatının və əhalinin tələbatının ödənilməsində iştirak edirdilər. İttifaq dağılandan, qarşılıqlı əlaqələr kəsiləndən sonra hər bir respublika özünün tələbatını öz imkanları hesabına ödəməyə başladı. Məhz belə şəraitdə Heydər Əliyevin rəhbərliyi altında 70-80-ci illərdə yaranmış istehsal və infrastruktur sahələrin, xüsusilə onun respublika və region əhəmiyyətli sahələri gənc müstəqil dövlətimizin tələbatının az-çox ödənilməsində müstəsna rol oynayırdı.

Bununla yanaşı, 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında yaranmış istehsal potensialı bir çox digər cəhətdən də müstəqillik dövründə mühüm əhəmiyyət kəsb etdi.

Əvvəla, məhz Heydər Əliyevin rəhbərliyi altında respublikamızın tarixində ilk dəfə olaraq onun iqtisadiyyatının hərtərəfli və yüksək inkişafı üçün çox böyük istehsal potensialına malik olduğu aşkara çıxdı. Təsadüfi deyil ki, SSRİ-nin dağılması ərəfəsində müstəqil yaşamaq, öz-özünü yaşatmaq imkanı olması baxımından Azərbaycan RSFSR və Ukrayna ilə yanaşı tutulurdu. Eyni zamanda, o zaman aşkara çıxarılmış həmin potensialla tanışlıq bu gün də hər kəsdə Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün böyük imkanlar olduğuna əminlik yaradır.

İkincisi, 1970-1985-ci illərdə yaranmış istehsal potensialı 80-ci illərin ortalarından başlayaraq təqribən 10 il ərzində xeyli dağılmasına, zəifləməsinə baxmayaraq müstəqillik illərində, xüsusilə hazırkı dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin, fasiləsiz artan və genişlənən xarici iqtisadi əlaqələrinin təmin olunmasında mühüm rol oynamış və yenə oynayır. O zaman inkişaf etmiş və ittifaq əmək bölgüsündə mühüm yer tutmuş sahələr (metallurgiya, neft maşınqayırması, bir çox kimya məhsulları, üzüm şərabı, meyvə-tərəvəz konservləri, pambıq mahlıcı və i.a.) hazırda və yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafının və ərazi təşkilinin təkmilləşməsinin əsas istiqamətlərini təşkil edəcəkdir.

Üçüncüsü, Heydər Əliyevin dəstəyilə o zaman xaricdə təhsil alan tələbələrin bir hissəsi hazırda xarici ölkələrdə müxtəlif müəssisə və təşkilatlarda müvəffəqiyyətlə işləyirlər, yaxud Azərbaycanda işləyir, təhsil aldığı ölkələrlə mədəni-iqtisadi əlaqələr qururlar. Beləliklə, həmin ixtisaslı kadrlar Azərbaycanın xarici ölkələrlə inteqrasiyasında, Azərbaycan həqiqətlərinin xarici ölkələrə yayılmasında, xaricdə Azərbaycan diasporunun formalaşması və sahibkarlığın inkişafında mühüm rol oynayırlar.

Dördüncüsü, 1970-1985-ci illərdə iqtisadiyyatın və bütövlükdə ölkənin idarəedilməsi sahəsində indi getdikcə genişlənən və özünə yeni-yeni tərəfdarlar, əməkdaşlar cəlb edən "Heydər Əliyev idarəetmə məktəbi" yarandı. Bu məktəb xalqını, vətənini hədsiz dərəcədə sevmək, ona təmənnasız xidmət etmək istəyi, tələbkarlıq və məsuliyyət hissi üzərində qurulmuşdur. Bu məktəbdə yetişmiş, zəngin təcrübə toplamış kadrlar hazırda dövlət idarəçiliyi sahəsində ümummilli lider Heydər Əliyevin kursunu müvəffəqiyyətlə davam və inkişaf etdirirlər.

Nəhayət, 1970-1985-ci illərdə Heydər Əliyevin xırda və orta şəhərlərin üstün sürətlə inkişafı, regional mədəni-iqtisadi mərkəz xarakterli şəhərlərin ətraf ərazilərin əmək ehtiyatlarından istifadədə rolunun artırılması siyasəti, bu sahədə toplanmış təcrübə son illər Azərbaycan Prezidenti İlham Əliyevin regional siyasətində müvəffəqiyyətlə və yeni formalarda həyata keçirilir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR